Litva görüşləri uğurlu keçdi
Ölkəmizin dünya miqyasında nüfuzu artdıqca beynəlxalq əlaqələri də genişlənir. Xüsusən ilk Avropa Oyunlarından sonra yaxın-uzaq ellərlə əlaqə-ünsiyyət daha geniş miqyas alır.
Şəmkirlilər Litvada keçirilən folklor festivalında ölkəmizi uğurla təmsil etdilər. Geniş tərkibli bu folklor festivalı iki istiqamətdə aparılırdı. Bayram tədbirləri Litvanın Moletiya şəhərində “Göllərin səpələnməsi-2015” Şaulyay şəhərində isə “Günəşin çiçəyi” adlanırdı. Folklor festivalında Azərbaycan, Rusiya, İtaliya, Litva, Ukrayna, Gürcüstan, Avstriyanın və başqa ölkələrin kollektivləri iştirak edirdilər.
“Göllərin səpələnməsi-2015” festivalında uğurla çıxış edən həmyerlilərimiz iyulun 2-də Şaulyay şəhərinə gəldilər. Onlar burada keçirilən 6-cı beynəlxalq “Günəşin çiçəyi” festivalında da öz məharətlərini nümayiş etdirdilər. Xüsusən Şəms vokal instrumental ansamblının və muğam kollektivinin çıxışları, habelə, Cavanşir Bayramovun ifa etdiyi “Sarı gəlin” mahnısı gurultulu alqışlarla qarşılandı. Yüksək səviyyəli ifaya görə Cavanşır Bayramov beynəlxalq festivalın laureatı adına layiq görüldü. Simli alətlər üzrə yarışda isə on iki ölkənin namizədi arasında həmyerlimiz, saz ifaçısı Şakir Əliyev birinci yeri tutdu.
Festivaldan sonra Şəmkirin nümayəndə heyəti ilə Şaulyay şəhər bələdiyyəsinin görüşü keçirildi. Xatırladaq ki, 2014-cü il oktyabrın 22-də Şəmkirlə Şaulyay şəhərləri arasında niyyət protokolları imzalanmışdır. Görüş zamanı qardaş şəhərlər arasında humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparıldı.
Nümayəndə heyətimizin rəhbəri, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sona Əliyeva dedi ki,Litva görüşləri uğurlu keçdi. Nümayəndə heyətinin üzvləri Litvanın görməli yerləri, maddi- mədəniyyət abidələri ilə də tanış olublar.
Əhməd İSAYEV,
Azərbaycan.- 2015.- 10 iyul.- S. 8.