Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Kann şəhərində
Azərbaycan mədəniyyəti
günləri keçiriləcək
İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, milli və caz musiqisinin, ənənə və müasirliyi yaşadan incəsənətimizin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.
Belə ki, Azərbaycan bu il iyulun 14-dən Kannda başlayan ənənəvi Pirotexnika Sənəti Festivalında (Festival d'Art Pyrotechnique) iştirak edəcək. Qeyd edək ki, Azərbaycan bu festivalda 2013-cü ildən təmsil olunur. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir. Müsabiqə iyulun 14-də “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayacaq.
“Bakı Atəşfəşanlıq Qrupu”nun şousu Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası, Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi, “Qarabağ Azərbaycan incisidir” əsəri, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi, Tofiq Quliyevin “Qaytağı” əsəri, Müslüm Maqomayevin “Azərbaycan”, Ələkbər Tağıyevin “Nə gəlməz oldun”, həmçinin “Azərbaycan maralı”, “Sarı gəlin” xalq mahnıları, görkəmli muğam ustası Alim Qasımovun ifasının müşayiəti ilə təqdim olunacaq. Elə həmin gecə Azərbaycanın xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov və onun ansamblının konserti keçiriləcək.
İyulun 15-də isə Kannda, Festivallar Sarayında “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgi açılacaq. Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri-xalça eskizləri, əsasında milli xalça motivlərinin dayandığı modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim olunacaq. İyulun 16-dan ictimaiyyət üçün açıq olacaq sərgi iyulun 31-dək davam edəcək.
İyulun 15-də daha sonra Festivallar Sarayında “Azərbaycan musiqi gecəsi” keçiriləcək. Konsert proqramında tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunacaq.
Mədəniyyət günləri ilə əlaqədar artıq Kann şəhərində Azərbaycanı tərənnüm edən müxtəlif banerlər quraşdırılıb.
Xatırladaq ki, Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa və onun regionlarında bir sıra tədbirlər həyata keçirən Heydər Əliyev Fondu dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan mədəniyyəti günləri təşkil edir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 iyul.- S. 11.