Məhkəmə-hüquq sahəsində
səmərəli fəaliyyətinə
görə fərqlənən
şəxslərin yüksək
dövlət təltiflərinə
layiq görülməsi
böyük məsuliyyət
hissi yaradır
Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə yüksək dövlət təltiflərinə layiq görülən şəxslərə həmin təltiflərin təntənəli təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məhkəmə sisteminin inkişafı üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən islahatların müsbət nəticələrini qeyd edib, qazanılan nailiyyətlərin ölkəmizin sosial-iqtisadi sahələrdə sürətli inkişafının məntiqi davamı olduğunu, dövlətimizin həyata keçirdiyi möhtəşəm layihələrin, o cümlədən birinci Avropa Oyunlarının bütün dünyada heyranlıqla izlənilməsinin hər birimizdə yüksək qürur hissi yaratdığını vurğulayıb.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə, həmçinin bu qurumun fəaliyyət göstərdiyi 10 il ərzində dövlətimizin başçısının tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə atılan addımlara toxunulub. Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkəmizdə 20-dək yeni, o cümlədən regional apellyasiya və ixtisaslaşmış məhkəmələr yaradılıb, ilk dəfə olaraq inzibati ədliyyə institutu və yeddi bölgədə inzibati məhkəmələr təsis olunub, hakim ştatlarının sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılıb, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakim üçün köməkçi ştatı müəyyən olunub.
Korrupsiya və digər mənfi halların aradan qaldırılması barədə dövlətimizin başçısının tapşırıqları daim diqqət mərkəzində saxlanılıb, 200-dək hakim barədə intizam icraatı başlanılıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. O cümlədən Şuranın hazırki iclasında 5 hakim barədə intizam icraatlarına baxılıb, insan haqlarının kobud pozulmasına, habelə vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sahibxan Mirzəyevə, Faiq Qasımova, Camal Ramazanova, Ağcabədi Rayon Məhkəməsinin sədri Xanlar Fərhadova və hakimi Etibar Quliyevə töhmət verilib.
Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib. Hakimlərin seçilməsinin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilərək 307 nəfər hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin ediliblər.
Hazırda hakim korpusunun 60 faizə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90 faizini yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edirlər. Həmin hakimlərdən yüksək peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 60 nəfərinin, başqa sözlə, hər 5 nəfərdən birinin yuxarı məhkəmələrə, 19 nəfərinin məhkəmə sədri vəzifəsinə irəli çəkilməsi, habelə 2 nəfərinin Şura, 2 nəfərinin isə Hakimlərin Seçki Komitəsinin üzvü seçilməsi bu prosesin obyektivliyinin əlavə göstəricisi olub.
Görülmüş tədbirlər, o cümlədən Hakimlərin Etik Davranış Kodeksinin qəbulu, məhkəmələrdə sənəd dövriyyəsinin yeni, mütərəqqi qaydasının və bu sahədə elektron sistemlərin tətbiqi, məhkəmə infrastrukturunun əsaslı şəkildə yaxşılaşdırılması, habelə şəffaf xidmətlərin göstərilməsi məqsədilə müasir İKT-dən istifadə ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərib.
Təsadüfi deyil ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanı öncül ölkə, habelə Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda hakimlərin seçimini örnək kimi qiymətləndirib.
Məhkəmə-Hüquq Şurasında keçirilən tədbirdə dövlətimizin başçısının 2015-ci il 19 may tarixli sərəncamları ilə təltif edilmiş şəxslərə həmin təltiflər təntənəli təqdim olunub.
Dövlət təltiflərinə layiq görülən şəxslər çıxışlarında onların fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə sonsuz ehtiramlarını ifadə edib, bunun böyük məsuliyyət hissi yaratdığı, onları müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığını bildiriblər.
Tədbirdə Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev iştirak edib.
Azərbaycan.- 2015.- 14 iyul.- S. 7.