Anastasiya QRİQORYEVA: “Bakı mənə xoşbəxtlik
gətirən şəhərdir”
“Bakı xoşuma gəlir, bu şəhərə demək olar hər il gəlirəm və hər səfərimdə Azərbaycanın paytaxtının necə inkişaf etdiyini və gözəlləşdiyini görürəm”. Bu sözləri güləş üzrə üçqat Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Anastasiya Qriqoryeva AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində söyləyib.
Londonda Olimpiya Oyunlarını xatırlayan A.Qriqoryeva hesab edir ki, Bakıdakı Avropa Oyunları öz səviyyəsinə və təşkilatçılığına görə Londondakından əsla geri qalmayıb. A.Qriqoryeva deyib: “Təəssüratlarımı sözlə ifadə etmək mümkün deyil. Elə təkcə Atletlər Kəndi idmançıların ürəyindən xəbər verirdi. Burada yaşayış şəraiti ən yüksək səviyyədə idi”.
Bürünc mükafatçı etiraf edir ki, Avropa Oyunları ilk dəfə keçirildiyi üçün Bakıdakı qələbə ikiqat xoşdur.
Lakin bu, Anastasiyanın Bakıdakı ilk mükafatı deyil. O, 2010-cu ildə Avropa çempionatında qalib gəlib, iki dəfə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” yarışlarının qalibi olub. İdmançı deyib: “Buna görə də Bakını sevirəm. Bakı mənə xoşbəxtlik gətirən şəhərdir”.
Azərbaycan.- 2015.- 11 iyul.- S. 6.