Azərbaycan sivilizasiyalararası dialoqa layiqli töhfə verir
Prezident İlham ƏLİYEV: “Biz istəyirik ki, ölkələr arasındakı
əlaqələr əməkdaşlıq
üzərində qurulsun.
Rəqabət üzərində
qurulmasın, xoş niyyət üzərində
qurulsun”
Bəşəriyyət tarixinin çətin dövrünü yaşayır. Qlobal iqtisadi böhran davam edir, beynəlxalq təhlükəsizlik sistemi çat verir, supergüclər dünyaya nəzarət uğrunda mübarizə aparır, kiçik ölkələr böyük dövlətlərin maraqlarına qurban gedir. Geosiyasi, geoiqtisadi maraqlar planetin bütöv regionlarını qan gölünə çevirir. Şimali Afrikada, Yaxın Şərqdə, Avropanın şərqində cərəyan edən proseslər bəzən “üçüncü dünya müharibəsi” kimi qiymətləndirilir.
Belə bir mürəkkəb şəraitdə sivilizasiyalararası əlaqələrin gələcəyi misilsiz əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, müxtəlif dinləri, məzhəbləri, mədəniyyətləri bir-birinə qarşı qoymaq meyilləri nəinki özünü göstərir, hətta bir çox hallarda real fakt kimi ortaya çıxır. Ksenofobiya, xüsusilə islamofobiya təzahürləri getdikcə təhlükəli hal alır. Milli, dini zəmində toqquşmalar, müharibələr dayanmaq bilmir. İstər-istəməz belə bir sual yaranır: doğrudanmı bəşəriyyət total qarşıdurmaya sürüklənir? Doğrudanmı bütün dünya ilə diktə dilində danışmaq yolu seçmiş güc mərkəzlərinin siyasəti sivilizasiyalararası dialoq imkanlarını heçə endirir?
Fərqli mədəniyyətlərə mənsub insanların dinc yanaşı yaşamasını, xoş münasibətlərini, əməkdaşlığını, heç şübhəsiz, sağlam təfəkkür şərtləndirir. Təəssüflər olsun ki, bəşər övladının yaşadığı təhlükələr məhz sağlam təfəkkür çatışmazlığından qaynaqlanır. Multikulturalizmin iflasa uğradığını uca səslə bəyan edən Qərb siyasi dairələrindən sivilizasiyalararası dialoqa münasibətdə hansısa konstruktiv mövqe gözləmək sadəcə olaraq sadəlövhlükdür.
Bununla belə, dünya xoş niyyətli insanlardan, bəşəriyyətin taleyini düşünən qüvvələrdən də xali deyil. Zaman-zaman müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrini bir araya gətirib dialoq platforması yaratmaq təşəbbüsləri irəli sürülür. Özü də belə təşəbbüslər daha çox müsəlman ölkələrində reallaşdırılır. Bu baxımdan Azərbaycan dövlətinin dinlərarası, mədəniyyətlərarası dialoq naminə gördüyü işlər təqdirəlayiqdir.
Azərbaycan cəmiyyətinin belə bir təşəbbüslə çıxış etməsi tamamilə təbiidir: burada dini, milli tolerantlıq ən yüksək səviyyədədir, din-dövlət münasibətləri, millətlərarası münasibətlər digər ölkələrə nümunə ola bilər. Bu, müstəqil Azərbaycanın reallıqlarıdır. Prezident İlham Əliyevin bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında iftar mərasimində çıxış edərkən vurğuladığı kimi, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır. Dövlət başçısı əlavə etdi ki, tolerantlıq mühiti cəmiyyətimiz üçün adi hala çevrilib: “Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir”.
Eyni zamanda Prezident İlham Əliyev multikulturalizmin əleyhdarlarınının bəşəriyyət üçün yaratdığı təhlükəyə toxundu: “Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Bax belə olmalıdır. Budur normal həyat tərzi, budur normal siyasət”.
Odur ki, Azərbaycan kimi tolerant ölkənin dinlərarası, mədəniyyətlərarası dialoq məkanına çevrilməsi tamamilə təbiidir. Gənc müstəqil dövlət belə bir mühüm missiyanın icrasına hələ 2008-ci ildə başlamışdır. Həmin ilin dekabrında Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransı keçirildi. Konfransda ilk dəfə olaraq 10 müsəlman ölkəsinin iştirak etməsi ilə yeni bir formatın əsası qoyuldu. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin qatıldığı konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi və beləliklə, sivilizasiyalararası dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nə start verildi. 2010-cu ildə Azərbaycan 32 dövlətin dini rəhbərlərinin ümumdünya sammitini təşkil etdi. Prezident İlham Əliyevin fərmanı ilə “Bakı prosesi” çərçivəsində həyata keçirilən qlobal layihə - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ildən bəri iki ildən bir Azərbaycanda keçirilir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu qurumların həmtəşkilatçılığı ilə sonuncu, 3-cü forum cari ilin mayında Bakıda təşkil olundu. Forumun mövzusu - “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” tədbirin müasir beynəlxalq ictimai-siyasi şəraitdə fövqəladə əhəmiyyətindən xəbər verirdi.
Göründüyü kimi, dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycan mədəni müxtəlifliyin tərəfdarı kimi xalqlar və ölkələr arasında qarşılıqlı faydalı, xoş niyyətli əlaqələrin inkişafına layiqli töhfə verir. Həm də tolerantlıq nümunəsi olan ölkəmiz bu təcrübəsini digər ölkələrlə paylaşır.
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2015.- 15 iyul.- S. 11.