“Milli-mənəvi dəyərlər
və müasirlik” mövzusunda müsabiqənin
qalibləri mükafatlandırıldılar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında birgə təşkil etdiyi “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin yekunları ilə bağlı dünən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov əvvəlcə mərasim iştirakçılarını milli mətbuatımızın 140 illiyi münasibətilə təbrik etdi. Sonra mətbuatın mənəvi dəyərlərimizin təbliğində və qorunmasındakı rolundan söz açaraq qeyd etdi ki, Həsən bəy Zərdabi 140 il öncə “Əkinçi” qəzetini təsis edərkən qarşıya qoyduğu əsas məqsədlərdən biri milli ruhun yaşadılması, milli kimliyimizin tanıdılması idi. Bu qəzet həm də M.F.Axundzadədən sonra maarifçilik ideyalarını yeni mərhələyə qaldırdı. “Əkinçi”dən sonra işıq üzü görən digər qəzetlər onun qoyduğu ideyaları davam etdirdilər, mənəvi dəyərlərin qorunmasında, maarifçilik ideyalarının yayılmasında böyük rol oynadılar.
Müasir dövrdə mətbuatın üzərinə daha böyük vəzifələr düşür. Bu gün Azərbaycan mətbuatı xalqımızın mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması, azərbaycançılıq ideyasının təbliği istiqamətində əllərindən gələni əsirgəmir. Mətbuat Şurasının sədri, həmçinin indiki sürətli elmi-texniki tərəqqi və qloballaşma dövründə mənəvi dəyərlərimizin qorunmasının vacibliyini də diqqətə çatdırdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında öncə Ramazan bayramı və milli mətbuatımızın 140 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Komitə sədrinin sözlərinə görə, belə bir müsabiqənin təşkilində məqsəd milli mənəvi dəyərlərimizin qorunması işinə töhfə verməkdir. Mətbuatın Azərbaycan dövlətinin maraqlarının müdafiəsi, antiazərbaycançı şəbəkə ilə mübarizə, milli kimliyimizin dünyaya tanıdılması istiqamətində rolunu yüksək qiymətləndirən Mübariz Qurbanlı dedi ki, ötən ay keçirilən I Avropa Oyunları günlərində kütləvi-informasiya vasitələri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.
Mübariz Qurbanlı qeyd etdi ki, iyulun 11-də Ramazan ayı münasibətilə iftar mərasimində Prezident İlham Əliyev çıxışında milli, dini dəyərlərimizin bizim üçün hər şeydən üstün olduğunu bildirib, gənclərimizin milli ruhda böyümələrinin, tərbiyə almalarının vacibliyini bildirib. Bu istiqamətdə, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasında mətbuatın da mühüm rolunun olduğunu vurğulayan komitə sədri bildirdi ki, mənəvi dəyərlərimizin, milli kimliyimizin tanıdılması qarşımızda dayanan əsas vəzifələrdən biridir.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dedi ki, vaxtilə sovet rejiminin sərt qaydalarına baxmayaraq, xalqımız öz milli-mənəvi, həmçinin dini dəyərlərini qorudu, yaşatdı. Bu, xalqımızın mənəvi saflığını göstərməklə yanaşı, müqəddəs dinimizin gözəl dəyərlərə bağlı olduğunu göstərir.
Bəxtiyar Sadıqovun sözlərinə görə, müasir dövrümüzdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, saflığı, gələcək nəsillərə ötürülməsi diqqət mərkəzindədir. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərə xüsusi ehtiramla yanaşılır. Bununla bağlı mətbuatın rolundan danışan Bəxtiyar Sadıqov dedi ki, kütləvi informasiya vasitələri də mənəviyyat məsələlərinə həmişə xüsusi diqqətlə yanaşmalıdırlar. Bu mövzuda yazılara daim geniş yer verilməlidir.
İctimai Televiziya və Radio Yayım Şirkəti Şurasının sədri Cahangir Məmmədlinin, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidin, BDU-nun professoru Nəsir Əhmədlinin, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin çıxışlarından sonra müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. “Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Cəfərlinin müsabiqəyə təqdim etdiyi məqalə birinci yerə layiq görüldü. Qaliblərə pul mükafatları ilə yanaşı, “Quran” və ulu öndər Heydər Əliyevin mili-mənəvi dəyərlərlə bağlı çıxışlarının, nitqlərinin, təbriklərinin yer aldığı “Heydər Əliyev siyasəti. Tolerantlıq” kitabı hədiyyə edildi.
Azərbaycan.- 2015.- 15 iyul.- S. 11.