Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2015-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib
Prezident
İlham Əliyevin yekun nitqi
- Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl nəticələrlə başa vuraq. Əminəm ki, makroiqtisadi sabitlik də təmin olunacaq. Çünki bayaq dediyim kimi, inflyasiya cəmi 3,5 faiz təşkil edir və ümumiyyətlə hesab edirik ki, birrəqəmli inflyasiya hər bir ölkə üçün gözəl göstəricidir. Son illər ərzində bizdə inflyasiya çox aşağı səviyyədədir. Bu səviyyə əlbəttə ki, normal iqtisadi inkişafı təmin edir və insanların rifah halını yaxşılaşdırır.
Dövlət investisiya proqramı icra edilir. Bu proqram çox konkret xarakter daşıyır. İnvestisiya proqramı ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitədir. İlin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir.
Bu yaxınlarda müxtəlif bölgələrdə kənd yollarının tikintisi ilə əlaqədar müvafiq sərəncamlar imzalanmışdır və yeni sərəncamlar da imzalanacaq. Kənd yollarının tikintisi üçün həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılmalıdır ki, ilin sonuna qədər bu proses sürətlə davam etsin. Deyə bilərəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilmişdir və bu diqqət hesabına bir çox kəndlərdə yeni yollar salınmışdır. Amma hələ elə kəndlər var ki, orada yollar bərbad vəziyyətdədir. Bizdə bütün informasiyalar var. Mən bölgələrdə olarkən yerli icra orqanlarının nümayəndələri ilə bu məsələləri müzakirə edirəm, göstərişlər verirəm. Onlar təkliflər verir və sonra bu təkliflər nəzərə alınır, məsələlər həllini tapır.
Qazlaşdırma davam etməlidir. Hər ay mənə məlumat verilir, hansı rayonda hansı kənd qazlaşdırılıb. Demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Hesab edirəm ki, bu işlər daha da sürətlə aparılmalıdır. Qazlaşdırma Azərbaycanda çox yüksək səviyyədədir. Amma çalışmalıyıq ki, bu sahəni mümkün qədər daha da genişləndirək. Çünki buna böyük tələbat var.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır.
Bakıda da işlər davam edir. Baxmayaraq, bir neçə ildir ki, biz Bakıda təminatı artıq maksimum dərəcədə həll etmişik. Ancaq əlbəttə ki, şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır, “Ağ şəhər” kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almalıdır. Ona görə, yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var. Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır.
İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur. Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır.
Son illər ərzində görülən tədbirlər nəticəsində Bakıda içməli su ilə dayanıqlı, yəni, fasiləsiz təminat əhalinin 78 faizini əhatə edir. Əlbəttə, əvvəlki dövrlə müqayisə etsək, bu, yaxşı göstəricidir. Ancaq bu göstərici bizi heç cür qane edə bilməz. Bakı kimi gözəl, müasir şəhərdə 100 faiz təminat olmalıdır, 24 saat içməli su olmalıdır. Bu, çox ağır məsələdir, çünki burada həm böyük investisiyalar olmalıdır, həm də texniki məsələlər kifayət qədər mürəkkəbdir. Əlbəttə, investisiyalar ayrılır, texniki məsələlər də öz həllini tapır və çalışmalıyıq ki, biz Bakını içməli su ilə tam şəkildə təmin edək. Bütün bölgələr üzrə hər bir rayon üçün xüsusi layihə var. Dediyim kimi, bir çox rayonlarda başa çatıb, bəzi yerlərdə davam edir, yaxud da ki, hazırlıq işləri aparılır.
İçməli su ilə təminat əlbəttə ki, ilk növbədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Ancaq bununla bərabər qeyd etməliyəm ki, digər qurumlar da bu işlərlə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuları quraşdırır. Məndə olan məlumata görə, bu il 90 min əhali təmin olunub, 48 məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir. Bu proses davam etdirilməlidir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması davam edir. Hər il Prezidentin Ehtiyat Fondundan xüsusi vəsait ayrılır, bu barədə sərəncam mətbuatda dərc edilir və o sərəncamda həm kənd əhalisinin bunu bilməsi, eyni zamanda, nəzarət üçün bütün kəndlərin adları göstərilir. Bu il kəndlərdə 300 quyu qazılmalıdır. Onlardan 170-i artıq qazılıbdır və bu proqram artıq 630 min insanı əhatə edir. Beləliklə, “Azərsu” ilə bərabər, ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması üçün edirik və etməliyik.
Suvarma ilə bağlı layihələr. Artıq onların böyük hissəsi başa çatıb. Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək.
Xızı rayonunda artıq kanallar tikilir. Taxtakörpüdən qidalanan torpaq sahələri müəyyən edilib və minlərlə hektar torpaq sahəsi bu il artıq suvarılacaq və oradan biz yaxşı məhsul gözləyirik. Beləliklə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmli addımlar atılmış olur.
Bu il Tovuzçay su anbarının tikintisi başa çatıb. Bu da çox önəmli layihədir. İyirmi min hektar torpaqda suvarma yaxşılaşdırılacaq və 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır.
Əlbəttə ki, bunlar bilavasitə kənd təsərrüfatı ilə bağlı olan işlərdir. Giriş sözümdə qeyd etdiyim kimi, kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq.
Bütün lazımi tədbirlər görülüb - struktur islahatları aparılıb, müvafiq sərəncamlar imzalanıb. Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə özümüz təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını müzakirə edərək bu barədə xüsusi danışırıq. Bununla bərabər, biz ixrac bazarlarına çıxışı da əldə edirik. Çünki dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün ilk növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Digər tərəfdən, o bazarlarda bizim logistik imkanlarımız olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyəm, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar. Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi əsas problem ola bilər. Biz buna hazır olmalıyıq.
Sənayeləşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi.
Biz, eyni zamanda, özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Bu sahədə də böyük irəliləyiş var və tikinti materiallarını artıq ixrac etməyə başlamışıq. Bu istiqamətdə iş davam etdirilməli, ərzaq məhsulları ilə yanaşı, tikinti materiallarının ixracı üçün yeni bazarlar aşkar edilməlidir.
İş yerlərinin yaradılması qeyd etdiyim kimi, daimi proses olmalıdır. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhali artır. Bu da, əlbəttə ki, insanların yaşayış səviyyəsinin artması ilə bağlıdır. Belə olan halda iş yerləri daim diqqət mərkəzində olmalıdır. Bizdə hər il əhali orta hesabla təxminən 100 min nəfər artır. Yəni, bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Biz bunu nəzərə almalıyıq. Burada əlbəttə ki, düşünülmüş strategiya olmalıdır, bilirəm, müvafiq qurumlar, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər qurumlar bu strategiyanı işləyiblər. Bu, daim diqqət mərkəzində olacaq.
Qeyd etməliyəm ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb.
Ancaq, eyni zamanda, əlbəttə ki, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər. Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıbdır. Kapital qoyuluşu azalıbdır.
Mən giriş sözümdə qeyd etdim ki, son bir neçə il ərzində bəlkə ilk dəfədir, xarici sərmayə daxili sərmayəni üstələyib. Nəyə görə? Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir.
Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq.
Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın.
Biz ilin sonuna qədər sosial infrastrukturun yaradılması ilə məşğul olacağıq. Göstəriş vermişəm ki, məktəblərin, uşaq bağçalarının və tibb ocaqlarının tikintisinə əlavə vəsait ayrılsın.
Köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə lazımi tədbirlər görülür, həm Dövlət Neft Fondunun xətti ilə vəsait ayrılır, yeni binalar tikilir, eyni zamanda, dövlət büdcəsində güzəştlər nəzərdə tutulub. Bu məsələ daim diqqət mərkəzindədir. Çalışmalıyıq ki, köçkünləri gələcəkdə də maksimum dərəcədə tezliklə yaxşı mənzillərə, evlərə köçürək. Bilirsiniz ki, hər il orta hesabla 20 min insan artıq yeni mənzillərə köçürülür.
Mən bir məsələni də bildirmək istəyirəm. Həm ictimaiyyət bilsin, həm də ki, burada artıq bu məsələ uzun müddətdir müzakirə olunur, göstərişlər verilib. Bu da dərman preparatlarının bazarı ilə bağlı olan məsələdir. Əfsuslar olsun ki, uzun illər burada da çox xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalmışdır. Çünki biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər şey bazar tərəfindən tənzimlənir və təklif, qiymət, tələbat - yəni, bütün bunlar iqtisadi mexanizmlərdir. Hesab edirdik ki, indi bazar hər şeyi tənzimləyir, alıcılıq qabiliyyəti var, qiymətlər var. Amma sonra məsələni dərindən təhlil edərkən gördük ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.
İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə ediblər və bir neçə aydır ki, bu məsələ ilə ciddi məşğuluq. Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır. Ona görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra tətbiq edilməyə başlayacaqdır. Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq.
Hesab edirəm ki, biz sosial məsələləri müzakirə edərkən, əlbəttə, bu məsələlər sırf sosial xarakter daşıyır. Bu, mənəvi xarakter daşıyır. Dərman paltar, avtomobil deyil. Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar. Başa düşürsünüz nə edirlər? İnsanlar nə etsinlər? Ona resept yazırlar, o da gedir alır. Nəyi alır, hansı keyfiyyətdədir? O, onu qəbul etməlidir, yoxsa yox? O haradan bilsin? Dərd burasındadır. Ona görə, bax, biz bu sosial və mənəvi pozuntuları aradan götürəcəyik.
Digər sosial məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın.
Mən ekoloji vəziyyətlə bağlı dəfələrlə məsələ qaldırıram və şadam ki, Bakıda ekoloji vəziyyət yaxşılaşır. Son mühüm nailiyyət Böyükşor gölü ilə bağlıdır. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində yuxarıdan çəkiliş aparılarkən biz Böyükşor gölünün mənzərəsini də görürdük. Görürdük ki, bu, indi şəffaf, gözəl bir göldür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi. İkinci Dünya müharibəsi zamanı ondan açıq neft rezervuarı kimi istifadə edirdilər. Ondan sonra kanalizasiya, lay suları, bütün zir-zibil bu gölə tökülürdü və onun yanında dayanmaq mümkün deyildi. Artıq Böyükşor gölünün bir hissəsi təmizlənib, gözəl bulvar salınıb, göz oxşayır. Bu, göstərir ki, hər şeyi etmək mümkündür. Gərək, sadəcə, niyyət və istək olsun.
Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsi davam etməlidir. Bu il və gələn il bu məqsədlər üçün vəsait ayrılmalıdır. Beləliklə, şəhərdə gözəl göl yaranacaq. Bilirsiniz ki, biz təmizləmə işləri aparmaq üçün bu gölü bəndlə ikiyə böldük. Eyni zamanda, bu bənd gələcəkdə yola çevriləcək və əlavə bir yol arteriyası kimi fəaliyyət göstərəcək.
Zığ gölünün təmizlənməsi prosesi də bu il başlamalıdır. Bu məqsədlər üçün də büdcədən vəsait tapın və biz bunu da yubatmayaq.
Eyni zamanda, bu il Bakıda Ağ Şəhər bulvarı istifadəyə verilib. O da ekoloji fəlakət zonasında yaradılan bulvardır. Bayıl bulvarı neft buruqlarına qədər gəlib çatıb. Yəni, o tərəfə daha gedə bilmirik, çünki artıq orada neft hasil edilir, bu tərəfə də gedə bilmirik ki, orada neftayırma zavodu yerləşir. Ona görə, yəqin ki, bir neçə il gözləməli olacağıq. Heydər Əliyev adına neftayırma zavodunda böyük yenidənqurma işləri nəzərdə tutulur. Hesab edirəm ki, Ağ Şəhər bulvarına yaxın yerləşən neftayırma zavodu tədricən oradan köçürülməlidir. Bu, həm ekoloji cəhətdən lazımdır, həm də işin daha da səmərəli şəkildə qurulması bunu tələb edir. İndi o yerlərdə, o zonalarda olan insan oraya yaxınlaşdıqca dərhal havanın tərkibini hiss edir. Biz havanı təmizləməliyik, havanı çirkləndirən orada uzun illər fəaliyyət göstərən bir qurğudur.
Əminəm ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər.
Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam. Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək.
Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır.
Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər.
Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şərəfli missiyanı öz üzərimizə götürmüşük və bunu ən yüksək səviyyədə keçirmişik. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Bu, ölkəmizin gücüdür, potensialıdır. Ən sevindirici hal ondan ibarətdir ki, idmançılarımız bizi sevindirib və komanda hesabında ikinci yerə çıxıblar. Onlar 21-i qızıl olmaqla 56 medal qazanıblar və sübut ediblər ki, Azərbaycan idman dövlətidir, Azərbaycan güclü dövlətdir. Bütün qurumlar çox fəal işlədilər, təşkilat, təhlükəsizlik, nəqliyyat məsələləri, obyektlər, idman qurğuları, könüllülər, yəni, hər şey ən yüksək səviyyədə həll olunmuşdur. Bu, doğrudan da bizim böyük qələbəmizdir.
Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlisilahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, sən müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fövqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlisilahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar - budur bizim dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliyə gedirik. Sağ olun.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 iyul.- S. 3,4.