I
Avropa Oyunlarına əyalətdən baxış
Özümüzü
dünyaya tanıtdıq və dünyanı da tanıdıq
I Avropa Oyunlarının möhtəşəm təntənəsini yaşayan paytaxtı bir qədər uzaqdan və ucalıqlardan seyr etmək üçün dağlara yola düşürük. Gecə yollarının mənzərəsi bir qədər bədii film təsiri bağışlayır. Sirli bir süjet xəttinin qəhrəmanı kimi səni qarşıda gözləyən əfsanələrin yolçusuna çevrilirsən. Şamaxını ötürük, Pirqulu rəsədxanasını keçib, dəmir məftillərdən toxunmuş çəpər boyu irəliləyirik və nəhayət, “Azərekov” MMC-nin qoruğunun ərazisinə daxil oluruq. Maşın durmadan yoxuşa qalxır, yorulub qaranlığa dirənərək dayanır. Yerə düşürük. Səmaların dərinliyində ağ buludların arası ilə üzüb keçən ayı dövrəyə alan ulduzlar həzin-həzin pıçıldaşaraq sayrışır. Aşağıda isə bütün gözəlliyi və əzəməti gecənin qaranlığında əriyib itən dağlar yerlə göyün arasında sübhə sarı gedən yorğun dəvə karvanının siluetini xatırladır.
Bakı küləyi isti, dağların mehi isə sərin olur, hətta bir qədər də üşüdür. Gözlənilmədən hiss edirsən ki, içində bir nigarançılıq baş qaldırır, nəsə çatmır, ruhun narahatdır. Guruldayan, atəşfəşanlıqla alışan səs-küylü paytaxtdan qopub ayrıldığın üçün qəfildən səni ağuşuna alan bakirə təbiətin lal sükutu bütün varlığına hakim kəsilir. Kainatın qaranlıq tavanında bərq vuran uzaq ulduzların himayəsində ana təbiətin bir parçasına çevrilirsən. Tədricən kiriyirsən, özünlə kainat və ayağının altındakı torpaq arasında bir harmoniya hiss edirsən. Şəhərin sərt və çərçivələrlə məhdudlaşan yaşam tərzindən azadlığa çıxırsan, ruhun ulduzlara sarı qanadlanır.
Gecənin sakitliyi həzin bir yuxu gətirir. Dalğa-dalğa üstünə gələn mürgülər səni yatağa qovur. Başa düşürsən ki, yatmaqdan savayı yolun yoxdur.
“Azərekov” MMC-nin direktoru Tofiq Həsənov öz yerini bizə verir:
- Siz burada ofisdə qalın, dincəlin. Biz də yuxarıdakı balaca “budka”mızda qurd balaları ilə yatarıq. Bir-iki həftənin küçükləridir. Analarını ovçular vurub, balaları naşı əlində tələf olacaqdı. Ona görə də yazığım gəldi, əhvalatı eşidəndən sonra axtardım, tapdım. 4 qurd balasını götürüb bura gətirdim. Yovuşmurlar, qaçırlar bizdən. Küçük də olsalar, yəqin, analarını insanların öldürdüyünü başa düşüblər, bəlkə də görüblər. Gedim onlara da baş çəkim, nigaranam bir az.
Sağollaşırıq, Tofiq müəllim işçilərindən biri Elşənlə fənəri götürüb qaranlığın içində qeyb olur. Fikirləşirik ki, bu sakitliyin içində beş-on dəqiqəyə yuxuya gedəcəyik. Lakin yastığa baş qoyan kimi uzaqdan çaqqalların zəhlətökən çığırtısı gəlir. Sakitlikdi deyə haray-həşirləri də sanki qulağının dibindədir. Dincliyimiz pozulur, yuxumuz tədricən ərşə çəkilir. Sonra İsa-Musa quşları nə qədər ömrü qalmasını bilmək istəyənlər üçün saymağa başlayır. Çaqqalların səsi təkrar aləmi başına götürəndə bir neçə it ucadan yoğun səslə hürür. Bunun ardınca canavarlar uzun və hökmlü səslə ulayır. Yalnız səhər öyrənirik ki, elə hürən də canavarlar imiş. Vahiməyə düşən çaqqalların səsi anındaca kəsilir. Başa düşürlər ki, bu dağların yiyəsi var, onlar çaqqal-çuqqalın ixtiyarına qalmayıb. Hövsələmiz daralır, otaq yoldaşımızla durub bayıra çıxırıq. Qaranlığın içinə 5-10 addım atan kimi ay işığında diqqətlə bizə baxan iki canavarla rastlaşırıq. Qaçsaq qovacaqlar, dayanırıq ki, bəlkə toxunmazlar, ehtiyat edərlər bizdən. İki vəhşi üstümüzə gəlmədən aşağı-yuxarı qaçmağa başlayanda görürük ki, nazik dəmir məftillərdən toxunmuş çəpərin arxasındadırlar. Qorxmağa dəyməzmiş. Ürəklənib bir az da yaxına gəlirik. Canavarların gözləri soyuq almazın yaşıla çalan işartısı ilə parıldayır. Vahiməlidirlər. Lakin ağıllı və buz kimi soyuq baxışları var. Səni xəlbirləyir, güclü və zəif yerlərini, dost və ya düşmən olduğunu öyrənməyə çalışırlar...
Obaşdan bayıra çıxıb yatdığımız yerə baxırıq. Sən demə, bizə ofis kimi verilən yer üstü torpaqla örtülən adi qazma imiş. Bir azdan Tofiq özü də gəlir:
- Canavar balaları yatmağa qoymadı. Qanlarında var axı! - Gülə-gülə danışır. -Vəhşidirlər! Küçük də olsalar, mütləq gecə ova çıxmalıdırlar. Səhərə kimi üstümüzdən o yana-bu yana şığıyıblar. Yorğandan bayıra əlimiz, qulağımız, burnumuz çıxan kimi ağız atırdılar, bilmək olmur ki, əmirlər, yoxsa dişləyirlər. Bütün pal-paltarlarımızı dartıb aparıblar çarpayının altına, künc-bucağa, səhərə kimi didib-didişdirib it gününə salıblar. Corablarımı hara sürüyüblərsə, tapa da bilmədim. “Kişilər” ova çıxıbmış.
Deyə-gülə çobanyastığı ilə kəklikotudan dəmlənən açıq rəngli çay içirik. Zarafatyana soruşuruq:
- Tofiq müəllim, Siz bura ofis deyirsiniz?
Cavab gözləyirik. O, çaydan bir qurtum içib dillənir:
- Burada tikinti aparmaq olmaz. Landşaft pozular. Təbiətin gözəlliyini, bu mənzərələrin bakirəliyini qorumaq hər şeydən vacibdir. Ona görə qazmada yaşamaq lazımdırsa, yaşamalıyıq. İki ildən yuxarıdır ki, mən bu dağlarda belə yerlərdə yaşayıram. Bura hələ şükürlüsüdür. İnsan bir qədər təvazökar olmalıdır. Mənim üçün buralarda kökü kəsilən populyasiya növlərini bərpa etmək, bu dağların ötən əsrin əvvəllərindəki görkəmini özünə qaytarmaq hər şeydən vacibdir. Aradan bir qədər vaxt keçəcək, bizim buraya gətirdiyimiz xallı maralları, canavarları görməyə gələnlər sevinəcəklər. Biz də ana təbiətimizi zənginləşdirdiyimizə görə, bu dağların marallarını, digər vəhşi heyvanlarını yenidən özünə qaytardığımıza görə qürur hissi keçirəcəyik. İnsan təbiətə qənim kəsilməli deyil, axı hər vəhşi heyvan növü yox olduqca, hər bitki növü yer üzündən silindikcə xəstəliklər artır, insan nəsli özü cılızlaşır. Təbiəti qorumaq sivilizasiyanı fəlakətlərdən xilas etmək deməkdir.
Mübahisə etmirik, çünki o, haqlıdır. Bu mövzuda ekoloqların, alimlərin minlərlə yazısı dərc olunub, konfranslar keçirilib. Bəşəriyyət dərk edir ki, biganəlik onu məhvə sürüyür. Ona görə hamı xilas yollarını axtarır. Biz də bu sırada istisna deyilik. Ölkəmiz də, insanlar da maddi və mənəvi zənginliyə doğru dəyişir. Bizi qarşı-qarşıya qoyan, çaxnaşdırmaq istəyən qüvvələr kifayət qədər olsalar da, mükəmməlliyə doğru inkişaf edirik. Bakıdan tutmuş ən uzaq rayonda, ən ucqar kənddə və hətta indi oturduğumuz dağ yamacında belə bu inkişafın uğurları başımızın üstündə bayraq kimi dalğalanır, bizi yeni qələbələrə ruhlandırır.
Bakıda I Avropa Oyunlarının möhtəşəm təntənəsinə qeyzlənənləri, onu nüfuzdan salmağa cəhd edənləri və bizimlə birlikdə qələbənin sevincini yaşayan dostlarımızı gördük. Anladıq ki, inkişafımızı, uğurlarımızı dünyada müəyyən qüvvələr birmənalı qarşılamır, irad və qısqanclıqla yanaşırlar. Sadə bir həqiqəti başa düşürsən: yalnız bir-birinə arxalanan, əlinin qabarına və ağlının zəkasına güvənən xalq yenilməz olur.
Bir tikə pendir-çörək kəsib, çayımızı içib ayağa dururuq. Qazmanın solunda bizi gecə yolumuzu kəsən biryaşar canavarlar qarşılayır. Tofiqi görüb sevindiklərindən az qalırlar ki, dəmir məftillərdən toxunan çəpəri qoparıb atsınlar. O, canavarların yanına girib onları oxşayır, dindirir:
- Gəlin, babanın nəvələri, gəlin, babanın gözəlləri, gəlin, mənim vəhşilərim.
Canavarlar da onun başına fırlanır, qucağına, sinəsinə atılır, əlini, qolunu ağzına alır, amma dişləmirlər, sanki dadına baxmaq istəyirlər.
“Qurd, kiri! Qurd, otur! Olmaz!!!” - Tofiq həddini aşan canavarlara təpinir. Kirimək bilmirlər, atılıb düşürlər, üzünü onun ayaqlarına, dizlərinə sürtür, sifətini yalamaq üçün sinəsinə atılırlar.
Tofiq özü böyüdüb onları, “nəvələrimdi” deyir. Elə olub ki, işi ilə bağlı qoruqdan çıxıb gedib. Bir neçə gün onsuz qalan bu vəhşilər hələ küçük ikən “babaları”ndan yana uşaq kimi darıxıblar, ayaqqabılarını çırpışdırıb başlarının altına qoyub yatıblar, oyananda da qoxulayıb sahibinin iyini alıb toxtayıblar. Bacı-qardaş olan bu iki canavara - İndiana ilə Akelaya nə canavar, nə də ki vəhşi deməyə adamın dili gəlir. Lakin Tofiqə deyənlər var ki, bu vəhşilər bir az da böyüsün, özlərində güc hiss etsin, ilk növbədə səni parçalayacaq, didəcəklər, çünki canavar sürüsünün qanunu belədir. Ehtiyatlı ol! Amma Tofiq ana təbiətə içində sonsuz sevgi bəsləyən adam kimi vəhşi canavarları bəzi insanlardan daha sədaqətli sayır. İndiana ilə Akelanı elə nəvələri qədər sevir, əzizləyir, “balalarımdı, - deyir, - onları qucağımda böyütmüşəm”. Sonuncu gətirdiyi 4 qurd balasını da özü böyüdəcək...
Hava tam açılıb günəş üfüqdən ucaldıqca dağların da mənzərələri dəyişir. Qazmanın qarşısındakı dərəyə uzanıb gedən yaşıl vadinin sonundakı göldən o yana yenə dağlar bütün əzəməti və gözəlliyi ilə üfüq boyu sıralanır. Ağ, sıx buludlar zirvələrə nəvaziş və qayğı ilə toxunaraq axıb gedirlər. Lakin ən maraqlısı bu vadi ilə üzüaşağı qaçan maral sürüsüdür. İnanılmaz səhnələrdir. Sanki yuxudasan. Atam danışardı ki, bir dəfə maral və ceyran görüb. Babam xatırlayardı ki, Səməd Vurğun onun yanına qonaq gələndə ceyran ovuna gediblərmiş. Görsələr də, şair atmayıb. Xoşu gələrmiş, seyr etməkdən zövq alarmış. Biz isə bu maralsız, ceyransız dağları gəzib dolaşdığımız illərdə bilirdik ki, bir daha onları nə biz, nə də ki başqaları görəcək. Mehrimizi marala, ceyrana həsr edilən mahnılara, şeirlərə salmışdıq.
Bələdçilərimiz danışır ki, Bakıda Avropa Oyunları keçirilən ərəfədə qoruğun ərazisində marallar balalamağa başladı. İdmançılarımız Bakının idman saraylarında qazandıqları medalları sayanda, biz də bu dağlarda yeni doğulan xallı və adi maral balalarını sayırdıq. Fərq, demək olar ki, yox idi. Yeni doğulan balaların sayı Bakıda idmançılarımızın qazandıqları medalların sayına yaxın oldu.
Volyerləri düşüb gəzərkən xoş təsadüfdən elə oldu ki, təzə doğulan xallı maral balasına rast gəldik. Daşların arasında uzanıb gizlənmişdi. Anası uzaqdan gözə dəyir, bizi aldadıb dalınca aparmağa, bu minvalla balasından təhlükəni sovuşdurmağa çalışırdı. Maral balası da qımıldanmırdı, yerə uzanıb özünü ölülüyə vurmuşdu. Hərə bir cürə özünü xilas edir. Amma bu qoruqda marallar üçün heç bir təhlükə yoxdur.
Qaranlıq düşənədək volyerləri gəzdik, vaxtın necə ötdüyündən də xəbərimiz olmadı. Bir də gördük ki, yenə ay doğub, qaranlıq qarışır. Geriyə - Bakıya dönürük. Zaman həm sakit, səssiz-səmirsiz, həm də sel kimi gurultu ilə axıb keçə bilirmiş. Azərbaycan tarixinin əvvəlki yüzilliklərini lal axan aran çayına, sonuncu 20 ilini isə dağlardan üzüaşağı şəlalələrlə qopub gələn oynaq dağ çayına bənzətmək mümkündür. Gərgin, ritmik sel kimi ötən illər bizə ucalıqları bəxş etdi: özümüzü tanıdıq və özümüzü dünyaya tanıtdıq. Məntiq sadədir.
Tofiq Həsənov da 10 ilə yaxın içində bu ideyanı böyüdüb, ərsəyə gətirib. Son 3 ildə arzularını reallaşdırmaqla məşğuldur. Gecəsi-gündüzü yoxdur, dincliyi də əlindən gedib. Ürəyi bir dəfə dözməyib, lakin inadkardır, işi alındıqca ürəyi də açılır, gümrahlaşır. Bilir ki, asan olmayacaq, istənilən çətinliklərə də hazırdır. Dişi-dırnağı ilə qurduğu işi ərsəyə gətirməyənədək dinclik tapmayacaq. Yadıma xarici jurnalistlərdən birinin Azərbaycan haqqında dedikləri düşür: “İnsanlarınız zəhmətkeşdir, ələbaxan, yardım gözləyən deyillər, əllərinin qabarına güvənirlər, istənilən çətinlikləri də aşmağa qadirdirlər”.
Geri qayıdırıq, yol boyu Bakıda I Avropa Oyunları keçirilərkən gördüyümüz bənzərsiz səhnələri, dünya kinematoqraflarının və telejurnalistlərinin Bakı haqqında hazırladıqları süjetləri xatırlayırıq. İnanmaq olmur ki, Bakıda çəkilib. Heyrətamiz mənzərələr, valehedici nadir səhnələr idi. Ayrıldığımız dağlarda gördüklərimiz də əfsanəvi və inanılmaz məqamlarla zəngin idi.
Avropa dövlətlərınin rəhbərləri
I Avropa Oyunlarını boykot etmək istədilər və Bakıya gəlmədilər. Oyunların baş tutmaması üçün yetərincə bəyanatlar verildi. “Azərbaycan” qəzetinə verdiyi eksklüziv müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov bunun səbəbini onların ölkəmizin uğurlarına kölgə salmaq, dünyanın müxtəlif ölkələrindən Bakıya gələn turist axınının qarşısını almaq, Azərbaycanın turist ölkəsi kimi yeni bir imiclə dünyaya açılmasına mane olmaq istəyi ilə bağlı olduğunu izah etdi.
Lakin ondan da ciddi, heç kimin sezmədiyi bir səbəb də var. Sadəcə gəlməyə ehtiyat etdilər. Çəkindilər, ona görə ki, müharibə şəraitində yaşayan, işğala məruz qalan bir ölkəyə gələrkən onlar - Avropada sülhün dayağı kimi çıxış edən liderlər Bakıdan sülh bəyanatlarını verməyə borclu idilər. I Avropa Oyunlarının tribunasından sülhə bütün varlığı ilə can atan bir xalqı dəstəkləmək Qərbin müqəddəs borcu idi. Onlar öz gəlişləri ilə sülhü gətirməyə borclu idilər. İşğalçı dövləti öz hüdudlarına qaytarmağa tarix onlara unikal şans vermişdi. I Avropa Oyunlarının missiyası da Qafqazda sülhü bərqərar etməkdən ibarət idi. Təəssüf ki, Qərb boynuna düşən yükü çəkmək iqtidarında olmadı. Lakin biz buna görə ruhdan düşməli deyilik. Daha əzmli, daha qürurlu, daha mətin olmalı, ölkəmizi daha möhtəşəm zirvələrə qaldırmalıyıq. Onda bizim qələbəmiz labüd və qaçılmaz olacaq.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.- 2015.- 10 iyul.- S. 7.