Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri
müzakirə olunub
Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 9-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran ilə görüşüb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə, həmçinin BQXK ilə Azərbaycan Hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb. Bu qurumun cəbhə xətti boyunca həyata keçirdiyi layihələr, onların icra mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirən Deniz Duran bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsinin qərarı” ilə barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev və onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb. İşğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına hörmətsizlik, onların kobud şəkildə pozulması və ciddi özbaşınalıq kimi dəyərləndirilib.
Azərbaycan.- 2015.- 10 iyul.- S. 4.