Amerikalı siyasi şərhçi
Raul Kontreras: Ermənistan?
Bütün maddələr
üzrə günahkardır
ABŞ-da çıxan “The Hill” qəzetində siyasi şərhçi Raul Kontrerasın “Müharibə, yalan və məhkəmə” sərlövhəli məqaləsi dərc olunub (http://thehill.com/blogs/pundits-blog/international/247133-war-lies-and-courts). Məqalədə Ermənistan-Azərbaycan münaqişəsindən, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edilməsindən və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov Ermənistan əleyhinə” işinə dair bu yaxınlarda qəbul etdiyi qərardan söz açılır.
R.Kontreras yazır ki, həmin işlə bağlı son sənədə görə, münaqişə başlayan vaxtdan indiyə qədər Ermənistan Azərbaycana qarşı təcavüzə və ölkənin az qala 5 min kvadratmil ərazisini işğal etməsinə görə məsuliyyət daşıyan tərəfdir. R.Kontreras Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından Azərbaycana qarşı təcavüzdə bilavasitə Ermənistanın rolunu, o cümlədən onun Xankəndidəki oyuncaq rejimə birbaşa hərbi, siyasi və maliyyə yardımını təsdiq edən faktları sitat gətirir.
Müəllif vurğulayır ki, Avropa Məhkəməsi öz qərarı ilə “erməni təbliğatının ayaqlarını kəsib”. “Çiraqov Ermənistan əleyhinə” işi ilə bir gündə “kiçik şəxsi mülkiyyət üzrə (“Sarkisyan Azərbaycan əleyhinə”) çıxarılan məhkəmə qərarına işarə edən R.Kontreras daha sonra yazır ki, erməni məddahları hələ də diqqəti Ermənistanın Azərbaycana təcavüzündən yayındırmağa çalışır. Qərarda deyilir ki, Azərbaycan iddiaçının Azərbaycanın Qarabağ regionunda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki “minalanmış əmlakının” qaytarılmasının qarşısını alıb. Bu, “sürücünün maşını yanlış yerdə saxladığına görə cərimə olunması ilə sürücünün avtobus dayanacağında 10 nəfəri basıb keçəndən sonra hadisə yerindən qaçmasını müqayisə etməyə bərabərdir”.
Şərhçi yazır ki, “Ermənistan son 25 ildə Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçılar dəstəsini maliyyələşdirib, onları hərbi sursat, əsgər, habelə siyasi dəstəklə təmin edib”. O qeyd edir ki, bu banditlər Azərbaycanın ərazisində hərbi cinayətlər törədiblər. 1992-ci il fevralın 26-da Xocalıda 600-dən çox kişi, qadın və uşağın qətlə yetirilməsi bu cinayətlərdən biridir. Həmin cinayət “Human Rights Watch” hüquq müdafiə təşkilatı tərəfindən sənədlərlə əsaslandırılıb.
Müəllif sonda yazır: “Ermənistan? Bütün maddələr üzrə günahkardır”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.- 2015.- 10 iyul.- S. 7.