Təhsil Nazirliyi nəzdində
fəaliyyət göstərən
idman məktəblərinin “Bakı-2015”də
uğur qazanmış
idmançıları ilə
görüş olub
İyulun 10-da təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərinin “Bakı-2015” birinci Avropa Oyunlarında uğur qazanmış idmançıları ilə görüşüb.
Görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə keçirilmiş “Bakı-2015” I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurub. Azərbaycan Prezidentinin böyük diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində qısa müddət ərzində müasir tələblərə cavab verən müxtəlif idman obyektlərinin tikilib istifadəyə verilməsi, tələb olunan infrastrukturun yaradılması, digər hazırlıq işlərinin görülməsi “Bakı-2015”in yüksək səviyyədə keçirilməsinə zəmin yaradıb.
Birinci Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, bu tədbirlər Oyunların proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib. Təsadüfi deyil ki, Oyunlarda ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir.
Qürurverici haldır ki, Azərbaycan idmançıları ilk Avropa Oyunlarında yüksək nailiyyətlər əldə edərək Avropanın Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrini geridə qoyub. 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazanaraq, ölkəmizin bayrağını yüksəklərə qaldırıblar.
Avropa Oyunlarının təşkili və keçirilməsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib və müstəsna xidmətlər göstərib.
Təhsil naziri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, könüllülər ölkəmizin böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. Tələbə-könüllülərin fəaliyyətinə Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən də yüksək qiymət verilib.
Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, bu il dekabrın 5-də Beynəlxalq könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir ilk Avropa Oyunlarında həmin məktəblərin yetirmələri olan Amil Qasımovun sambo üzrə ikinci, Hacı Əliyevin sərbəst güləş üzrə üçüncü, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında üçüncü yeri tutduğunu nəzərə çatdırıb. İdmançıları təbrik edən Mikayıl Cabbarov onların idman karyeralarında daha parlaq uğurlar qazanacaqlarına ümidvar olduğunu bildirib.
Sonra hər üç idmançıya Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
“Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti haqqında fikirlərini bildirən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizin yüksək səviyyəli idman infrastrukturunun istənilən beynəlxalq yarışı keçirməyə imkan verdiyini nəzərə çatdırıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova I Avropa Oyunlarında uğur qazanmış idmançıları təbrik edib, tələbə-könüllülərin fəaliyyətini yüksək dəyərləndirib.
İdmançılar görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, növbəti idman yarışlarında da ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər.
Daha sonra M.Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak etmiş bir qrup əməkdaşını fəxri fərmanla təltif edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 11 iyul.- S. 4.