Azərbaycan ən yüksək standartlar müəyyənləşdirdi

 

Son illər Azərbaycanda aparılan ardıcıl, məqsədyönlü və uzaqgörən siyasət sayəsində beynəlxalq birliyin, nüfuzlu təşkilatların ölkəmizə olan inam və etibarı çox artmışdır. Sabitlik, inkişaf, demokratiya, tərəqqi mühiti respublikanın mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə uğurla evsahibliyi etməsində də özünü daim büruzə verir. Odur ki, artıq Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman dövlətlərindən biri kimi tanınır və öz mövqeyini dünyaya uğurla nümayiş etdirir.

“Bakı 2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü nüfuzunun olmasını bir daha sübut etdi və əldə olunan uğurlar qürurla təqdim olundu. Avropa qitəsində ilk dəfə təşkil olunan bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə olunması beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün işlərə, xüsusən də idman sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək dəyərdir. Avropa üçün bu oyunlar çoxsaylı idman növləri üzrə təşkil edilən maraqlı və innovativ yarışları ilə seçildi. Avropa Oyunlarının ilk olaraq Azərbaycanda keçirilməsinin əsas səbəbi yaradılan idman infrastrukturu, ölkənin beynəlxalq nüfuzu, xarici siyasəti, mötəbər tədbirləri reallaşdırması təcrübəsi, təhlükəsizliyin təminatı və bu sektorda idmançılarımızın qazandıqları uğurlardır. Ona görə də Azərbaycanın dünyamiqyaslı bir oyuna evsahibliyi etmək istəməsi böyük səs çoxluğu ilə qəbul olunmuşdu və bu şərəfli və bir o qədər də çətin missiyanı dövlətimiz öz üzərinə götürmüşdü. Bu, Azərbaycanın hansı potensiala sahib olmasını bir daha ortaya qoymuşdu.

Prezident İlham Əliyev çıxışlarında vurğulamışdır ki, biz artıq Avropa miqyasında Azərbaycan standartlarını yaradırıq. Bu standartlar dövlət quruculuğunun inkişafından, dövlətin idman siyasətinin möhkəmliyindən xəbər verir.

İlk növbədə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Qısa müddət ərzində bir çox idman infrastrukturu tikilib istifadəyə verilmiş, 7-8 ildə görüləcək hazırlıq işləri 2 il yarımda həyata keçirilmişdir.

Qədim “Atəşgah” məbədindən alovlandırılan məşəlin bütün ölkəmizi dolaşması və onun Prezident və ailə üzvləri başda olmaqla görkəmli ziyalılar, sənət adamları, idmançılar tərəfindən gəzdirilməsi də dövlətin xüsusi qayğısının təzahürü idi. Yarışlarda Prezident və ailə üzvlərinin iştirakı, qaliblərin bir çoxunun mükafatlandırması idmançıların qələbə ruhunun artırılmasında mühüm rol oynamışdır.

İdmançılarımızın 50 ölkə arasında medalların sayına görə məhz ikinci pillədə qərarlaşması da olduqca qürurdoğuran faktdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Avropa Oyunları Təşkilat Komitəsi üzərinə düşən məsul işin öhdəsindən çox yüksək səviyyədə gəldi. Nəticədə I Avropa Oyunları Avropa idmanı tarixində yeni səhifə açdı. Buna görə də Mehriban xanım Əliyevanın Oyunların açılış mərasimindəki çıxışı dəfələrlə alqışlarla qarşılandı. Onun yüksək səriştəsi, gözəl nitqi Azərbaycan qadınının nələrə qadir olduğunu bir daha göstərdi.

Bu möhtəşəm idman yarışlarının təşkilindəki orijinallıq həm də ondan ibarət idi ki, 12 iyun tarixində reallaşan açılış və 28 iyun tarixində yekunlaşan bağlanış mərasimləri öz fərqliliyi ilə seçildi. Hər kəs bu həyəcanlı anları anbaan yaşadı. Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkdi. Burada dünyanın aparıcı, bədii və texniki heyətinin iştirakı ilə ərsəyə gələn təkrarolunmaz, qeyri-adiliyi ilə seçilən əsl tamaşa nümayiş olundu.

Mərasimlərdə Azərbaycanın milli-mənəvi dəyərlərindən əlavə, Avropa dəyərlərini də əks etdirən kompozisiyalar göstərildi və hər bir element, hər bir detal izləyicilərin heyrətinə səbəb oldu. Mərasimlərin möhtəşəmliyi həm də tamaşaçıların bədii zövqünün formalaşmasına təsir edən hadisə idi.

Avropa Oyunlarında qüsurlu şəxslərin rahatlığı üçün də lazımi şərait təmin olunmuşdu. Yarışların keçiriləcəyi məkanlarda belə insanların rahatlığının nəzərə alınması ilk günlərdən diqqətdə saxlanılan məsələlərdən idi. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək məqsədilə təlimatlandırılmış heyətlərə qədər bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verirdi. Hətta Avropa Oyunlarının könüllüləri üçün əlil insanlarla davranış qaydaları mövzusunda təlimlər də keçirilmişdi. Onlar həm açılış, həm də bağlanış mərasimlərində stadiona pulsuz buraxılmışdılar.

Bir məqam da xüsusilə qeyd olunmalıdır ki, ilk Avropa Oyunları Azərbaycanda gənc nəslin və uşaqların idmana olan marağının daha da artmasına xüsusi töhfəsini vermişdir. Azərbaycan gəncinin potensialı, fiziki gücü, iradəsi çox güclüdür. Bu gün Azərbaycanda idman yarışları artıq kütləvi xarakter daşıyır. Uşaqlar üçün bədən tərbiyəsi həyatın ayrılmaz tərkib hissəsinə çevrilir. Bunun reallaşmasında dövlət siyasətinin uğurla həyata keçirilməsi əsas rol oynayır.

Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda idmanın yüksək səviyyədə inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılmış, fərman və sərəncamlar verilmiş, dövlət proqramları imzalanmışdır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də uşaqların idmana olan həvəsinin daha da möhkəmlənməsi üçün mühüm tədbirlər həyata keçirir, yeni idman mərkəzlərinin inşası haqqında müvafiq sərəncamlar verir.

Nəticədə ölkədə həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında mühüm rol oynayır. Bu sahədə müasir qanunvericilik sisteminin formalaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlar idmanımızın beynəlxalq miqyasda uğurlarına yol açır. Dövlət qayğısı idmançılarımızın əldə etdikləri nəticələrə müsbət təsir göstərir. Bu, yeniyetmələrin də beynəlxalq yarışlarda çoxsaylı medallar qazanmasına gətirib çıxarır. Orta məktəblərdə, ali təhsil ocaqlarında bədən tərbiyəsi fənni tədris olunur. Hətta bir çox ali təhsil ocaqlarında tələbələrə məşğul olacaqları idman növünü özlərinin seçmək şansı verilir.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi öz təsirini gələcəkdə daha aydın büruzə verəcəkdir. Belə ki, uşaqların idmana olan marağı daha da artacaq, onlar çempion olmağa can atacaqlar. İdman təşəbbüslərində iştirak etmək uşaqların fiziki və sosial inkişafının ayrılmaz və əhəmiyyətli hissəsidir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qadın milli komandasının futbolçusu 17 yaşlı Aysun Əliyeva “Bakı 2015” I Avropa Oyunlarının məşəlini Quba rayonunda qəbul edərək bu şərəfli missiyanı yerinə yetirmişdir.

Oyunlar zamanı idman salonlarında uşaqların da olması onların idmana olan marağının göstəricisidir. Valideynlər özlərindən əlavə uşaqları üçün də biletlər alır, onları bu möhtəşəmliyi, bu canfəşanlığı görməyə sövq edirdilər. Yarış meydançalarında uşaqların ölkənin adını yüksək səslə səsləndirmələri, bayraqları dalğalandırmaqla azərkeşliklərini göstərmələri onların idmana olan həvəsinin əyani təcəssümüdür. Bu, xalqımızın vətənpərvərliyinin, birliyinin, dəstəyinin yüksək səviyyədə olduğunun nümunəsidir. Tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz də ölkəmizin bu Oyunlara evsahibliyi etməsini fəxarət hissi ilə qarşıladılar.

Bu möhtəşəm tədbir ərəfəsində nəzərə çarpan əsas amillərdən biri də Avropa Oyunlarının təşkilatçılığına çoxlu sayda gənclərin cəlb olunması idi. Bu gənclər öz istəkləri ilə könüllü şəkildə çalışdılar. Könüllülər oyunların uğurlu alınmasında mühüm rol oynadılar. Onların əldə etdikləri təcrübə gələcəkdə də öz töhfəsini verəcəkdir. Çox xoşdur ki, könüllülərin əməyini xarici qonaqlar da yüksək qiymətləndirirdilər.

Ölkəmizdə qadınların idmana olan marağının artmasında da I Avropa Oyunlarının oynayacağı rol əsas məqamlardandır. Ümumiyyətlə, Azərbaycanın hüquq sistemi kişi və qadınlar üçün bərabər hüquqlar təmin edir, idman sahəsindən əlavə, hökumətdə və yerli idarəetmələrdə də qadınların tutduğu vəzifələrin sayı artır. Xüsusən də Oyunlar ərəfəsində qadın idmançılarımızın fəallığı diqqətdən yayınmayıb. Onların da kişilərlə birgə idman növlərində təmsilçiliyi gender bərabərliyinin təminatından xəbər verir. Həmçinin qız uşaqlarının idmana cəlb olunması olduqca müsbət nəticədir. Çünki bir çox ailələrdə qızların idmanla məşğul olmasına imkan yaradılmırdı. İdmana xüsusi marağı olan qızlarımız bu istəklərini yerinə yetirmək üçün daim mübarizə aparıblar. Dövlətin xüsusi qayğısı və yaratdığı əlverişli şəraitin nəticəsidir ki, qızlarımız hazırda rahat şəkildə idmanla məşğul olur, hətta valideynlər özləri qız uşaqlarını idmana cəlb etməyə çalışırlar. Xüsusən də, Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra onların gimnastikaya olan marağı daha da artmışdır. I Avropa Oyunlarında bir daha bütün Avropa şahid oldu ki, Azərbaycanda kifayət qədər güclü qadın idmançılar var. Belə ki, bu mötəbər yarışın müxtəlif istiqamətləri üzrə Azərbaycanı təmsil edən qadın idmançıların da sayı az olmayıb. Azərbaycan qadınları idman bacarıqlarını böyük əzmlə Avropa Oyunlarında nümayiş etdiriblər. Qadınlarımız da kişi idmançılarımız kimi onlara göstərilən etimadı doğruldaraq uğurlar qazanmağa müvəffəq oldular. Hətta oyunlar ərəfəsində ölkəmizə ilk medalı karateçimiz İlahə Qasımova qazandırdı. Azərbaycan idmançılarının bu oyunlarda qazandıqları 56 medaldan 14-nün sahibi qadınlar oldu. Qılıncoynatma yarışında isə əkiz bacılar gümüş və bürünc medal qazanmaqla fəxri kürsüyə qalxdılar, bu, Azərbaycan bayrağının qoşa dalğalanmasına səbəb oldu.

I Avropa Oyunları yalnız idman oyunu deyildi, eyni zamanda Azərbaycanın təbliği idi. Bakıdakı yüksək səviyyəli təşkilatçılıq, qonaqlar və fiziki məhdudiyyəti olan insanlar üçün hər cür imkanlar, obyektlərin dünya və Avropa standartlarına uyğun təşkili Azərbaycanın öz öhdəliyini çox gözəl şəkildə yerinə yetirdiyini bir daha sübut etdi. Bu oyunlar həm də Azərbaycanın yenidən tanıdılması üçün bir fürsət oldu və təbii ki, ölkəmiz də bu fürsəti yüksək şəkildə dəyərləndirdi.

Artıq tarixə çevrilən I Avropa Oyunları ölkədə idman infrastrukturu sahəsində zəngin irs qoyacaq. Bundan əlavə gələn il “Formula 1” yarışları, Dünya Şahmat Olimpiadası, 2017-ci ildə bütün müsəlman dünyasını bir araya gətirəcək İslamiada Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının dörd oyunu Azərbaycanda keçiriləcək. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmiz idman aləminə atdığı addımları daha da möhkəmləndirəcək.

Azərbaycan bu oyunlarla özünün həm ədalətli prinsiplərini, mədəniyyətini nümayiş etdirdi, həm də tolerantlığı və multikultiralizmi rəhbər tutan ölkə kimi göstərə bildi. Oyunlar Azərbaycanın mədəniyyət və idman sahəsində imicinin formalaşmasında müsbət rol oynadı. Avropa idman tarixində bu möhtəşəm oyunların keçirilməsi artıq Azərbaycan imzasını bir daha təsdiq etdi. Hər zaman, hər yerdə Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi ölkə kimi xatırlanacaq, milyonlarla insan bu oyunların möhtəşəm, təkrarolunmaz və tarixi bir idman bayramı kimi unutmayacaq.

Bir sözlə, ilk Avropa Oyunları bizim birliyimizi, gücümüzü hamıya nümayiş etdirdi. Başda ölkə rəhbəri möhtərəm İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı bu möhtəşəm tədbirin uğurla həyata keçməsi yolunda çalışdı. Hər bir azərbaycanlı ölkəmizlə, idmançılarımızla qürur duydu, fərəh hissi keçirdi. Birinci xanım Mehriban Əliyeva ölkə rəhbərinə müraciət edərək çıxışında demişdir: “17 gün ərzində Azərbaycan xalqı bir komanda və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi... Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgərləriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq”.

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 5.