Bakıda “Dövlət idarəçiliyi
islahatları müddətində
potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir
İyulun 9-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşəbbüsü ilə “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki günlük konfransda 25 ölkənin dövlət qulluğu sahəsində ixtisaslaşmış qurumlarının və təlim mərkəzlərinin rəhbər vəzifəli şəxsləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının nümayəndələri, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı ofislərinin rəhbərləri və əməkdaşları iştirak edirlər.
Tədbir “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsi çərçivəsində keçirilir. Məqsəd dövlət idarəçiliyi sistemində aparılan islahatlar nəticəsində dövlət qulluqçularının peşəkarlığının artırılması sahəsində əldə olunan təcrübənin mübadilə edilməsidir.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, Azərbaycan dövlət quruculuğu sahəsində islahatlara böyük önəm verir. Bu gün bu sahədə mövcud təcrübələrlə tanış olacaq, mübadilələr aparacağıq. Komissiya sədri qeyd edib ki, Azərbaycanda dövlət qulluğu sahəsində neqativ halların qarşısı alınıb və artıq şəffaflıq təmin edilib. Biz, eyni zamanda, 2014-cü ildən etibarən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparırıq. Burada müəyyən problemlər var. Belə görüşlər həm bizim üçün, həm də qonaqlarımız üçün çox faydalı olacaq.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq sektorunun rəhbəri Jeroen Villems və başqaları çıxış edərək konfransın mövzusunun aktuallığından danışıb, müvafiq təkliflər irəli sürüblər.
Jeroen Villems Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluqçularının bilik və təcrübələrinin inkişaf etdirilməsində mühüm rola malik ola biləcəyini diqqətə çatdırıb. Bildirib ki, dövlət qulluğu sahəsində bizim spesifik qanunlarımız yoxdur. Bu sahədə olan daxili qaydalar qurum tərəfindən idarə edilir. Biz qanunları icra edərkən bu prinsiplərlə yanaşı, uyğun praktikaya yaxın sistemin qurulmasında da maraqlıyıq. Dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb etməlidir. Avropa İttifaqı 2000-ci illərin əvvəllərindən Azərbaycana bu sahədə dəstəyini göstərməyə başlayıb.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın uzun illər ərzində səmərəli şəkildə inkişaf etdiyini deyən J.Villiems vurğulayıb ki, təşkilat hazırda öz qonşuluq siyasətini yeniləməkdədir.
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə qanunvericilik sahəsində yüksək səviyyəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Səfir vurğulayıb ki, bu konfransda çoxsaylı dövlət qulluqçuları iştirak edir. Biz müsbət hədəfləri tapmağa çalışmalıyıq.
Sonra tədbir “Dövlət qulluqçularının potensialının inkişafına qoyulan investisiyaların geri qaytarılması” və “Dövlət idarəçilik islahatları nəticəsində dövlət qulluğunda mədəni dəyişikliklər” mövzularında plenar sessiyalarla davam etdirilib.
Konfransın ikinci günündə “Regional platformalar dövlət qulluqçularının potensialının artırılmasında alət kimi” və “Dövlət idarəçiliyi islahatları çərçivəsində dövlət qulluğu üzrə təlim mərkəzlərinin yaradılması mövzularında təqdimatlar olacaq, müzakirələr aparılacaq.
Azərbaycan.- 2015.- 10 iyul.- S. 4.