BTC-nin istifadəyə verilməsi tarixi hadisə idi
Kəmərin tam bir sistem
kimi işə düşməsindən 9 il
keçir
Öz müəllifinin - ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tam bir sistem kimi işə düşməsindən 9 il keçir. 2006-cı il iyulun 13-də kəmərin istismara verilməsi münasibətilə Türkiyənin Ceyhan şəhərində təntənəli mərasim keçirilmişdi. 2005-ci ilin may ayında boru xəttinə Səngəçal terminalından vurulan Azərbaycan nefti bir il yol getmiş və Ceyhanda keçirilən sözügedən tədbirdən ay yarım əvvəl öz ünvanına çatmışdı. 2006-cı il iyunun 4-də isə BTC-nin gətirdiyi neftlə yüklənmiş ilk tanker Ceyhan limanından dünya bazarlarına göndərilmişdi. Həmin vaxtdan bu ilin birinci rübünün sonunadək BTC-nin nəql etdiyi neft 2850 tankerə yüklənib və dünya bazarlarına yola salınıb.
BTC nəhəng kəmərdir. Onun inşası 4 milyard dollardan çox vəsaitə başa gəlib. Kəmərin keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində tikintinin ən qızğın çağında 22 min nəfərdən çox insan işlə təmin olunub.
BTC-nin möhtəşəmliyini göstərən digər faktlar da maraqlıdır. Belə ki, kəmər Səngəçaldan Ceyhanadək 1768 kilometr məsafə qət edir. Borular bütün marşrut boyu torpaq altında basdırılıb. Bu da onun təhlükəsizliyini təmin edən başlıca şərtlərdəndir. BTC-nin yerüstü infrastrukturu da zəngindir. Onun bu obyektlər sisteminə 2 terminal, 8 nasos stansiyası, 101 siyirtmə məntəqəsi daxildir. Azərbaycanın payına düşən 2 nasos stansiyasının biri Səngəçal terminalında (bu, BTC-nin baş nasos stansiyasıdır), digəri isə Yevlax rayonundadır. Daha 2 stansiya Gürcüstanın ərazisində yerləşir. Türkiyədə isə 4 belə stansiya var.
Layihələndirmə zamanı gündə 1 milyon barel neft ötürməsi nəzərdə tutulan kəmərin nəqletmə gücü sonralar 20 faiz də artırıldı. Hazırda BTC hər gün 1,2 milyon barel neft nəql etmək qabiliyyətinə malikdir.
BTC əsasən Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti ixrac edir. Kəmərə müəyyən həcmdə Türkmənistan və Qazaxıstan nefti də vurulur. Bu boru xətti ilə həmçinin “Şahdəniz” yatağından çıxarılan kondensat daşınır.
Bölgələrdə kəmər bir çox kəndlilərin pay torpaqlarının altından keçir. İndi kənd sakinləri həmin torpaq sahələrində əvvəlki kimi, yenə də əmin-arxayınlıqla əkin-biçinlə məşğul olur, bol məhsul yetişdirirlər. Başqa sözlə, boru xətti çəkilərkən qazıntı, tikinti aparılan yerlərin təbii görkəmi özünə qaytarılıb. Yəni BTC ətraf mühitə ziyan vurmayıb. Əksinə, su yollarında sıxlığı aradan qaldırıb. Artıq Bosfor boğazında neft daşıyan tankerlər də tıxac yaratmır.
Layihənin əməliyyatçısı olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bu barədə belə deyib: “BTC layihəsinin ilk gündən başlayaraq əməyin təhlükəsizliyi və etibarlıq sahələrindəki nailiyyətlərini qeyd etməliyik. BTC boru kəmərinin keçdiyi ölkələrin ərazilərində təhlükəsiz və heç bir bədbəxt hadisə baş vermədən işləməsi həm Azərbaycan üçün, həm də layihənin operatoru olan BP şirkəti üçün həqiqətən də qürurverici haldır. Biz BTC layihəsinin region və dünya ölkələri arasında körpü rolunu oynaması naminə onun mükəmməl fəaliyyətini daha bir neçə onillik ərzində davam etdirmək öhdəliyimizə sadiqik”.
BTC gələcəyə hesablanmış layihədir. 9 il əvvəl kəmərin təntənəli açılış mərasimində Prezident İlham Əliyev bu barədə belə demişdir: “Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir”.
BTC bütün regiona xeyir-bərəkət gətirən bir kəmərdir. Onun ixrac etdiyi neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanda bir çox infrastruktur qurulub və sosial layihələr həyata keçirilib. Məsələn, su kəmərləri çəkilib, suvarma kanalları tikilib, məcburi köçkünlər üçün qəsəbələr salınıb, ekoloji və bir sıra digər problemlər həll olunub.
BTC ərazisindən keçdiyi üç ölkədə kəmərboyu şəhər və kəndlərin sakinlərinə sosial layihələri ilə də fayda gətirir. Belə ki, BP öz tərəfdaşları ilə birlikdə həmin ərazilərdə “Davamlı İnkişaf Təşəbbüsləri” adlanan sosial layihələr həyata keçirir. Bu layihələr çərçivəsində kiçik və orta sahibkarlığa kömək göstərilir, məktəblər, uşaq bağçaları, tibb müəssisələri təmir edilir, kəndarası yollar qaydaya salınır, sutəmizləyici qurğular quraşdırılır və s.
Bir sözlə, BTC ona bəslənən bütün ümidləri doğruldur. Bu il iyun ayının əvvəlində Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Prezident İlham Əliyev demişdir: “2000-ci illərin əvvəllərində açılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, əlbəttə ki, böyük tarixi nailiyyət idi. Bu kəmərlər imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin. Biz bu valyuta ehtiyatlarımızdan səmərəli istifadə edərək, onları ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik. İnsanların rifah halı yaxşılaşdı. Ölkəmizin iqtisadi inkişafı təmin edildi”.
BTC-nin əhəmiyyəti həm də ondadır ki, özündən sonra gələn layihələrə yol açıb. Əgər BTC ilə eyni dəhliz boyu “Şahdəniz” qazını daşıyan kəmər tikilməsəydi, bu gün Azərbaycan TANAP (Transanadolu qaz boru kəməri), TAP (Transadriatik qaz boru kəməri) kimi nəhəng layihələrə imza ata bilməzdi. Azərbaycanı Avropaya qovuşduracaq “Cənub” qaz dəhlizi məhz BTC-nin gerçəkləşməsi ilə formalaşmağa başlayıb. BTC eləcə də Azərbaycanın öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə etməsinə imkan yaradıb. Təsadüfi deyil ki, bu gün BTC- ni həm regionun neft nəqli sisteminin arteriyası, həm də Azərbaycan qazının Avropaya yolu qarşısında açılan geniş qapı adlandırırlar.
Flora
SADIQLI,
Azərbaycan.- 2015.- 12 iyul.- S. 4.