Unudulmaz Xəlil İbrahim

 

Azərbaycan mətbuatı tarixində əbədiyaşarlıq qazanan şəxsiyyətlərdən biri də 1918-1920-ci illər “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru, görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi, ən nəhayət, 1937-ci il repressiya qurbanı Xəlil İbrahimdir. Ölkəsinin müstəqilliyi və xalqının azadlığı arzusunda olan X.İbrahim dövrünün istiqlal fədailəri və söz adamları ilə çox vaxt bir yerdə olub. Ədəbi və ictimai mühitdə fəallıq göstərib. Qeyri-adi dərəcədə məhsuldar olan bu yaradıcı qələm sahibi ictimai-siyasi məsələlərlə, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemləri ilə bağlı iki yüzdən artıq məqalənin, resenziyanın, oçerkin və s. yazının müəllifidir. Xəlil İbrahim “Müsavat” partiyasının üzvü, onun Şuşa şəhər özəyinin katibi olmuşdur.1920-ci ilin aprelində Azərbaycan imperiya qüvvələri tərəfindən milli dövlətçiliyindən məhrum ediləndə Azərbaycan mətbuatını, Azərbaycan ziyalılarını təmsil edən insanların bəzisi Tanrının möcüzəsi nəticəsində sağ qalsa da, çoxu, o sıradan unudulmaz Xəlil İbrahim də dəlilsiz-sübutsuz güllələndi, bir hissəsi sürgündə - Solovki və Maqadan kimi gizli ölüm düşərgələrində həyatını itirdi.

Xəlil İbrahim haqqında ilk dəfə sovetlər birliyinin çöküşü ərəfəsində istiqlal şairimiz Əhməd Cavadın böyük oğlu Niyazi Axundzadədən eşitmişdim. Niyazi müəllim söyləyirdi ki, İçərişəhərdə yaşayırdıq, indi o küçə Böyük Qala küçəsi adlanır, o vaxtlar “Başennıy pereulok” deyirdilər, Xəlil İbrahimlə bina qonşusu idik, atamla iş yoldaşı və dost idi. Özü də, həyat yoldaşı Gülüstan xanım da tez-tez bizə gələrdi, uşaqları ilə həyətdə bir yerdə oynayardıq. Xəlil müəllimin evi kitabxanaya oxşayırdı, rus, ərəb və fars dillərində zəngin kitabxanası var idi. Hərdən atama hansısa kitab lazım olanda məni vaxtlı-vaxtsız qaçaraq göndərirdi Xəlil müəllimgilə. Əliboş getməzdim, atam mütləq təzə yazdığı şeirlərindən ona göndərərdi, o da tələsik oxuyandan sonra deyərdi: “Əhsən! Əhsən! Buna kitab da düşür, üstəlik, sənə bir stəkan yaxşı çay da. Sən çayını iç, mən bu dəqiqə kitabı tapıb gətirirəm”, - deyib, həmin əlyazmanı stolun üstündə səliqə ilə ayrıca yığılmış əlyazmaların üstünə qoyardı.

Neçə illər bundan öncə belə isti avqust günlərinin birində Xəlil İbrahimin qızı Solmaz xanımla əvvəl telefonda, sonra da bacısı - Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti Gülər xanımın evində tanış olduq. O zaman Solmaz xanım Moskva Xarici Dillər İnstitutunun müəllimi idi, təzəcə pensiyaya çıxmışdı, istirahətə Bakıya gəlmişdi. İstiqlal şairimiz Əhməd Cavadın ömür yolundan bəhs edən “Cümhuriyyət şairi” (2008) kitabımda atası haqqında yazılan sözlərdən xoşhal olduğunu bildirməklə, Azərbaycan yazıçı və şairlərinin sırasında görüntülənən Xəlil İbrahimin şəklini əldə etmək istəyirdi.

Bu görüş və bundan sonra təkrarlanan səmimi söhbətlərimizdə çalışdığım qəzetin AXC dövründə redaktoru olmuş böyük ziyalının, Azərbaycanın azadlıq mübarizəsində özünəməxsus yeri olmuş, 1938-ci ildə “xalq düşməni” kimi həbs edilərək güllələnmiş repressiya qurbanı Xəlil İbrahimin həyat və fəaliyyəti ilə daha yaxından tanış oldum.

* * *

Xəlil İbrahim (Xəlil İbrahim oğlu İbrahimov) 1892-ci ildə Azərbaycanın dilbər guşəsi Şuşada sənətkar ailəsində anadan olmuşdur. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etmiş, xalça toxuyan anasının himayəsində qalmışdır. Sonra ailə Bakıya köçmüş və Xəlil təhsilini Bakıda, realnı məktəbdə davam etdirmişdir. Lakin 1909-1911-ci illərdə təqaüd almadığından təhsili yarımçıq qalmışdır. Bu boşluq ərəfəsində - 1911-ci ildə Sarıcalıda Qasım bəy Zakirin nəvələrinə evdə dərs demişdir. Xəlil İbrahimin burada yazdığı “Kənd həyatından lövhələr” adlı ilk oçerki 1913-cü ildə “Səda” qəzetində dərc olunmuşdur.

Xəlil İbrahim 1912-ci ildə - realnı məktəbi bitirdikdən sonra “Nəşri-maarif” Cəmiyyətinin Əmircandakı məktəbinə müəllim təyin edilir. Bu zaman 20 yaşlı gənc müəllim həm də publisistik yaradıcılıqla məşğul olur “Tuti”, “Səda”, “Açıq söz”, “İqbal”, “Bəsirət”, “Qurtuluş yolu” kimi demokratik ruhlu mətbu orqanlarda müntəzəm çap olunur, hətta bəzilərinə qısa müddətdə redaktorluq etmişdir. Onun yazılarında qaldırdığı problemlər (sosial qayğılar, xüsusən qadın azadlığı, mədəni gerilik, savadsızlıq, teatrın vəziyyəti və s.) diqqət çəkirdi. Xəlil İbrahim təkcə mətbuat fəaliyyəti ilə kifayətlənmir, xeyriyyə və mədəni-maarif cəmiyyətlərinin işinə də öz köməyini göstərirdi. 1911-ci ildə “Səda” qəzetində çalışan Xəlil tez bir zamanda məşhurlaşır, 1916-cı ildə “Möhtaclara kömək” adlı qəzet çıxarmağa başlayır. Təəssüf ki, Birinci Cahan müharibəsinin gur çağında buraxılan bu qəzet bir neçə nömrədən sonra bağlanır.

1917-ci ildə Bakıda “Mühərrirlər və ədiblər cəmiyyəti” təşkil olunur. Cəmiyyətin işində Hüseyn Cavid, Seyid Hüseyn, Abdulla Şaiq və başqa görkəmli ziyalılar iştirak edirdilər. Cəmiyyətin ikinci iclasında Xəlil İbrahim həmin cəmiyyətin katibi seçilmişdi. “Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti”nin ilk üzvlərindən biri, Azərbaycanda əlifba və terminologiya komissiyasının üzvü kimi ədib çox iş görürdü. Burada Azərbaycanın görkəmli elm xadimləri Hənəfi Zeynallı, Hümbət Əlizadə, Əmin Abid, Yusif Vəzir Çəmənzəminli, Vəli Xuluflu, Salman Mümtaz, ilk professorlar Balabəy Həsənbəyov, Bəkir Çobanzadə, Mövsüm Qədirli, Əziz Qubaydulin və başqaları ilə yaxşı münasibətlər qurmuş, dil və əlifba problemlərinin həllində birgə layihələrin iştirakçısı olmuşdur.

1919-cu il martın 7-sində Hüseyn Ərəblinskinin dəfnində Azərbaycan ziyalıları adından söz deməsi Xəlil İbrahimə olan ehtiramın təzahürü idi. Dəfn mərasimində ondan sonra Salman Mümtaz və Hənəfi Zeynallı çıxış etmişlər.

Bu vaxt Xəlil İbrahim Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn, Səməd Mənsur, Fərhad Ağazadə kimi aparıcı jurnalistlər sırasında idi. Ədəbi aləmdə və xalqımızın azadlıq uğrunda mücadilə müstəvisində daha çox ədəbiyyatçı, mədəniyyət işçisi, ictimai xadim, görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi kimi tanınan Xəlil İbrahim 1919-cu il 4 iyul nömrəsindən 1 sentyabr 265-ci nömrəsinə qədər “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru olmuşdur. Eyni zamanda o, həmin il yaradılmış Jurnalistlər və Ədiblər İttifaqının sədr müavini kimi fəaliyyət göstərməyə başlayıb. Bununla da X.İbrahimin üzərinə böyük vəzifə düşüb. Mürəkkəb və qarmaqarışıq bir vaxtda yeni hökumətin rəsmi orqanı kimi işi düzgün qurmaq, təbliğatı yerli-yerində və əsaslı aparmaq o qədər də asan məsələ deyildi. Yaradıcı heyət gərgin iş rejimində, böyük ruh yüksəkliyi ilə, yorulmaq bilmədən gecə-gündüz çalışırdı. Çünki Xəlil İbrahim və onunla çiyin-çiyinə işləyənlər ölkənin müstəqillik qazanmasını qanıyla-canıyla istəyən şəxslərdən idilər. Xəlil İbrahim Azərbaycanın işıqlı gələcəyi üçün əlindən gələn hər şeyi etməyə hazır olub. O, müstəmləkə buxovundan təzəcə qurtulmuş ölkənin müxtəlif yerlərində Azərbaycanın müstəqilliyini istəməyən pozucu qüvvələrə qarşı mübarizə getdiyi bir zamanda, “Azərbaycan”ın da bir mübarizə meydanı, bir səngər olduğunu anlayırdı. Odur ki, X.İbrahimin redaktoru olduğu qısa vaxtda qəzetin səhifələrində dövrün ictimai-siyasi hadisələrinə ciddi münasibət bildirilmiş, parlamentdən müntəzəm yazılar dərc olunmuşdur. Qəzet səhifələrində Xəlil İbrahimin özünün də müxtəlif mövzularda məqalələri yer almışdır. O, “Azərbaycan Parlamanı dəvəti münasibətilə” adlı məqaləsində yazırdı: “Bu gün Azərbaycanın həqiqi sahibləri-xəlq öz nümayəndələri lisanilə parlaman kürsi-xitabətindən öz arzu və amallarını aləmi-bəşəriyyət hüzurunda nümayiş etdirəcəklərdir.

Azərbaycan türkləri məhkum ikən hüquqi-milliyyə və istiqlal mübarizəsi düsturu olaraq meydanə atmış olduğu “yaşa və özgələrə yaşamaq imkanı ver” şüarına sadiq qalaraq məhkum ikən tələb etdigi mütənasib nümayəndəlik əsasını müstəqil olduqda da unutmayaraq Azərbaycanda əqəliyyət təşkil edən millətlərin də mütənasib nümayəndəlik həqqinə riayətlə bu əsas üzərinə parlaman çağırmağı lazım bildilər.

Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün degil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı həyatımızın quruluşunda iştirakə dəvət etdilər, Azərbaycanda heç millət, heç sinif, heç silk hakim, ya məhkum ola bilməz, hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadətilə məsud, ələmilə mövləm olsun.

Hamı özünü müsavülhüquq vətəndaş hiss etsin”.

Xəlil İbrahim Azərbaycan milli teatr və mədəniyyətinin inkişafı və çatışmazlıqları ilə əlaqədar onlarla məqalə və resenziyalar yazmış, dil islahatı, terminoloji lüğətlərin, eləcə də Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında və Azərbaycan əlifba problemlərinin həllində yaxından iştirak etmişdir. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında böyük fəallıq göstərmiş, Məmməd Əmin Rəsulzadənin və Mirzə Bala Məhəmmədzadənin etibarlı silahdaşı və məsləhətçilərindən olmuşdur. İctimai-siyasi və iqtisadi proseslərdəki çətinliklərə baxmayaraq, Azərbaycan qısa zamanda öz milli ordusunu, dövlət orqanlarını və X.İbrahimin yaxından iştirakı ilə vacib ictimai təşkilatları yarada bilmişdi. Dünya dövlətləri tərəfindən tanınması təmin edilmişdi.

Lakin bolşevik imperiyasının çar Rusiyasının varisi kimi bütün Qafqaz ölkələrini müstəmləkə buxovunda saxlamaq istəyi hər şeyə üstün gəldi. XI ordunun topu-tüfəngi milli satqınların əli ilə xalqımızın azadlığını və müstəqilliyini qan gölündə boğdu. Azərbaycan torpaqlarını erməniləşdirmək və ruslaşdırmaq məqamından məharətlə istifadə edən daşnak-bolşevik silahlıları yerli müsəlmanlara qarşı soyqırımı siyasətini həyata keçirdilər. Qırdıqlarını qırdılar, qırmadıqlarını da zindanlara saldılar, varını-dövlətini qarət etdilər, millətin dili söz, ayağı yer tutanlarını gedər-gəlməzə sürgün etdilər.

1923-cü ilin yay aylarında Azərbaycan Fövqəladə Komissarlığının və XI ordunun xüsusi şöbəsinin əsgərləri tərəfindən həyata keçirilən kütləvi həbslər zamanı tutulan bir qrup azadlıq mübarizləri sırasında Mirzə Bala Məhəmmədzadə, Hacıbaba Cəbiyev, Əbdül Vahab Yurdsevər, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn və başqaları ilə yanaşı, Xəlil İbrahim də var idi. AXC və “Müsavat” partiyasının fəal təşkilatçılarından olduğu əsas gətirilərək gecə ilə həbs edilən X.İbrahim günahı sübut olunmadığı üçün bir qədər sonra buraxılır. Azərbaycan Xalq Cümhuriyyətinin 28 aprel 1920-ci il süqutundan sonra bu kimi işgəncələrdən və haqsızlıqlardan qonşu xarici ölkələrə mühacirət edən ziyalıların, adi insanların sayı gündən-günə çoxalırdı. Lakin Xəlil İbrahim vətənində qalır, ədəbi-bədii yaradıcılıqla məşğul olur, xalqının azadlığı uğrunda mübarizəsini ümidlə davam etdirirdi. Onun yazıları “Kommunist”, “Ədəbiyyat”, “Kəndçi” qəzetlərində , “Maarif və mədəniyyət” jurnalında dərc edilirdi.

1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi təyin edilir. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edir və komissiyanın “Dilimizin silahı” adlı mətbuat orqanının redaktoru olur. Daha sonra Xəlil İbrahim “Kommunist” qəzetində mədəniyyət şöbəsinin müdiri, hətta bir müddət baş redaktorun müavini işləmişdir. Bu zaman o, teatr tənqidi ilə müntəzəm məşğul olur, ədəbiyyat və mədəniyyətin inkişafı üçün qələmi ilə fəal çalışır, Bakı teatrlarında qoyulan tamaşalar haqqında resenziyalar, respublikada maarif işinə dair publisistik məqalələr yazır.

Bu yazı və resenziyalar müəllifin dramaturgiya və teatr problemlərinə bələdliyini, bilik və təfəkkür tərzini, axtarış həvəsini aydın göstərirdi. O, təkcə əsərlərin ideya-bədii xüsusiyyətlərindən deyil, rejissor, tərtibat işindən, aktyor oyunundan peşəkarcasına söz açır, tənqid etdiyi müəllifin nüfuzu qarşısında əyilmir, tənqidə cəsarətlə girişirdi. O, Şekspir teatrından da, M.F.Axundzadə və Ə.Haqverdiyev, Cabbarlı və Cavid teatrından da yazırdı. Bu yazılar həm də öz operativliyi ilə fərqlənirdi: axşamkı tamaşaya yazdığı resenziyalar ertəsi gün qəzetin səhifələrində görünürdü.

Əbəs yerə deyil ki, görkəmli jurnalist Xəlil İbrahim ictimai-siyasi məsələlərə, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir. Onun M.F.Axundzadənin ölümünün 10 illiyinə həsr etdiyi “Böyük yubilyar” adlı məqaləsi sovet dövründə bu görkəmli simaya həsr edilmiş ilk məqalələrdən idi. Məqalənin müəllifi M.F.Axundzadəni “Azərbaycan səhnəsinin atası, dramasının tarix başçısı, “reformator” adlandırır, onun yaradıcılığından müxtəsər söz açırdı. X.İbrahim 1928-ci ildə “Kommunist” qəzetində dərc etdirdiyi “Teatr məsələləri” adlı məqaləsində teatrın tərbiyəvi və ictimai əhəmiyyətinə toxunaraq yazırdı: “Teatra gedənin özünəməxsus zövqü, tələbi və ehtiyacı var. Teatr kütlə üçündür. O, kütlənin ehtiyacını ödəməli, zövqünü oxşamalıdır. Lakin unutmamalı ki, teatr hər tamaşaçının hər tələbinə tabe olmaz. Belə ki, biz teatra tamaşaçını tərbiyə edən, ona müəyyən ruh verən müəssisə kimi baxırıq və böylə olduğu üçün də teatrın sabit bir xətti olmalıdır”.

Teatr tənqidçisi kimi tanınan İbrahim Xəlil həm də məhsuldar tərcüməçi idi. Siyasi əsərlər ilə yanaşı, bədii əsərlərin tərcüməsi ilə də məşğul olurdu. İctimai xadim X.İbrahim hələ 1920-1930-cu illərdə tərcümənin nəzəri və praktik məsələləri ilə məşğul olmuş, bu barədə silsilə məqalələr yazmışdır. Bu baxımdan 1935-ci ildə “Ədəbiyyat qəzeti”ndə “Tərcümə keyfiyyəti haqqında” yazdığı məqaləsi böyük maraq doğurur. Tərcümənin xalqların mədəni həyatında oynadığı rolu təsdiqləyən müəllif tərcümənin mövzu və dil baxımından tərəqqi etdiyini göstərir. Onun məqalədə gətirdiyi konkret misallar tərcümə dilinin təmizliyi məsələsini bütün kəskinliyi ilə ortaya qoyur. Bu zaman o, bir çoxları kimi Vəzirovun tərcüməsində “Otello”nun keyfiyyətini qənaətbəxş hesab etmir... tərcümə işində Ə.Cavadın və C.Cabbarlının tərcümələrini təqdir edir, cansız, quru, mexaniki tərcümə üsulunu bəyənmirdi.

Filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı tədqiqatlarında göstərirdi ki, “X.İbrahimin bir sıra məqalələri tənqid və ədəbiyyatşünaslığın müxtəlif problemlərinə həsr olunub. Onun inqilabdan əvvəl teatr tənqidinin ədəbi tənqiddən üstünlüyü haqqında fikrində müəyyən həqiqət var. Tənqidin təyinatı ilə yanaşı, bədii yaradıcılığın mahiyyəti ilə bağlı mülahizələri müəyyən əhəmiyyət kəsb edir. O, “Sənət sənət üçündür” şüarının əleyhinə çıxır və deyirdi ki, “yazıçının özü şüursuz bir makina deyildir”.

1930-cu ildən başlayaraq “Azərnəşr”də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsinə xüsusi əmək sərf etmişdir. Xəlil İbrahim “Azərnəşr”də işləyərkən, qeyd etdiyimiz kimi, istiqlal şairi Əhməd Cavadla iş yoldaşı, İçərişəhərdə isə həyət qonşusu olmuşdur. Bu barədə söhbət düşəndə Solmaz xanım dedi:

- Cavad əfəndigilnən qonşu idik. İçərişəhərdə, Qız qalasının yaxınlığında onlar da, biz də kirayə yaşayırdıq. Cavad əfəndini, Şükriyyə xanımı, oğlanları Niyazini, Tuqayı yaxşı xatırlayıram. Evimizdə Hüseyn Cavidin, Əhməd Cavadın çoxlu əlyazmaları var idi. Qoruyub saxlaya bilmədik. Qorxudan yaşadığımız mənzilin zirzəmisində gizlətmişdik, demək olar ki, hamısı zirzəmidə nəmişlikdən əpriyib-çürümüşdü. Atamın yaxşı kitabxanası var idi. Atamı həbs edən gecə evdə ələ gələn kitabları və əlyazmaları maşına doldurub apardılar. Atamın əsərlərinin bir qismini anam çox çətinliklə orda-burda gizlədib saxladı.

Yadımdadır, Əhməd Cavad hər gün tezdən işə gedəndə bizim evin küçəyə baxan pəncərəsinin qabağında dayanıb dəmir toru, şüşəni döyərdi. Atam pəncərəyə yaxınlaşanda ucadan salamlaşıb, astadan yarıciddi-yarızarafat: “Xəlil əfəndi, bu gün də filan dostumuzu apardılar. Hələ sən burdasan?! Mən getdim, sən də gəl...” - deyib, tələsik uzaqlaşardı.

Doğrudan da, Cavad əfəndinin dediyi kimi, özü getdi 1937-ci il iyun ayının 3-dən 4-nə keçən gecə, atamı da apardılar ondan təxminən beş aydan bir neçə gün sonra - noyabrın 11-dən 12-nə keçən gecə.

1937-ci ilin noyabrından NKVD zirzəmisində gündə neçə dəfə “dopros”a çağırılan, döyülərək ağır işgəncələrə məruz qalan Xəlil İbrahimdən müəyyən adamlara qarşı istədikləri ifadəni qoparandan sonra Az.QPU müstəntiqləri onu 1920-1930-cu illərdə gizli fəaliyyət göstərən “Müsavat”ın sıralarında Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirməkdə, habelə Şuşada əksinqilabi qiyam hazırlamaqda və bu qiyamda 50 nəfərdən çox qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırdılar. Bu “günah”la da 1938-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı “üçlüy”ünün (Markaryan, Atakişiyev, Bağırov) 11 mart tarixli qərarı ilə “xalq düşməni” elan edilir, əmlakı müsadirə olunmaqla Novruz bayramına iki gün qalmış, martın 18-də Nargin adasında güllələnir.

* * *

Azərbaycan milli mətbuatının yaradıcılarından olan Xəlil İbrahimin “cinayət işi”nə 1956-cı ilin aprel ayında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası yenidən baxmışdır. “Xalq düşməni” Xəlil İbrahimin işində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

Sovet imperiyasının süqutundan sonra ölkəmiz istiqlal mübarizlərinin uğrunda çarpışdığı milli dövlətçiliyinə və azadlığına qovuşduqdan sonra görkəmli jurnalist Xəlil İbrahimin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə daha tez-tez müraciət olunur. Zamanın tufanlarından keçmiş həmkarımız rəsmi arxiv sənədlərində, saralmış qəzet-jurnal səhifələrində və mətbuat təəssübkeşlərinin qəlbində daim yaşayacaqdır.

 

Rəhman SALMANLI,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 14.