Avropa dünya Azərbaycanı yaxından tanıdı

 

Başa çatmış I Avropa Oyunları həm qitənin, həm ev sahibi Azərbaycanın idman tarixində mühüm hadisə kimi yadda qaldı. Avropa, nəhayət,  çoxdan arzuladığı ilk olimpiadasını keçirməyə müvəffəq oldu. Azərbaycan qitənin ən böyük idman tədbirini təşkil etmək kimi şərəfli vəzifəni yerinə yetirən ölkə olaraq tarixə düşdü. 17 gün davam etmiş idman bayramı həm idmançılara, həm onlara azarkeşlik edən idmansevərlərə xoş anlar yaşatdı. Avropa Oyunlarının mükafatçıları ilk qitə olimpiadasında qazandıqları uğuru karyeralarına yeni səhifə kimi əlavə etdilər. 

Oyunları qısa müddətə - cəmi 30 ay ərzində ən yüksək  səviyyədə təşkil edən Azərbaycan üçün bu tədbir bir çox cəhətdən əlamətdar idi. Əvvəla, ölkəmiz beynəlxalq əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi. İkincisi, Avropa Oyunlarına evsahibliyi etməklə ölkə idmanının müasir infrastrukturu yaradıldı. Üçüncüsü, Azərbaycan sübut etdi ki, bu cür irimiqyaslı idman tədbirlərini təşkil etməyə qadirdir. Dördüncüsü, Azərbaycan idmanı  yarışlarda öz sözünü ucadan dedi: 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal! Medal sıralamasında Rusiyadan sonra ikinci yeri tutan ölkə idman potensialını nümayiş etdirdi. Belə bir nəticəni heç kim gözləmirdi. Bu uğura qitənin aparıcı idman ölkələri yalnız həsəd apara bilərlər.

Bütün bunlarla yanaşı, Avropa Oyunları idman tədbiri olmaqdan əlavə, Azərbaycanı dünyada tanıtmaq, Odlar yurdunu sözün birbaşa mənasında reklam etmək üçün nadir fürsət idi. Axı idman tədbirləri daha çox kütləvidir, daha çox tamaşaçı cəlb edir, KİV- daha çox işıqlandırılır, nəticə etibarilə ev sahibi ölkə xeyli müddət diqqət mərkəzində qalır. Təşkilatçı ölkə kimi Azərbaycan bu fürsəti əldən vermədi ondan yetərincə yararlandı.

Əslində Avropa Oyunları vasitəsilə Azərbaycanın tanıdılması işi hələ 2012-ci il dekabrın 8-də - Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyası ilk qitə olimpiadasının ev sahibini elan edəndə başlamışdı. O vaxtdan bəri  Azərbaycanın, Bakının adı Avropa idman ictimaiyyəti arasında mütəmadi olaraq çəkilirdi. Qitə mediası Oyunlara hazırlığın gedişi barədə xəbərlər verir, ayrı-ayrı ölkələrin idmançıları  idman mütəxəssisləri Bakıda keçiriləcək yarışlarda uğur qazanmağın yollarını axtarır, bu münasibətlə Azərbaycan paytaxtına gələcək turistlər səfər planlarını tərtib edirdilər.

Oyunların keçirildiyi günlərdə isə idmansevərlərin bütün diqqəti bilavasitə Bakıya yönəlmişdi. Yarışları idman arenalarında izləmək üçün tamaşaçılar turistlər,  qitə olimpiadasını işıqlandırmaq üçün Avropa dünyanın çoxsaylı kütləvi informasiya vasitələri Azərbaycanda idi. İnternet istifadəçiləri, sosial şəbəkələr Bakıdan gələn xəbərlərlə maraqlanır, idman mübarizəsinin nəticələrini müzakirə edirdilər.

Rəsmi statistikaya nəzər salaq. Yarışları hər gün 80 faizdən çox tamaşaçı izlədi. I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə  baş direktoru Saymon Kleq etiraf edir ki, “bu bizim üçün yüksək göstərici, inanılmaz nəticədir”.  Oyunlarda 1248 media orqanı, o cümlədən 583 xarici KİV akkreditə olunmuşdu. Dünyanın 145 ölkəsində yarışlar geniş işıqlandırıldı. Təkcə açılış mərasimi 120 ölkədə canlı yayımlandı. Bütün dünyaya 1100 saatdan çox yayım təmin edildi. Ümumiyyətlə, Oyunlar çərçivəsində yarışları 823 milyona yaxın tamaşaçı auditoriyası izlədi. Avropa Oyunlarının rəsmi internet səhifəsinə daxil olan istifadəçilərin sayında hər gün artım qeyd olunurdu. Hər gün təqribən 5-6 milyon adam yarışları məhz rəsmi internet səhifəsindən izləyirdi. Sosial şəbəkələr Oyunlara maraq baxımından fəal idi. Təkcə Twitter sosial şəbəkəsində ən çox paylaşılan 5 sorğudan biri “Bakı-2015” idi.

Bu rəqəmlər ciddi faktları təsdiqləyir.  1100 saatlıq yayım elə 1100 saatlıq reklam deməkdir. Özü təkcə idman yarışlarının keçirildiyi müasir arenalar deyil, daha çox Bakının füsunkar mənzərələri, bütövlükdə şəhər onun inkişaf səviyyəsi, yurdun təbiəti əsrarəngiz gözəllikləri reklam edilirdi. 823 milyon tamaşaçılıq auditoriya kifayət qədər böyükdür. Halbuki Oyunlardan əvvəl bu qədər adamın ölkəmizi tanıdığını iddia etmək belə mümkün deyildi.

Əlbəttə, eşitmək bir şeydir, görmək başqa şey. Yarışları izləmək üçün Azərbaycana gələn əcnəbilərin sayı 28 min nəfərdən artıq idi. İlk Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək məqsədilə bilet alan əcnəbilər arasında Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil edirdi. Rəqəm  Azərbaycan üçün kiçik deyil, həm coğrafiya çox şeyə dəlalət edir.

İstər Oyunlarda iştirak edən avropalı idmançılar, istərsə yarışları izləməyə gələn xarici turistlər Odlar yurdundan xoş ovqatla ayrıldılar. Onlar ölkəmizi öz gözləri ilə görmək, xalqın mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdilər.  Ümumi təəssürat belədir: “Azərbaycanda gördüklərimə heyran qaldım...”, “Azərbaycana, gözəl Bakıya Oyunlardan sonra yenidən gəlməyi planlaşdırıram...”,  Bu böyük idman hadisəsi Azərbaycanın dünya miqyasında daha çox tanınmasında mühüm rol oynayacaq...”

Avropa Oyunları münasibətilə Azərbaycanı ziyarət edənlər əmin oldular ki, bu ölkədə qonaqpərvər, istedadlı, bacarıqlı, səmimiyyəti ilə seçilən bir xalq yaşayır. Bu, milli mədəniyyətimizin təntənəsidir!

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 6.