Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

 

Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib

 

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində yenidən Azərbaycandır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kann zəngin mədəniyyətimizin təntənəsinə ev sahibliyi edir. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.

Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub.

Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən müasir ölkədir. Tədbirin aparıcısı Azərbaycan-Fransa əlaqələri, bu münasibətlərin inkişafına ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri, Kannda ənənəvi keçirilən Azərbaycan Mədəniyyəti Günləri barədə danışıb. Vurğulanıb ki, Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti Fransada böyük maraqla qarşılanır. Mərasimdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizdə ən yüksək səviyyədə təşkil olunub.

Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış etdi.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı

 

-Hörmətli cənab mer.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Əziz dostlar.

Yenidən gözəl Kann şəhərində sizinlə birlikdə olmaqdan çox şadam. Ənənəvi Azərbaycan Gecəsinə xoş gəlmisiniz.

Tədbirimiz əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı Günündə keçirilir. Əlbəttə, belə bir gündə Fransada dostlarımın arasında olmaqdan çox şadam. Bu bayram münasibətilə sizi və bütün fransız xalqını ürəkdən təbrik edirəm. Sizə xoşbəxtlik, cansağlığı və əmin-amanlıq arzu edirəm.

Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir. Bu baxımdan regionlararası münasibətlər çox vacib əhəmiyyət daşıyır. Çox gözəl bir haldır ki, son bir neçə il ərzində Azərbaycan ilə Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişi imzalanıb. Bu şəhərlər qardaşlaşma sazişi də imzalayıblar. Belə əlaqələr bir tərəfdən ölkələrimizi, xalqlarımızı daha dərindən, daha dolğun tanımağa imkan yaradır, digər tərəfdən iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açır. Bu ilin noyabr ayında Fransanın təşəbbüsü ilə Azərbaycanın qədim Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclası keçiriləcək. Şübhəsiz ki, belə formatda keçirilən görüşlər ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcək.

Kann şəhərində biz hər zaman sizin qonaqpərvərliyinizlə üzləşirik. Şəhərinizin sakinləri Azərbaycanın mədəniyyət tədbirlərinə böyük maraq göstərirlər. Məhz buna görə artıq belə tədbirlər – Azərbaycanın mədəniyyət günləri Kannda ənənəvi hal alıb. Bizim tədbirlərimizin hazırlanmasında yardım və dəstək verdiklərinə görə, Kann şəhərinin keçmiş meri Bernar Broşana, indiki mer cənab David Lisnara və onların bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

Mən çox şadam ki, bu gecə bizimlə bərabər, Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının üzvləri və prezidenti cənab Jan-Fransua Mansel də buradadır. Mən bu assosiasiyanın fəaliyyətini çox yüksək qiymətləndirirəm. Sizə gələcəkdə bu vacib işinizdə nailiyyətlər arzu edirəm.

Əziz dostlar, bildiyiniz kimi, ötən ay Azərbaycanda ilk Avropa Oyunları böyük uğurla keçirilmişdir. Xarici ölkələrdə bu Oyunların təqdimatı ötən il ilk dəfə məhz Kann şəhərində keçirilmişdi. Yay Olimpiya Oyunları səviyyəsində keçirilən bu Oyunlar Avropa Olimpiya hərəkatında yeni səhifə açdı. Mən böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın yığma komandası bütün Avropa ölkələri arasında ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutdu. Çox gözəl haldır ki, dost Fransa bu Oyunlarda 254 idmançı ilə təmsil olunmuşdu və 43 medal qazanaraq beşinci yeri tutub. Mən bütün fransız idmançıları bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Bakıda keçirilən birinci Avropa Oyunları idman bayramı olmaqla yanaşı, bütün Avropa xalqlarının nümayəndələrini bir araya gətirərək möhtəşəm dostluq və həmrəylik bayramına çevrildi. Əlbəttə, biz çox xoşbəxtik ki, həm idmançılar, həm rəsmi idman ictimaiyyəti, həm də paytaxtımızın qonaqları hətta Oyunlar bitəndən sonra Bakıdan getmək istəmirdilər. Hər bir qonağımız Azərbaycan xalqının qonaqpərvərliyindən danışırdı.

Qərb ilə Şərq, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq.

Əziz dostlar, bu gecə Azərbaycan 1967-ci ildən Kann şəhərində keçirilən beynəlxalq “Pirotexnika sənəti” festivalında rəsmi olaraq iştiraka başlayır. Fikrimcə, ölkəmizin bu festivala məhz bu gün - 14 iyul Fransanın Milli Bayramı Günündə qatılmasının çox dərin rəmzi mənası var. Qoy, bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlıq Fransa ilə Azərbaycan arasında dostluğun daha bir təsdiqi olsun.

Əziz dostlar, fürsətdən istifadə edərək, sizi sabah Paleda Festivallar Sarayında keçiriləcək “Azərbaycan xalçaları incəsənətdə” adlı sərginin açılışına və Azərbaycanın etno-caz konsertinə dəvət edirəm.

Bir daha sizlərə dərin hörmətimi və məhəbbətimi çatdırıram. Sizi milli bayramınız münasibətilə təbrik edirəm. Sizə xoş axşam arzu edirəm.

Təşəkkür edirəm.

 

X X X

 

Daha sonra Kann şəhərinin meri David LİSNAR çıxış edərək dedi:

-Hörmətli Mehriban Əliyeva.

Hörmətli qonaqlar.

Çox hörmətli birinci xanım Siz öz çıxışınızda bizim üçün əziz olan 14 iyul tarixini çox gözəl, dolğun və mənalı cümlələrlə ifadə etdiniz. Bu tarixdə sizi Kann şəhərində salamlamaqdan qürur duyuram. Bir məsələni etiraf edim ki, mən vətənpərvərəm, öz Vətənimi sevirəm. İndiki relyativist, nihilist və bəzən bədbin bir zamanda mən qəlbən öz ölkəmin çiçəklənməsinə, böyüklüyünə və hər kəsə açıq olmasına inanıram. Şarl de Qollun vaxtilə dediyi kimi, Fransa məhz böyük və güclü olduqda, həmçinin dünyaya açıldıqda həqiqi Fransa olacaq.

Bu bayram günündə mən öz ölkəmə və Sizin ölkənizə sevgimi, hörmətimi ifadə etmək istəyirəm. Kannı öz dəyərlərinə sadiq bir şəhər kimi görmək istəyirəm. Bu dəyərlər inkişafdan, dünyaya açılmaqdan, yeni müəssisələrin yaradılmasından və mədəniyyətin inkişafından ibarətdir. İnanıram ki, bu dəyərlər bizi yaxınlaşdırır. İkitərəfli əlaqələr sülhün və mübadilənin əsas elementidir. Buna görə də Sizin dostluğunuza, sadiqliyinizə, səmimiyyətinizə görə təşəkkür edirəm.

Kann bir dünya şəhəridir. Sizin ölkəniz də öz rifahı və inkişafı üçün iki məsələni daim diqqətdə saxlayır. Bunlar mədəniyyət və idmandır. Fürsətdən istifadə edərək, Sizin həyat yoldaşınıza, Azərbaycan Respublikasının Prezidentinə öz dərin hörmətimi, salamlarımı və minnətdarlığımı çatdırıram. Bu kiçik Kann şəhəri də Paris kimi dünyada məhz mədəniyyətə görə tanınıb. Kann dünyanın ən böyük mədəniyyət festivallarına ev sahibliyi edir. Şəhərimiz, həmçinin çoxlu böyük iqtisadi tədbirlərin də təşkil edildiyi məkandır. O cümlədən də dünyada ən böyük “Pirotexnika sənəti” festivalı burada baş tutur. Bu festival 14 iyul axşamında Xəzərin incisi sayılan Azərbaycanın da iştirakı ilə baş tutacaq.

Heydər Əliyev Fondunun hörmətli prezidenti xanım Əliyeva.

Siz bu gün dünyanın incisi sayılan Kanndasınız.

İkinci vacib element idmandır. Siz xatırlatdınız ki, ötən ay ölkənizdə birinci Avropa Oyunları çox möhtəşəm şəkildə baş tutdu. Biz çox böyük diqqət və maraqla Sizin təşkilatçılıq qabiliyyətinizi izlədik. Cəmi 30 ayın ərzində 6 min atleti qəbul etmək üçün ən müasir idman arenaları quruldu. Bildirmək istəyirəm ki, biz Kann şəhərini açıq səma altında idman mərkəzinə çevirmək istəyirik. Bizim coğrafi şəraitimiz buna imkan verir. 17 kilometr sahil xəttimiz var. Burada üzgüçülük, triatlon və velosiped idmanını inkişaf etdirmək mümkündür. Çünki idman yaxınlaşma, inkişaf və turizmin genişlənməsi üçün gözəl bir vasitədir.

Mən, həmçinin bu tədbirdə iştirak edən iş adamlarını və xüsusilə də turizm agentliklərinin təmsilçilərini salamlayıram. Eyni zamanda, Azərbaycan Respublikasının səfirinə, ötən ay fransız iş adamları və turizm şirkətlərinin nümayəndələrinin səfərini təşkil etdiyi üçün təşəkkürümü bildirirəm.

Hörmətli birinci xanım.

Hörmətli səfir, deputatlar, görüş iştirakçıları.

Çox gözəl diskussiyalarımız alındı. Sonda bir daha bildirmək istəyirəm ki, qarşılıqlı əlaqə və qürur hissi olmadan inkişaf mümkün deyil. Bu inkişaf özünə qapalı şəkildə deyil, dünyaya açıq olmalıdır. Dünyanın mədəniyyət mərkəzi olan Kannda Sizin ölkənizi, Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu yerdə qərar tutan, qədim sivilizasiyanın beşiyi olan Azərbaycanı qarşılamaqdan qürur hissi duyuram.

Yaşasın Azərbaycan! Yaşasın Fransa! Diqqətinizə görə çox sağ olun!

 

X X X

 

Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib.

Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səslənib.

Beləliklə, “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib.

Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Ona görə də builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.

Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib. 25 dəqiqəlik atəşfəşanlıq şousu tərtibatı və ecazkar musiqi müşayiəti ilə seçilib. Bu müddət ərzində tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Bir sözlə, pirotexnika şousunda musiqi işıq effektləri ilə ideal formada uyğunluq yaradaraq vahid kreativ konsepsiya təqdim edib.

Kannda keçirilən builki ənənəvi “Pirotexnika sənəti” festivalında Azərbaycanla yanaşı, Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir. Bu şou Kannın yay mövsümünün ən yaddaqalan hadisələrindən hesab olunur. Qalibin müəyyənləşdirilməsində isə mövzunun orijinallığı, şounun quruluşu, musiqinin keyfiyyəti, onun işıq effektləri vəhdəti və digər meyarlar nəzərə alınır.

Bu festival Kannda ilk dəfə 1967-ci ildə keçirilib. 1998-ci ildə bu şou pirotexnika sahəsində ən əlamətdar və böyük tədbirlərdən biri olub. Bir neçə gün davam edən atəşfəşanlıq şousu festival qalibinin şəninə təşkil edilən yekun atəşfəşanlıqla başa çatır. Azərbaycanın təqdim etdiyi builki şou orijinallığı ilə seçilərək Kann şəhər sakinləri və buraya dünyanın müxtəlif ölkələrindən gələn turistlər üçün əsl atəşfəşanlıq bayramına çevrilib, onların xatirində heç vaxt silinməyəcək xoş izlər buraxıb.

 

AZƏRTAC

 

Azərbyacan.- 2015.- 16 iyul.- S. 4.