ADA Universitetində birinci Yay Məktəbinin açılışı olub
İyulun 13-də ADA Universitetinin və Avropa İttifaqının birgə təşkil etdiyi birinci Yay Məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məktəb iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, səkkiz gün davam edəcək təlimlərə Azərbaycan, Belçika, Rumıniya, Gürcüstan, Danimarka və İtaliyanın akademik dairələrinin 20 nümayəndəsi qatılıb. Yay Məktəbinin təlimçiləri Avropa Kolleci, Avropa Parlamenti, Avropa İnstitutu və digər nüfuzlu siyasi tədqiqat mərkəzlərinin mütəxəssisləridir.
Hafiz Paşayev Yay Məktəbinin təşkilində əsas məqsədlərdən birinin də xarici iştirakçıların ADA Universiteti ilə tanış olmaları və gələcəkdə burada təhsillərini davam etdirmək istəklərinin yaranması, Azərbaycan haqqında öyrəndiklərini öz ölkələrində təbliğ etmələri olduğunu söyləyib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard çıxış edərək məktəbin iştirakçılarına uğurlar arzulayıb. Bildirib ki, Avropa İttifaqı təsisatlarını daha yaxından öyrənmək məqsədi daşıyan təlim proqramı təşkilata üzv dövlətlərin tarixi, iqtisadi və enerji siyasəti, insan hüquqları və digər mövzuları əhatə edir. Yay Məktəbi iştirakçılarının bu mövzularla bağlı bilikləri genişlənəcək, onlar biliklərinin praktiki tətbiqi yollarını öyrənəcəklər. Proqramın yekunu kimi məzunlar “Avropa İttifaqının gələcəyi” mövzusunda elmi məqalə hazırlamalıdırlar.
Azərbaycan.- 2015.- 14 iyul.- S. 11.