Azərbaycanda mətbuata göstərilən dövlət
qayğısı davamlı
və sistemli səciyyə daşıyır
Ölkə rəhbərinin Azərbaycan
milli mətbuatının
140 illik yubileyinin keçirilməsi barədə
sərəncamı bunu
bir daha təsdiq edir
Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyil. Respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm təd-birlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər.
Prezident İlham Əliyev son 12 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradıb. Dövlət başçısı milli mətbuatın qabaqcıl ölkələrin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin söz və mətbuat azadlığına necə həssas yanaşdığını onun bu fikirləri də təsdiqləyir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
Mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılması da bu baxımdan mühüm addım olmuşdur. 2003-cü ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdir. Şura ötən illərdəki uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailiyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalaması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini bir daha göstərmişdir.
Ölkə rəhbəri 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları ilə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.
Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” sərəncamı da məhz kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verildi. Ölkə rəhbəri mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzaladı. Sərəncama əsasən, mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrıldı.
Azərbaycanda hazırda 200-dən çox qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarca mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Prezident İlham Əliyevin 2 iyun 2015-ci il tarixində Azərbaycan milli mətbuatının 140 illik yubileyinin respublikada geniş qeyd olunması barədə sərəncam imzalaması mətbuata qayğının daha bir təzahürüdür. Bu sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirləri keçirilir.
Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri isə tamamilə obyektiv xarakter daşıyır. Başqa sözlə, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli-mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir. Bunlar da sırf peşəkarlıqla bağlı məsələlərdir. Son illər cəmiyyət həyatının bütün sahələrində əsaslı keyfiyyət dəyişiklikləri hiss olunur, bir çox məsələlər məhz ictimai qınaq və məzəmmət yolu ilə aradan qalxır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. Əslində, bunu müharibə şəraitində yaşayan, ərazisinin 20 faizinin hələ də işğal altında olan bir dövlətdə xalqın milli maraqları tələb edir.
Odur ki, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Buna görə də peşə etikası ilə yanaşı milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisi olmalıdır.
Elnur HACALIYEV,
Azərbaycan.- 2015.- 11 iyul.- S. 1.