Zəfər bayrağımız daim zirvələrdə dalğalansın
Qitələrarası mədəniyyətlərin bir araya gətirildiyi Azərbaycan dünyanın diqqətini indi daha çox çəkir. Bunun bir səbəbi də ölkəmizdə ilk Avropa Oyunlarının çox yüksək səviyyədə, möhtəşəm keçirilməsidir. Lakin I Avropa Oyunları Azərbaycanda keçirilənə qədər də ölkəmizin sürətli inkişafla iqtisadi, mədəni yüksəlişə nail olmasını inkar etmək mümkün deyil. Bundan başqa, bir sıra beynəlxalq tədbirlərin burada keçirilməsində qazanılan təcrübə də dünya xalqlarının marağına səbəb oldu.
İdmanla mədəniyyətin dili daha çox anlaşılandır. Ona görə də mədəni əlaqələrin genişlənməsi bütün dövrlərdə xalqlar arasında vacib ünsiyyət faktoru kimi mühüm əhəmiyyət kəsb edir. I Avropa Oyunlarına hazırlıq işlərini qısa zaman ərzində yüksək səviyyədə başa çatdıran Azərbaycan iştirakçıları, eləcə də onlara azarkeşlik edənləri milli adət-ənənəyə uyğun şəkildə - qonaqpərvərliklə qarşıladı və yola saldı.
Belə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi heç də hər xalqa nəsib olmayan xoşbəxtlikdir. İlk Avropa Oyunları xalqımızın sülhpərvər, tolerant, qədim mədəniyyətə və zəngin mənəviyyata malik olduğunu təsdiqləyən möhtəşəm idman bayramı kimi tarixə yazıldı.
Odlar diyarı uzun müddət idman təntənəsi yaşadı. “Bakı-2015” I Avropa Oyunları məşəl estafeti ilə başlamışdı. Estafet respublikamızın, bütün bölgələrini dolaşdı. Yerlərdəki tarixi, mədəniyyət abidələrinə və son illər nail olunan sosial-iqtisadi inkişafı özündə əks etdirən quruculuq işlərinə işıq saldı. Başqa sözlə, “Atəşgah” məbədindən yandırılan məşəl vətənimizi başdan-başa dolaşmaqla, mərasimə əlavə çalar gətirdi. I Avropa Oyunlarının məşəli müqəddəs hesab edildi. Bu, belə də olmalı idi, çünki onu xalqımızın taleyinə, dövlətimizin tarixinə adını qurucu, dünyanın siyasi və ictimai, həm də dövlət xadimləri sırasına böyük hərflərlə yazan, ümumi inkişafımızın qarantı, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev alovlandırmışdı.
I Avropa Oyunlarına hazırlıqla bağlı bütün təşkilati məsələlər yüksək səviyyədə həyata keçirildiyinin də şahidi olduğu Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox qısa müddət ərzində görülən işlər Azərbaycanın bu möhtəşəm tədbiri yüksək səviyyədə keçirməsi üçün böyük inam yaratmışdı. I Avropa Oyunları ölkəmizin taleyində çox şeyi dəyişdi. Ölkəmizin adı Avropa Oyunlarının ev sahibi kimi bu qitənin tarixinə yazıldı. Azərbaycanı bugünə kimi virtual tanıyanlar xalqımızla ünsiyyət qurur, tarixi yerlərimizi gəzib milli adət-ənənələrimizlə yaxından tanış oldular. Bir sözlə, hansı inkişafa, mədəniyyətə malik olduğumuzu gözləri ilə gördülər. Bu isə bizə çox lazımdır. İkili standartların hökm sürdüyü dünyaya haqq səsimizin çatdırılması baxımından da bu vacib idi. Bunlardan savayı, dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan sözün əsl mənasında tolerant, humanist, yüksək və dinamik inkişaf yolunda, zəngin mənəvi dəyərlərə malik bir ölkədir.
Ölkəmizi dolaşan məşəl Bakıda da təntənə yaşatdı. Elm və sənət xadimlərimizin məşəli bir-birinə ötürərək Bakının tarixinə və bugünkü müasirliyinə işıq salması paytaxtda yüksək coşqu yaratmışdı. Müasir Bakının rəmzi olan Alov qüllələrindən məşəlin endirilərək İçərişəhərin tarixi küçələrini dolaşıb yenidən Qız qalasına qayıtması turistlərin də marağına səbəb olmuşdu.
Artıq, I Avropa Oyunları tarixə çevrildi. “Eurovision-2012” mahnı müsabiqəsində Bakı mədəniyyət və incəsənət, bu dəfə isə həm də idman ölkəsi olduğunu təsdiqlədi.
Qızıl medala layiq görülən idmançılarımızın əksəruyyətini cənab Prezidentin şəxsən təbrik və təltif etməsi də xalq-hakimiyyət birliyinin nümunəsi kimi bütün dünyaya mesaj oldu. I Avropa Oyunlarının medal göstəriciləri üzrə Azərbaycanın 2-ci sırada olması qürurvericidir.
Açılış və bağlanış tədbirlərinin möhtəşəmliyindən isə dünya mətbuatı hər gün yazır, Azərbaycanı nəinki Avropa, hətta, Olimpiya Oyunlarının keçirilməsinə layiqli ev sahibi kimi tədqim edirlər. Bundan xoş nə ola bilər.
Siyavuş KƏRİMİ,
Azərbaycan Milli Konservatoriyasının
rektoru,
professor
Azərbaycan.- 2015.- 14 iyul.- S. 10.