Dərəməhəlləli jurnalist
Daşdəmir Əjdəroğlu imzası ilə tanınan qələm sahibi Daşdəmir Tağıyev bizim həmkarımız, iş yoldaşımız - “Azərbaycan” qəzetinin məsul katibinin müavinidir. Onun haqqında həmişə yalnız xoş sözlər eşitmiş, özüm də yeri gəldikcə ürəyimdən gələn söz demişəm. Bəlkə də buna görə hərdən mənə elə gəlir ki, onun haqqında nə vaxtsa yazmışam...
Və belə düşünən təkcə mən deyiləm. Bəlkə də Daşdəmiri doğulduğu məhəllədə, kənddə, rayonda 25 ilə yaxındır hər gün gəlib-getdiyi, çalışdığı, az qala qarşılaşdığı hər kəslə salamlaşdığı və hal-əhval tutduğu “Azərbaycan” nəşriyyatındakı kimi tanımırlar.
Onunla tanışlığımızın 20 ildən artıq tarixçəsi var. Bilirəm ki, onu jurnalistikaya, böyük qəzet aləminə gətirən yollar hamar olmayıb. Buna görə də bəzən Daşdəmirə yarıdoğru-yarızarafat deyirik ki, adı ilə həyat, sənət yolları əkiz doğulub.
Həmkarımız ulu dağların qoynunda, Babadağın ətəklərinə sığınan qədim yaşayış məskənlərinin birində dünyaya göz açıb. Böyüyüb boya-başa çatdığı İsmayıllı bölgəsinin Basqal qəsəbəsi qədim xalq sənəti növləri ilə məşğul olan ustalarla ad çıxarıb. Daşdəmirin alnına isə qələm sahibi olmaq yazılıb. Jurnalistikaya, qəzetçiliyə o qədər bağlıdır ki, özünü başqa bir sənət meydanında sınaya biləcəyinə inanmaq çətindir. Başqa sözlə, bu gün Daşdəmir Tağıyev qəzetçiliyin əlifbasının əzəl hərfi sayılan korrektorluqdan başlayaraq məsul katib müavinliyinədək bir yol keçmiş peşəkar qəzetçidir.
Daşdəmir Əjdəroğlu qələmini müxtəlif mövzularda sınayıb. Yazıları ilə dünyaya göz açıb böyüdüyü, qəlbən sevdiyi obasına bağlılığını da dönə-dönə təsdiqləyib. Məqalələrinin birində yazır: “...Ulu tarixi olan Basqalın qədim məhəllələrindən biri də Dərəməhəllədir. Bizim nəsil-tayfa da yüz illərdir ki, bu məhəllədə yaşayır. Deyirlər ki, zəhmətkeşlikdə babama oxşamışam. Ailəmizdə iki bacıdan sonra, 1965-ci ildə dünyaya gəlmişəm. Kənddəki orta məktəbi bitirmiş, atamın fasiləsiz 45 ildən artıq çalışdığı kəlağayı sexində işləmişəm. Məqsədim ali təhsil almaq, daha dəqiq desək, jurnalist olmaq idi. O vaxtlar BDU-nun Jurnalistika fakültəsinə daxil olmaq üçün ikillik iş stajı tələb edirdilər. Orta məktəbin yuxarı siniflərində oxuyarkən atamın çalışdığı müəssisədə işə düzəlmişdim. Dərsdən sonra işləyir, həm sənət öyrənir, həm də staj qazanırdım. Ali məktəbə qəbul üçün hazırlaşanda öyrəndim ki, bu iş stajı yetərli sayılmayacaq. Artıq yaşım çatdığı üçün əsgərlik borcumu verməli oldum”...…
Hərbi xidməti Moskva şəhərində keçir. 1985-ci ildə kəndə, çalışdığı müəssisəyə qayıdır. Bir müddət komsomol işində çalışır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olanda sevincdən göz yaşlarını gizlədə bilmədiyini hələ də unutmayıb. Universiteti bitirəndən sonra yenə də İsmayıllıya, komsomol işinə qayıdır.
Həmin ilin ortalarında Bakıya gəlir və qismət elə gətirir ki, burada “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbasın ona iş təklif etməsi arzularına yenidən qanad verir. “Korrektorluq edərək qəzetçiliyin sirlərini, texnikasını öyrənməyə başladım, - deyir. - Az sonra mənə məsul katibin müavini vəzifəsini həvalə etdilər. Daha 6-7 ay sonra isə məsul katib başqa bir qəzetə işə gedəndə baş redaktor bu vəzifəyə məni məsləhət gördü. O vaxtdan 2002-ci ilin mart ayınadək “Ədalət” qəzetində məsul katib vəzifəsində çalışdım”.
Daşdəmir Əjdəroğlu artıq neçə ildir rəsmi dövlət qəzeti olan “Azərbaycan”da çalışır. Qələmini müxtəlif mövzularda sınayıb. Dövlət başçısının humanizm prinsiplərinə əsaslanan diqqət və qayğısından bəhrələnən jurnalistlərdən biridir. Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlərə verilən mənzillərdən biri də onun payına düşüb. Qələm dostumuz 50 yaşını bu mənzildə qarşılayır.
Bu həm də “Azərbaycan” qəzetində onun əməyinə verilən yüksək qiymətdir. Odur ki, məsul katibin müavinlərindən biri kimi işinə, vəzifəsinə və jurnalist peşəsinə məsuliyyəti dəfələrlə artıb. Redaksiyadaxili ictimai işlərdə də fəal iştirak edir.
Arzumuz budur ki, dostumuzun yolun əllinci aşırımını arxada qoyan ömür karvanı xoşbəxtliyə, zirvəyə doğru irəliləsin.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 12 iyul.- S. 8.