BANM-ın könüllüləri:
“Bu yarışların bir
hissəsi olmaqdan qürur duyduq”
Azərbaycanın evsahibliyi etdiyi, yüksək səviyyədə təşkil olunmuş və uğurla keçirilən I Avropa Oyunlarının bağlanış mərasimində Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva könüllülərə xüsusi təşəkkür etdi. Bakı Ali Neft Məktəbinin 30-dan çox tələbəsi də bu təşəkkürə layiq görülən könüllülərin sırasında oldu.
Samirə Məmmədova,
Kimya mühəndisliyi
ixtisası, II kurs:
- Könüllülüyün özü bir məktəb, bir həyat təcrübəsidir. I Avropa Oyunlarında həm ölkəmizi layiqincə təmsil etməyə yardımçı olduq, həm təcrübə, həm də yeni dostlar qazandıq. Təşkilatçılıq və mühit o qədər yüksək səviyyədə idi ki, bəzilərimiz hələ də Oyunların başa çatdığına inana bilmirik. Tərkibində olduğum komanda isə, demək olar ki, bu günə qədər birlikdə çalışdığım ən unudulmaz kollektiv idi. Bu, mənim həm də ingilis dili biliklərimin artmasına səbəb oldu, bunlar unudulmaz bir təcrübə idi. Başqa sözlə, xarici könüllülərlə qaynayıb qarışmağımız yeni mədəniyyətlər öyrənib öz mədəniyyətimizi təbliğ etməyimizə imkan yaratdı.
Rəvan Adilov, Neft-qaz
mühəndisliyi ixtisası,
III kurs:
- I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə olunmasından mən də qürur duyuram. Yarışlara hazırlıq dövründə biz qərara gəldik ki, qürur hissini yaşamaqla yanaşı, Oyunların ərsəyə gəlməsində əlimizdən gələni etməliyik. Belə də oldu. Ölkənin birinci xanımı, Avropa Oyunları təşkilat komitəsinin sədri Mehriban Əliyevanın qeyd etdiyi kimi, yarışların belə möhtəşəm təşkil olunmasında minlərlə könüllü gəncin rolu böyükdür. Hətta heç bir vəzifə icra etməyən vətəndaşlarımız da yüksək qonaqpərvərliyi ilə turistlərə xalqımıza məxsus evsahibliyi nümayiş etdirdilər. Oyunlar ərəfəsində şəhərə çıxdığım zamanda hər kəsin bir amal uğrunda birləşdiyi hiss olunurdu. Hamı bu oyunların uğurla keçməsini arzulayırdı. Bunun səbəblərindən birinin vətənpərvərlik amili olduğunu düşünürəm. Çünki bu həqiqətən Azərbaycanın müstəqillik tarixinin ən böyük idman tədbiri idi. Mən və dostlarım bu yarışların bir hissəsi olmaqdan qürur duyduq.
Mustafa Əsgərov
Neft-qaz mühəndisliyi
ixtisası, III kurs:
- “Bakı-2015” I Avropa Oyunlarını keçirməklə Azərbaycan bir daha qüdrətini dünyaya nümayiş etdirdi. Həm ölkəmizin təşkilatçılığı, həm də I Avropa Oyunları öz möhtəşəmliyi ilə bütün dünyanı heyran qoydu. Azərbaycanın ikinci yer tutması, bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanması tarixi qələbədir. Qazanılan qələbələr ölkəmizin ümumi inkişafının göstəricisidir. Bu möhtəşəmliyin arxasında gənclərimizin də əməyi var. O da çox xoşdur ki, könüllülər öz əməkləri müqabilində Azərbaycan xalqının hörmətini qazandılar. Bu könüllülük müddətində biz həm əyləndik, həm yeni-yeni dostlar qazandıq, həm qrup ilə işləməyi və komanda ruhunun yaradılması bacarığını təkmilləşdirdik, həm də Azərbaycanımızı layiqincə təmsil etdik. Könüllülərin hamısının bir məqsədi var idi. Vətənimizin, millətimizin adını yüksəkdə tutmaq və bütün dünyaya Azərbaycan gəncliyinin gücünü göstərmək. Fikrimcə buna da nail olduq.
Vahid Mustafayev, Neft-qaz mühəndisliyi ixtisası, I kurs:
- Könüllü kimi I Avropa Oyunlarında iştirakımdan çox məmnun qaldım. Hətta oyunlar başa çatdıqdan sonra, oradakı dostlarım üçün darıxmağa başlamışam. Çünki qrupda başqa, olduqca xoş əhval-ruhiyyə vardı. Birlikdə keçirdiyimiz 3 ay 18 gun sanki bir göz qırpımında keçdi. Bu Oyunların ölkəmizdə təşkili biz gənclərin öz potensialını üzə çıxarmasında o cümlədən Azərbaycanı tanıtmaq baxımından çox əhəmiyyətli oldu. 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da könüllü kimi iştirak etmək fikrim var.
Amail Məmmədova, Kimya mühəndisliyi ixtisası,
III kurs:
- Avropa Oyunları ölkəmizin təşkil etdiyi ən möhtəşəm idman yarışlarından biri oldu və ona görə də, bunun bir üzvü olmaq mənim üçün də qürurvericidir. Yarışlar zamanı da, ondan sonrakı günlərdə də ölkəmizdə könüllülərə böyük rəğbət bəslənilir ki, bu da məndə fəxr hissi yaradır və sevinirəm ki, mənə də bundan pay düşdü. Mən Oyunlar zamanı Çimərlik Arenasında Protokol qrupunun üzvü kimi fəaliyyət göstərmişəm. İşlədiyim müddətdə çox maraqlı, gülərüz, savadlı həm yerli, həm də əcnəbi gənclərlə tanış oldum. Bu da mənə ünsiyyət qurmaq, komandada işləmək kimi bacarıqlarımı inkişaf etdirməyə və yeni dostlar qazanmağa çox kömək etdi.
Azərbaycan.- 2015.- 16 iyul.- S. 5.