Latviya məşqçisi: “Bakıda müasir idman bazaları yaradılıb”
Çimərlik voleybolu üzrə Latviya komandasının məşqçisi Ayqars Birzulis Bakıda keçirilmiş I Avropa Oyunları barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Onun yetirmələri Martinş Plyavinş və Xaralds Reqja qızıl medal qazanıblar.
A.Birzulis deyib: “Azərbaycan paytaxtında qonaqpərvərlikdən tutmuş müasir idman bazalarınadək hər şey bizim xoşumuza gəldi”.
Latviya məşqçisi bildirib: “Təəssüf ki, biz stadionda bu tarixi tədbirin açılışı və bağlanışı mərasimlərini müşahidə edə bilmədik. Amma mən internet vasitəsilə baxdım və əmin oldum ki, Azərbaycan böyük idman bayramı təşkil edib. I Avropa Oyunları bizə çox xoş təəssüratlar bağışladı”.
A.Birzulis qeyd edib ki, “Brilyant əl” filminin əsas epizodunun Bakıda, İçərişəhərdə çəkildiyini xatırlayır. O deyib: “Biz Kiçik Qala küçəsini gəzdik, şəkil çəkdirdik. “Facebook” səhifəsinə qoyduğumuz bu fotoşəkillər çox bəyənilib”.
Azərbaycan.- 2015.- 11 iyul.- S. 6.