Milli Məclisin sədr
müavini ermənilərin
girov götürdükləri
azərbaycanlılara qarşı
işgəncələrindən danışıb
ATƏT Parlament Assambleyasının yay sessiyasında Milli Məclis sədrinin müavini, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışaraq parlamentarilərin diqqətini onların məruz qaldıqları işgəncələrə yönəldib.
Milli Məclisin sədr müavini deyib ki, öz yaxınlarının məzarlarını ziyarət etmək istəyərkən ermənilər tərəfindən girov götürülmüş mülki azərbaycanlılar D.Əsgərov və Ş.Quliyev hazırda qeyri-insani şəraitdə saxlanılırlar. Onlar amansız mənəvi və fiziki əzab-əziyyətlərə məruz qalırlar. Fotolardan və videokadrlardan görünür ki, ermənilərin verdikləri işgəncələr nəticəsində hər iki girov tanınmaz hala düşüb. Onların həyatları təhlükədədir.
Bahar Muradova D.Əsgərovun və Ş.Quliyevin girov götürülməsini Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı dözümsüzlük siyasəti aparmasının göstəricisi kimi dəyərləndirib. O, ATƏT-in fəaliyyətdə olan sədrinin girovların tezliklə azad edilməsi üçün dərhal və təsirli tədbirlər görəcəyinə ümid etdiyini bildirib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 10 iyul.- S. 3.