Azərbaycan
Respublikasında ali konstitusiya ədalət
mühakiməsi orqanının fəaliyyətə
başlamasından 17 il keçir
Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının - Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur. Ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, dövlətçilik tariximiz üçün tam yeni institut olan konstitusiya nəzarəti orqanının yaradılması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasının siyasi rəhbərliyinə qayıdışından sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu siyasətinin gerçəkləşdirilməsinə başlanılmış, bu siyasətin mühüm tərkib hissəsi kimi hüquqi islahatlar aparılmış, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu islahatlar çərçivəsində ölkəmizin gələcək inkişafının konseptual əsaslarını müəyyən edən yeni Konstitusiyanın qəbul edilməsi müstəsna əhəmiyyətli hadisə olmuş və respublikamızın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına mükəmməl hüquqi zəmin yaratmışdır.
Konstitusiya Azərbaycanın zəngin dövlətçilik ənənələrinə, habelə dünya konstitusionalizminin qabaqcıl təcrübəsinə əsaslanaraq, milli və ümumbəşəri dəyərləri özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni tərəqqiyə güclü təkan verdi. Dövlət quruculuğuna dair müasir doktrinal yanaşmalara əsaslanan yeni Konstitusiya siyasi, iqtisadi və sosial münasibətlər sisteminin fundamental prinsiplərini və normalarını müəyyən etdi. Ölkə Konstitusiyasının hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət ideyası, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olması fikri təşkil edir, müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi dəyərlər bu ümummilli əhəmiyyətli sənəddə geniş şəkildə əksini tapmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 14 iyul tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin 7 hakiminin təyin edilməsi və həmin ilin iyulun 18-də ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı fərman ilə Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başlamışdır.
Fəaliyyətə başladığı gündən bu yana Konstitusiya Məhkəməsi ölkə Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək kimi ali məqsədə xidmət etmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edərək ölkəmizdə konstitusionalizm ideyalarının həyata keçirilməsinə, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, hər kəsin Konstitusiyaya və qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə töhfələr vermişdir.
Konstitusiya Məhkəməsinin fəaliyyətinin ilk illəri daha çox Məhkəmənin təşəkkül dövrü və bütövlükdə cəmiyyətimiz tərəfindən onun konstitusiya ədalət mühakiməsi orqanı kimi dövlət və ictimai həyatdakı rolunun qəbul edilməsi ilə bağlı olmuşdur. Xüsusilə də bu orqan cəmiyyət üçün tamamilə yeni təsisat olduğundan ictimaiyyət arasında onun statusu və fəaliyyət istiqamətləri barədə geniş təsəvvürün formalaşması müəyyən zaman tələb edirdi.
Qeyd edilməlidir ki, konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi həm də bu institutun özünün təkamülünü nəzərdə tutur. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, insan hüquq və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası Konstitusiyaya dəyişikliklərin olunmasını zəruri edirdi. Məhz bu zərurətdən irəli gələrək ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə cəmiyyətin inkişafından irəli gələn bir sıra dəyişikliklər edilmiş, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilmiş, məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir.
Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişlənməsi ilə nəticələnmiş konstitusiya islahatları müasir dövrdə dünyada gedən konstitusiya nəzarətinin inkişaf meyillərinə uyğun aparılmış, Məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və Konstitusiya Məhkəməsinin timsalında insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsinə əlverişli zəmin yaratmışdır. Konstitusiya islahatlarının ardınca qəbul edilmiş və 2004-cü il yanvarın 8-dən qüvvəyə minmiş “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması prosedurları da müəyyənləşdirilmişdir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır və onun nəzarət yurisdiksiyasına normativ-hüquqi aktların geniş dairəsi daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquqtətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.
Qeyd etmək yerinə düşər ki, müasir cəmiyyətlərdə konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının mühüm mexanizmlərindən biri hesab olunur. Konstitusiya nəzarəti ideyası tarixən konstitusiyaların aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsi mexanizmlərindən biri kimi formalaşmış, müasir dövrdə isə demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz atributlarından birinə çevrilmişdir.
Konstitusiya nəzarəti orqanları məhkəmə hakimiyyətinə daxil olan digər orqanlardan fərqli təbiətə malikdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin funksiyaları xüsusi xarakterli və ixtisaslaşmış nəzarət fəaliyyətinin ən yüksək forması olmaqla, digər məhkəmə nəzarəti fəaliyyətindən fərqlidir, özünəməxsus obyektləri, subyekt tərkibi, prinsipləri, formaları, hüquqi vasitələri mövcuddur. Konstitusiya Məhkəməsinin qərarları ilə əlaqədar olaraq bu fərqlilik özünü daha aydın büruzə verir. Belə ki, öz qərarları vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini və birbaşa hüquqi qüvvəsini təmin edir, insan hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir.
Qeyd edilməlidir ki, qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilmir. Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur.
Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Konstitusiyanın və qanunların şərh edilməsi bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla onun konstitusiya-hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. Konstitusiya Məhkəməsi bu səlahiyyətini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu və ümumi məhkəmələrin müraciəti əsasında həyata keçirir.
Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bu günədək qəbul edilmiş 306 qərardan 135-i Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur.
Diqqətə çatdırılmalıdır ki, son illərdə məhkəmələrdən Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı xeyli artmışdır. Həmin müraciətlərdə digər məhkəmələr, hüquq- mühafizə orqanları və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu, onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər və bir çox hallarda baxılan iş üzrə icraatı dayandırmaqla, Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusiya prinsiplərinə əsaslanan konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu isə son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış edir.
Qeyd edildiyi kimi, fəaliyyətə başladığı ilk illərdə Konstitusiya Məhkəməsinə birbaşa fərdi şikayətlərin verilməsi nəzərdə tutulmurdu. 2002-ci ildə keçirilmiş konstitusiya islahatlarından və “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı.
Konstitusiya şikayəti institutu insan hüquqlarının və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından birini təşkil edir və Əsas Qanunun sadəcə deklarativ müddəalardan ibarət sənəd deyil, birbaşa qüvvədə olan normalar məcmusuna çevrilməsi baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin əksəriyyəti məhkəmə aktlarındandır və əsasən mülki, mənzil, ailə, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır. Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən fərdi şikayətlər əsasında 106 qərar qəbul edilmişdir. Həmin qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır.
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının - bərabərlik hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, vərəsəlik hüququ, əmək hüququ, mənzil hüququ, hüquq və azadlıqların məhkəmə təminatının həyata keçirilməsi ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsinin qərarları dövlətin və cəmiyyətin inkişafının konstitusiya-hüquqi tənzimlənməsinə, qanunvericiliyin Konstitusiya dəyərlərinə və prinsiplərinə uyğun inkişaf etdirilməsinə, hüquqtətbiqetmə təcrübəsinin formalaşdırılmasına əhəmiyyətli təsir göstərir. Konstitusiya Məhkəməsinin qərarlarında Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılır.
Konstitusiya Məhkəməsinin Plenumu son qərarlarından biri olan “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı əvvəlki hüquqi mövqelərini inkişaf etdirərək bir daha qeyd etmişdir ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə məqbul müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün səmərəli və real imkanlarının olmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüququ məhdudlaşdıran tədbirlərin Konstitusiya və qanunvericiliyin müvafiq müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalı olduğunu vurğulamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında, həmçinin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar qeyd etmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra vurğulamışdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının müvafiq müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər... Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin müvafiq müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər.
Son illərdə ölkəmizdə digər sahələr kimi, ətraf mühitin mühafizəsi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan hesab edirik ki, ölkəmizin iqtisadi potensialının yüksəldilməsində mühüm rol oynayan torpaqların, o cümlədən meşə fondu torpaqlarının mühafizəsi böyük əhəmiyyət kəsb edir. Belə ki, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin pozulması ölkəmizin ekoloji və ehtiyat potensialının, bütövlükdə cəmiyyətin və dövlətin mənafelərinin pozulmasına səbəb olur.
Bu mövqedən irəli gələrək Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 30 mart tarixli Qərarında cinayət və inzibati xətalar qanunvericiliyi ilə qorunan obyektə yönələn hüquqazidd əməllərin obyektiv cəhətlərinin üst-üstə düşməsinin həmin əməllərin tövsifində qeyri-müəyyənliyə səbəb olması və hüquqtətbiqetmə təcrübəsində çətinliklər yaratması ilə əlaqədar qeyd etmişdir ki, cinayət və inzibati xətalar qanunvericiliklərinin məsuliyyət nəzərdə tutan normaları birmənalı, aydın, ardıcıl və başadüşülən olmalı, eyni hüquqazidd əmələ görə məsuliyyət nəzərdə tutan hüquq normalarının tərkibi qanunverici tərəfindən dəqiq və bir-birindən fərqli müəyyən olunmalıdır. Əks hal hər kəsin hüquq və azadlıqlarının müdafiə olunmasını, hüquq tətbiqedənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirə və şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və ya əksinə təqsirli şəxsin törətdiyi əmələ görə cəzasız qalmasına gətirib çıxara bilər. Eyni zamanda, bu, şəxsin bir hüquqazidd əmələ görə iki dəfə məsuliyyətə cəlb olunmasına şərait yarada bilər.
Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin belə nəticəyə gəlmişdir ki, cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquq tətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla onun hərəkətlərini cinayət və ya inzibati xətalar qanunvericiliyinin müvafiq maddələri ilə tövsif etməlidirlər.
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət prosesi iştirakçılarının hüquqlarını və qanuni maraqlarını təmin etmək təhqiqat və istintaq orqanlarının, prokurorun və məhkəmələrin ən mühüm vəzifələrindən birini təşkil edir. Şəxsiyyətin, xüsusilə də cinayət prosesi iştirakçılarının hüquqlarına zəruri diqqət yetirmədən həqiqi ədalət mühakiməsini həyata keçirmək mümkün deyil. Cinayət prosesində iştirak edən hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiə və təmin edilməsi hüquqi dövlətin mühakimə icraatında yeritdiyi ədalət siyasətinin ana xəttidir və məhkəmə hakimiyyətinin həyata keçirilməsinin yeganə yoludur. Belə şəxslərin hüquqlarının və qanuni maraqlarının təminatlarının artırılması nəinki şəxsiyyətin, həm də ümumiyyətlə cəmiyyətin mənafelərinə tam uyğundur.
Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malik olmaqla tərəflərin məsuliyyətli olmasını və müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirmələrini zəruri edir. Bu mövqedən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü, 399.4-cü, 445-ci və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsinin, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət etdiyini vurğulamış və qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədləri ilə əlaqədar əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərə istinadən bir daha qeyd etmişdir ki, bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsinin və layiqli həyat səviyyəsinə qayğının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır... Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq olunmasını mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
Bu gün əminliklə deyə bilərik ki, Məhkəməmiz Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarları ilə Konstitusiyanın aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiə olunması məqsədlərinə xidmət edir, konstitusiya dəyərlərini və prinsiplərini müdafiə edərək Azərbaycanın milli hüquq sisteminin və qanunvericiliyinin inkişafına öz töhfəsini verir, onları konstitusiya ideyaları ilə zənginləşdirir.
Konstitusiya ədalət mühakiməsinin müasir meyillərinin davamlı olaraq izlənilməsinin və tətbiq edilməsinin müasir dövrdə konstitusiya nəzarəti orqanları qarşısında duran mühüm vəzifələrdən biri olduğunu nəzərə alaraq, Məhkəməmiz beynəlxalq təcrübəyə böyük diqqət yetirir, öz qərarlarında respublikamızın qoşulduğu beynəlxalq hüquqi sənədlərin, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Bu isə Məhkəmənin mövqeyinin daha da zənginləşdirilməsinə, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Konstitusiya Məhkəməsinin qarşısında duran mühüm vəzifələrdən biri 2015-ci ildə keçiriləcək növbəti parlament seçkilərinin nəticələrinin düzgünlüyünün qanunla müəyyən edilmiş qaydada yoxlanılması və təsdiq edilməsidir. Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunvericiliyin ona verdiyi səlahiyyətlər həddində bu məsuliyyətli prosesə öz töhfəsini verəcəkdir.
Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək xarici ölkələrin konstitusiya nəzarəti orqanları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Bu ilin noyabrında Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna əhəmiyyətli hadisənin - müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsinin iyirmi ili tamam olacaq. Bu əlamətdar hadisə ilə əlaqədar olaraq, Konstitusiya Məhkəməsi xarici ölkələrin konstitusiya məhkəmələrinin sədrlərinin və hakimlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsini planlaşdırır və bununla bağlı hazırlıq işləri aparılır. Qeyd edilməlidir ki, məhkəməmiz ilə xarici ölkələrin konstitusiya nəzarəti orqanları arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı konstitusiya məhkəmələri arasında hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.
Müasir Azərbaycan dünya birliyində özünə layiqli yer tutmağa müvəffəq olmuş və regionun müstəqil siyasət yürüdən lider dövlətidir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində ölkəmiz öz geostrateji və iqtisadi potensialından səmərəli istifadə edərək dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmiş, beynəlxalq aləmdə tolerantlığın və dözümlülüyün məkanı kimi tanınmışdır. Hüquqi dövlət ideya və prinsiplərinin bərqərar edilməsi, ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial rifahının günbəgün daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrdə tərəqqi - bütün bunlar düşünülmüş milli strategiyanın tərkib hissəsi olaraq davamlı xarakter daşıyır.
Azərbaycan dövləti sivil dünyanın bir üzvü kimi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə böyük önəm verir. Bunun ən bariz nümunəsi ölkəmizin Avropa qitəsinin tarixində ilk dəfə keçirilmiş Avropa Oyunlarına evsahibliyi etməsidir. Azərbaycanın qısa zaman kəsiyində Avropa Oyunlarına yüksək səviyyədə hazırlığı və təşkilatçılığı, bu Oyunlara layiqincə evsahibliyi etməsi, xalqımızın mədəni və milli-mənəvi dəyərlərinin qitə və bütün dünya miqyasında təbliği, idmançılarımızın qazandıqları yüksək nailiyyətlər Azərbaycanın hər bir vətəndaşında hədsiz sevinc və qürur hissi doğurur. Bütün Azərbaycan xalqı kimi, Konstitusiya Məhkəməsinin kollektivi də ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini yüksək əhval-ruhiyyə ilə qarşılamış, idman yarışlarını tribunalardan canlı izləmiş və ölkə idmançılarının uğurlarını böyük sevinc hissi ilə qarşılamışdır. Əminik ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı tarixi nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcəkdir.
Konstitusiya Məhkəməsi də ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesində bundan sonra da fəal iştirak edəcək, Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi işində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Fərhad
ABDULLAYEV,
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin sədri
Azərbaycan.- 2015.- 14 iyul.- S. 9.