Azərbaycan-Belarus əməkdaşlığı
bütün sahələr
üzrə yaxşı
əsaslar üzərində
qurulub
İyulun 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Belarusun ölkəmizdəki səfiri Nikolay Pastkeviç ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Əli Həsənov ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələr üzrə yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb, İsmayıllı rayonu ərazisindəki məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin rayonda Belarus təşkilatı tərəfindən inşa edilən 45 ailəlik yeni yaşayış qəsəbəsinin, 96 şagird yerlik məktəbin, tibb məntəqəsinin tikintisi və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Səfirlə fəaliyyət müddəti ərzində əvvəlki görüşlərini minnətdarlıqla xatırladan Baş nazirin müavini ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rəsmi Minskin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Nikolay Pastkeviç ölkəmizdə gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Səfir Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı durumu, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Azərbaycan.- 2015.- 14 iyul.- S. 7.