Mustafa
Ercan: İlk Avropa Oyunlarının möhtəşəmliyi hələ
uzun illər idmançılara müsbət
emosiyalar bəxş edəcək
“Bakı-2015” ilk Avropa Oyunları Türkiyə samboçularının iştirak etdikləri birinci beynəlxalq idman yarışı kimi yaddaşımıza yazıldı. Bu Oyunların yüksək standartlara uyğun şəkildə keçirilməsi bizim üçün yeni qapılar açacaq.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyənin “Sport-Combat” Sambo Federasiyasının (TCSF) prezidenti Mustafa Ercan bildirib. O deyib ki, Avropa Oyunlarının uğurla başa çatması, o cümlədən möhtəşəm açılış və bağlanış mərasimləri beynəlxalq idman ictimaiyyəti tərəfindən əsl bayram kimi qarşılandı. “Bakı-2015” ilk Avropa Oyunlarının möhtəşəmliyi hələ uzun illər idmançılara müsbət emosiyalar bəxş edəcək.
Mustafa Ercan deyib: “İlk Avropa Oyunlarının yüksək peşəkarlıqla keçirilməsi Türkiyənin idman ictimaiyyətində gələcək uğurlara daha böyük inam yaradıb. Bu Oyunlarda təmsil olunmağımız və əldə etdiyimiz təcrübə federasiyamız üçün böyük qələbələr şansı yaradıb. Azərbaycan xalqının dünya idman tarixinə belə şanlı səhifə yazması türkiyəli idmançılar üçün qürur mənbəyidir. Bu möhtəşəm tədbir, eyni zamanda, Azərbaycanın dünyada hərtərəfli təbliğinə imkan yaratdı”.
Azərbaycan.- 2015.- 9 iyul.- S. 6.