Slovakiyalı idmançılar Zuzana Rexak-Stefeçekova və Erik Varqa birinci Avropa Oyunlarının təşkilatçılıq
səviyyəsinə heyran
qalıblar
Birinci Avropa Oyunlarında qızıl medallar qazanan slovakiyalı güllə atıcıları Zuzana Rexak-Stefeçekova və Erik Varqa bu genişmiqyaslı idman tədbirinin təşkilatçılıq səviyyəsinə heyran qaldıqlarını bildiriblər.
Z.Rexak-Stefeçekova AZƏRTAC-a müsahibəsində deyib: “Mənim üçün bu Oyunlar növbəti zirvələrə aparan yolda mühüm mərhələ oldu. Xoşbəxtəm ki, bu mərhələni keçdim”.
Erik Varqa isə Oyunların təşkilatçılarını, xüsusən, keyfiyyətli işinə, kömək etməyə hazır olmasına və qayğıkeşliyinə görə könüllüləri tərifləyib. O deyib: “Oyunların açılış və bağlanış mərasimləri çoxları üçün unudulmaz oldu. Qeyri-adi şou idi”.
İdmançıların hər ikisi Atletlər Kəndində yaşayış şəraitindən məmnun qaldıqlarını bildirdilər. E.Varqa deyib: “Yemək, otaqlar, hovuzlar, nəqliyyat təminatı, bir sözlə hər şey mükəmməl idi. Belə şəraitdə mübarizə aparmaq insana zövq verir”. Onu dəstəkləyən Zuzana qeyd edib ki, idman arenaları əzəmətli idi. Bakıdakı uğurunu Rio-de-Janeyro Olimpiadasında möhkəmləndirmək əzmində olduğunu bildirən idmançı deyib: “Özümüzü sanki Olimpiya Oyunlarında hiss edirdik”.
Azərbaycan.- 2015.- 9 iyul.- S. 6.