Alin PETRAKE: “Avropa Oyunları
Azərbaycanda idmanın
inkişafı ilə
bağlı siyasətin
uğurunu bir daha sübut etdi”
Rumıniya Olimpiya Komitəsində “Bakı-2015” I Avropa Oyunlarında medal qazanmış idmançılarla görüş keçirilib və onlar təltif ediliblər. Görüşə Avropa Oyunlarında iştirak edən atletlər, federasiyaların, idman klublarının rəhbərləri qatılıblar.
Rumıniya Olimpiya Komitəsinin sədri Alin Petrake ilk Avropa Oyunlarında yüksək səviyyədə iştiraklarına görə idmançılara, məşqçilərə, federasiya rəhbərlərinə təşəkkür edib və Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından da yüksək nəticələr gözlədiyini bildirib. Sədr I Avropa Oyunlarında iştirakın hər bir idmançının karyerası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Alin Petrake “Bakı-2015” ilk Avropa Oyunlarının onun hər zaman yadında qalacağını bildirib. Komitə sədri bu Oyunlarda rumın idmançılara olan xüsusi diqqəti qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nəzarəti altında keçirilən Oyunlar Azərbaycanda idmanın inkişafına yönələn siyasətin uğurunu dünyaya bir daha sübut etdi. A.Petrake Azərbaycanın mötəbər tədbirlərin təşkilatçısı kimi bundan sonra da Avropa Oyunlarına bənzər yüksək səviyyəli yarışlar təşkil edəcəyinə inandığını bildirib. Bakıya heyran qaldığını deyən komitə sədri mədəniyyətimizin, mətbəximizin vurğunu olduğunu, bütün xarici vətəndaşların Azərbaycanda onlara olan münasibətdən çox razı qaldıqlarını vurğulayıb.
Azərbaycan.- 2015.- 11 iyul.- S. 6.