Andrey YAQODKA: Avropa Oyunlarında
“xüsusi təyinatlı
dəstə”nin rolu ölçüyəgəlməzdir
Bir çox odessalılar kimi, Andrey Yaqodka da nikbin, şən, yumoru sevən, bir sözlə, həyat eşqi çağlayan insandır. Məsələn, Avropa Oyunları çərçivəsində “Baku Crystal Hall”da sablyaçıların yarışlarında start nömrəsi kimi bəxtinə 13 rəqəmi düşəndə əminliklə deyib: “Belə möhtəşəm zalda pis çıxış etmək ayıbdır”.
Nəticədə yüksək peşəkarlıq nümayiş etdirərək finala çıxıb. Burada dünya təsnifatında üçüncü olan təcrübəli rumın Tiberiu Dolniçyanuya 15:10 hesabı ilə qalib gəlib.
Odessalı çempion AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib: “Əminəm ki, mən Avropa Oyunlarının füsunkar Bakı şəhərinə öz məhəbbətini izhar edən ilk iştirakçısı deyiləm. Azərbaycanlılar çox mehriban və səmimi insanlardır. Avropa Oyunlarının açılışında nümayəndə heyətimizin hərarətlə qarşılanmasını görmək xoş idi. Sonra yerli azarkeşlər artıq bizi yarışlarda dəstəkləyirdilər. İnanın ki, bütün bunlar bizi daha da ruhlandırır, qəlbimizi minnətdarlıq hissi ilə doldururdu.
Sirr deyil ki, ölkələrimizi çoxillik sıx dostluq əlaqələri bağlayır. Azərbaycanlılar arasında dostlarım var. Təbii ki, indi onların sayı xeyli çoxalıb”.
“Bakı-2015”in təşkilatçılıq səviyyəsinin yüksək olduğunu xüsusi vurğulayan Andreyin fikrincə, Azərbaycan növbəti dəfə dünyaya sübut edib ki, idman yarışlarını ən yüksək səviyyədə keçirmək iqtidarındadır. Ukraynalının şərti olaraq “xüsusi təyinatlı dəstə” adlandırdığı könüllülər bu şərəfli işdə böyük rol oynayıblar. Onların bəziləri hələ 2012-ci ildə futbol üzrə Avropa çempionatı zamanı Ukraynada işləyiblər. Bakıdakı könüllülər arasında başqa dövlətlərin vətəndaşları da olub. İdmançının fikrincə, bu, Azərbaycana rəğbətin daha bir təzahürüdür. Amma könüllülərin əksəriyyəti Bakıdakı ali məktəblərin tələbələri, əvvəllər belə miqyasda tədbir keçirməyən ölkənin hər bölgəsini təmsil edən gənclər olub. Eyni uniforma geyinmiş bu cavanların hamısı ruh yüksəkliyi və ümumi işə sadiqliyi ilə seçilib.
“Muşketyor” sonda deyib: “Şübhə yoxdur ki, Bakıdakı Oyunlarda könüllülər hərəkatı uzun illər üçün böyük miras olacaq. Azərbaycan gələcəkdə iri beynəlxalq yarışlar qəbul edəndə bu zəngin təcrübə böyük fayda və səmərə verəcək”.
Azərbaycan.- 2015.- 15 iyul.- S. 13.