Unudulmaz görüş
Qarabağ əlili İlham Məhərrəmovun 44 yaşı var. Özü demişkən, ömrünün tən yarısını əlil arabasında keçirməyə məhkum olub. Qarabağ müharibəsi başlayanda könüllülər sırasında cəbhəyə yollanıb. İki il sonra ağır döyüşlərin birində 30-a yaxın mərmi zədəsi alıb. Ömürlük əlil olsa da, yaşamaq eşqi zərrə qədər də azalmayıb. Deyir ki, əgər əlilliyə görə cəmiyyətdən təcrid olunsaq, özümüzə qapanıb evdə qalsaq, bu böyük faciə olar. Gərək ən çətin məqamda da yaşamaq, mübarizə aparmaq üçün yollar arayasan, özünə təsəlli verməyi bacarasan.
Müsahibim əlil arabasının üstündə elə şəstlə, təmkinlə, təpərlə danışırdı ki, elə bil fiziki qüsurlarını bir anlığa unudurdu. İlham Məhərrəmov deyir ki, əlillərin cəmiyyətə inteqrasiyası üçün bütün imkanlardan istifadə edirəm. Onları ictimai işlərə, fəal həyat mövqeyinə ruhlandırıram. Elə təkcə I Avropa Oyunlarına 20 nəfər əlilliyi olan insanı könüllü kimi cəlb etmişəm. Özüm də əlimdə fotoaparat idmançıları, xüsusən də qələbə qazanan medalçıları çəkirəm. Onların ölkəmizi ləyaqətlə təmsil etməsi bizi də sevindirir. Dəfələrlə bayrağımız ucaldılır, himnimiz səslənir. Onda bir anlığa əlil arabasında olduğumu unuduram, sevincimin həddi-hüdudu olmur. Belə məqamların birində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Məni yanına çağırıb hal-əhval tutdu, sonra fotoaparatımı alıb köməkçisinə verdi ki, bizim şəklimizi çək! Dövlət başçısının səmimiyyəti mənə ürək-dirək verdi. Elə bildim ki, ağrılarım, acılarım yox olub getdi. Bizim problemlərimizlə, qayğılarımızla maraqlandı. Bircə xahişim oldu ki, biz işləmək, Vətənə xidmət etmək istəyirik. Bunun üçün bizim hər birimizə daha geniş şərait yaradılmasını arzulayırıq. Doğrusu, onda özümüzü cəmiyyətə yararlı, faydalı insan sayırıq. Qısa söhbətimizin sonunda cənab Prezident dedi ki, yaxın günlərdə məni qəbul edəcək. Onda əlillərin problemlərindən daha çox danışacağam...
İlham Məhərrəmov Prezidentlə görüşünü ömrünün ən unudulmaz günlərindən biri sayır. Deyir ki, humanizm dəyərlərinə bu qədər önəm verilən Azərbaycanda əlil kimi də yaşamaq asandır. Axı bizə diqqət və qayğı yüksək səviyyədədir. Hər il yüzlərlə əlil ailəsi mənzillə, maşınla təmin olunur. Dünyanın bərpa mərkəzlərinə reabilitasiya üçün yollayışlar verilir, biz heç vaxt, heç vədə diqqətdən kənarda qalmırıq. Hiss edəndə ki, cəmiyyət bizi sağlam üzvlərindən fərqləndirmir, onda məsuliyyətimiz birə beş artır.
İlham Məhərrəmov ictimai həyatda da fəaldır. Paralimpiya Komitəsinin koordinatorudur. Hələ 10 il əvvəl kamandan oxatma üzrə respublika çempionu olub. Bu gün ictimai fəallığını azaltmır, sağlamlıq imkanları məhdud şəxslər üçün peşə reabilitasiya mərkəzində müəllim işləyir. Özü deyir ki, əlillərdə güclərinə inam yaratmaq əsas şərtdir, həyatları üçün başlıca meyardır. Onda biz də inanırıq ki, cəmiyyət bizdən əlini üzməyib, əksinə, əhatəmizdə olan xeyirxah adamlar çalışırlar ki, hər birimizə təmənnasız yardımçı olsunlar. Doğrusu, adamların səmimi münasibəti, minnətsiz iş görmək cəhdi bizə çox dayaq olur...
İlham Məhərrəmov deyir ki, Prezidentlə görüşü ona yeni güc verdi, işgüzarlıq əzmimi artırdı: “Bizim arxamızda Azərbaycan dövlətinin güclü dəstəyi, Prezidentin əvəzsiz qayğısı var. Elə buna güvənib daha çox iş görə bilərik. Əlillərin cəmiyyətə inteqrasiyası üçün ölkəmizdə hər cür şərait yaradılıb. Azərbaycan Prezidenti hər bir məmurdan qətiyyətlə tələb edir ki, əlillərlə cəmiyyətin sağlam üzvləri arasında heç bir fərq qoymasınlar. Belə qətiyyətli mövqe, nüfuzlu himayə bizi gələcək uğurlara həvəsləndirir, yaşamaq və mübarizə əzmimizi artırır. Mənim əhatəmdə özüm kimi əlillərin sayı çoxdur. Bizim xeyli birgə tədbirlərimiz olub. Ən çətin məqamlarda, sosial dəstəyə, köməyə ehtiyacımız olanda dövlət qurumlarına müraciət edirik. Doğrusu, bizə kömək və yardım etmək istəyən təşkilatların sayı çoxdur. Nə yaxşı ki, təkliyin, tənhalığın ağrılarını yaşamırıq. Özümüzü güclü və arxalı sayırıq. Əgər dövlət öz təmənnasız yardımında axıra qədər bizə dayaq olursa, onda daha təpərli və mübariz oluruq. Dəfələrlə demişəm ki, həyata keçirdiyimiz ən böyük sosial layihələrin arxasında dövlət dəstəyi var”.
Son illər İlham Məhərrəmov daha bir xeyirxah işin qulpundan yapışıb. Yeni yaratdığı “Arabaçı” TV ictimai həyatda əlillərə kömək və dayaq olur, onların problemlərinin həllində əsl yardımçıya çevrilir. İlham bir faktı da söylədi ki, ötən il Xırdalanda 72 əlil ailəsinə mənzil verilmişdi. Amma istilik problemi həll olunmamışdı. “Arabaçı” TV məsələyə müdaxilə etdi, silsilə reportajlar hazırladı. Dərhal problemin həlli üçün yollar axtardıq. Əlaqədar qurumlara müraciət etdik. Doğrusu, bizim çıxışımızı məsuliyyətlə qarşıladılar. Həmin mənzillərin istilik problemini həll etmək üçün ən qısa müddətdə tədbirlər görüldü. Bu ildən 72 əlil ailəsi istilik sistemi ilə təchiz olundu. Belə xeyirxah işlərimiz çoxdur. Nəzərdə tutmuşuq ki, “Arabaçı” TV gələcəkdə də əlillərin irili-xırdalı problemlərinin nizamlanmasında yardımçı olsun. Əslində bizim televiziya verilişimizin əsas məramı, məqsədi odur ki, əlillərin problemlərinə əlac olunması üçün dərhal tədbirlər görülsün. Açığını deyim ki, bizim televiziya çıxışlarımız cəmiyyətdə maraqla qarşılanır. Son vaxtlar keçirdiyimiz sorğu, tamaşaçı rəyləri bizim doğru yolda olduğumuza əminlik yaradır. Bəzən əlillərlə yaşadıqları ünvanlarda, ərazilərdə ardıcıl tədbirlər keçiririk, onların ən zəruri ehtiyaclarını öyrənirik. Bir sözlə, əlillərlə cəmiyyət arasında etibarlı körpü yaradırıq, əlaqələri elə tənzimləyirik ki, tərəflər razı qalsın. Görüşdə Prezident bizim ən zəruri ehtiyaclarımızla maraqlandı. Onun hər sözü, tövsiyəsi gələcək işlərimizə mayak kimi yol göstərir. İnanırıq ki, əlillərin cəmiyyətə daha geniş inteqrasiyası üçün dövlətin yaratdığı şərait bizə kömək olacaq. Axı fiziki qüsurlu adamlar bir qədər kövrək olurlar. Onların qəlbini ovundurmaq, hər birinə həssaslıqla yanaşmaq humanizm ənənələrinin ardıcıl davamı deməkdir. Nə yaxşı ki, ölkəmizdə bu prinsiplər qədərincə və layiqincə qorunur.
Söhbətimizin sonunda İlham Məhərrəmov ailəsindən də söz açdı. Dedi ki, Fatimə adında bir qızı var, 5 yaşındadır. Amma bircə istəyini reallaşdıra bilmirəm. Tez-tez birlikdə gəzintiyə çıxmaq istəyir. Hələ ki fiziki çətinliklərim buna imkan vermir. Yəqin ki, böyüdükcə Fatimə də hər şeyi anlayacaq. İlham Məhərrəmov gələcəyə o qədər inamlıdır ki... Bədənində çoxsaylı mərmi zədəsi olsa da, heç nəyi büruzə vermir. Cəmiyyətin qayğısı mənim ağrılarımın məlhəmidir. Ona görə də ətrafında baş verənləri böyük həvəslə fotoaparatının obyektivinə köçürür. Maraqlı məqamları yaddaş yazısına çevirəndə özü də qürur duyur. Elə I Avropa Oyunlarını da bu niyyətlə çəkir. Ölkəmizə başucalığı gətirən, bizi daha geniş arenada tanıdan belə tədbirlər nə qədər çox olsa, biz də o qədər sevinərik. Axı cəmiyyət bizi sağlam üzvləri ilə bərabər tutursa, ömür boyu sübut etməliyik ki, onlar yanılmayıblar...
Bəşir ŞƏRİFLİ,
Azərbaycan.- 2015.- 12 iyul.- S. 6.