Görkəmli şəxsiyyət

 

“Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.

Heydər ƏLİYEV

 

Azərbaycan professional musiqisinin və Şərqdə ilk opera sənətinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 1918-1920-ci illərdə “Azərbaycan” qəzetindəki fəaliyyəti haqqında keçən əsrin sonlarına qədər tədqiqatçılarımız söhbət açmağa nədənsə səy göstərməmişlər. Bunun nəticəsi idi ki, böyük şəxsiyyətin Azərbaycan Xalq Cümhuriyyəti dövründə apardığı işlər geniş oxucu kütləsinə bəlli deyildi.

Üzeyir bəy Hacıbəyli həm də istedadlı yazıçı, gözəl publisist kimi də şöhrət qazanmışdır. Onun keçən əsrin əvvəllərində nəşr olunan məqalə və felyetonları o dövrdə çıxan “İrşad”, “Kaspi”, “Həqiqət”, “Tərəqqi”, “Yeni İqbal”, “Molla Nəsrəddin” və digər qəzet və jurnallarda çap olunmuşdur. O, 1918-1920-ci illərdə “Azərbaycan” qəzetində bir müddət parlament müxbiri işləmiş, sonra isə baş redaktor təyin edilmişdir. Qəzetdə baş redaktor olana qədər burada onun qələmə aldığı “Mühüm məsələlər”,”Tarixi günümüz”, “Milli parlaman”, “Nuri Paşa həzrətləri şərəfinə böyük bir ziyafət”, “Təəssürat” adlı silsilə siyasi-publisistik yazıları dərc edilmişdir.

Üzeyir bəy “Azərbaycan”dakı məqalə və felyetonlarını “Hacıbəyli Üzeyir”, “Üzeyir”, “Ü.Hacıbəyli”, “Ü.H”, “Çı”,”Ü.Əbdül” kimi imzalar altında yazırdı.

Bir məsələni də qeyd etməyi vacib sayırıq. Bəzi tədqiqatçılar Üzeyir bəyin “Azərbaycan” qəzetində nəşr etdirdiyi “Qurtuluş”, “Mühüm məsələlər”, “Cidalar görünür” və başqa məqalələrinin dəqiqləşdirilməsinə ehtiyac duyulduğunu yazırdılar. Lakin əgər həmin məqalələrin altında Üzeyir bəy şəxsi imzasını tam şəkildə göstəribsə, bizə elə gəlir ki, təkrar araşdırmaya ehtiyac yoxdur. Yalnız görkəmli tədqiqatçı, Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığının salnaməsini yazan Qulam Məmmədlinin bir fikrini xatırlatmaq istərdik: “O, (Üzeyir bəy - A.K.) müxtəlif zamanlarda, ayrı-ayrı qəzet və jurnallarda “Kəs”, “Flankəs”, “Behmənkəs”, “Mizrab”, “Musiqiçi”, “Hamamçı”, “Çı” və digər imzalar işlətmişdir. Ü.Hacıbəyov “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Sovqat”, “Yeni İqbal”, “Azərbaycan”, “Məktəb”, “Kommunist” kimi qəzet və jurnallarda çalışdığı zaman yazılarının altında bu imzaları qoymuş, həmin mətbuat orqanlarından getdikdə isə necə deyərlər, imzalarını da özü ilə aparmışdır”.

Azərbaycan Cümhuriyyətinin 23 aylıq hakimiyyəti zamanında Üzeyir bəy “Azərbaycan” və “Dağıstan” adlı musiqi əsərləri ilə yanaşı, həmin mövzularda bir-birinin ardınca “Azərbaycan parlamanı”, “Ermənistan və Azərbaycan münasibəti”, “Dağıstana kömək”, “Dağıstana imdad”, “Dağıstan və biz” və bu kimi silsilə publisistik yazılar da qələmə almışdı.

Ü.Hacıbəylinin bu dövrlərdə yazdığı məqalələr həmin illərin salnaməsi olduğunu desək, elə bilirəm ki, yanılmarıq. Onun yazıları tam şəkildə həm xalqın, həm də dövlətin marağı ilə üst-üstə düşürdü.

Yuxarıda göstərdiyimiz mətbu orqanlar haqqında kifayət qədər yazıldığını nəzərə alaraq, Üzeyir bəyin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə “Azərbaycan” qəzetindəki ədəbi fəaliyyətini müxtəsər qeyd etmək istərdik. Yeri gəlmişkən onu da vurğulayaq ki, bir zamanlar sovet məkanında qəzetin adını nəinki çəkmək, bu barədə düşünmək belə yasaq idi. Ona görə də Üzeyir bəyin özü də 15 ay redaktoru olduğu “Azərbaycan”dakı (iki aylıq fasilə ilə) fəaliyyətini “unutmaq” məcburiyyətində qalmışdı. Bu da o vaxtkı dövrün ab-havasından irəli gəlirdi.

1918-ci ilin sentyabr ayının 15-də Bakı Qafqaz İslam Ordusunun hücumu ilə düşmənlərdən təmizlənir və Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçür.

Üzeyir bəyin jurnalistik və publisistik fəaliyyətini diqqətlə tədqiq etdikdə bu nəticəyə gəlmək olur ki, ən fəal ədəbi yaradıcılığı bilavasitə məhz “Azərbaycan”la bağlı olmuşdur. Onun müxtəlif mövzulardakı məqalələri demək olar ki, hər gün, yaxud günaşırı çap edilmiş, bəzən bir nömrədə iki yazısı ayrı-ayrı imzalarla çıxmışdı.

Qeyd etmək lazımdır ki, biz 1918-ci ilə qədər “Azərbaycan” adlı mətbuat orqanına rast gəlmirik. Çünki bu adda qəzet və jurnal nəşr etməyə cəhd edilsə də, yuxarı dairələr tərəfindən müxtəlif bəhanələrlə qarşısı alınırdı. Bunun da səbəbi aydın idi. “Azərbaycan” adında qəzet nəşri böyük bir ölkənin, böyük bir millətin varlığını təsdiq etmək idi. Bu isə çarizmin siyasətinə uyğun deyildi. Çar Rusiyası dağılandan sonra belə bir fürsət ələ düşmüş və onun ilk təşəbbüsçüsü, qəzetin naşiri və baş redaktoru Feyzulla Əliquluzadə olmuşdu. Lakin o tezliklə fəaliyyətini dayandırmışdı.

1918-ci ildə yeni qurulan Azərbaycan hökumətinin 3 sentyabr tarixli qərarına əsasən, bir çox çətinliklərdən sonra, ayın 15-də Gəncə şəhərində nəşrə başlayan “Azərbaycan” dörd nömrədən sonra oktyabr ayının 3-dən fəaliyyətini Bakıda davam etdirmişdir.

“Azərbaycan” qəzeti 8-ci nömrəyə qədər - oktyabr ayının 8-nə kimi “redaksiya heyəti” adından, oktyabr ayının 8-dən 1919-cu il yanvar ayının 16-na kimi Üzeyir bəyin kiçik qardaşı, tarixçi, jurnalist, publisist Ceyhun bəyin (1892-1961), 89-cu nömrədən 1919-cu il 4 iyul tarixli 216-cı nömrəyə qədər Üzeyir bəyin, 4 iyul 216-cı nömrədən sentyabr ayının 1-nə - 265-ci nömrəyə qədər bir müddət Xəlil İbrahimin (1892-1938), ən nəhayət, 265-ci nömrədən 1920-ci il aprel çevrilişinə qədər Üzeyir bəy Hacıbəylinin müdirliyi ilə çıxmışdır.

Qəzetin ilk redaktoru olmuş Ceyhun bəy yeni Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu ilin yanvar ayında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə sədr müavini Məmmədhəsən Hacınski, üzvlər Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, müşavirlər Məhəmməd Məhərrəmov və Mir Yaqub Mir Mehdiyevdən ibarət heyətlə Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yola düşür. Səfərdə əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq aləmdə tanıtdırmağa nail olmaq və vətənimizə aid tarixi, etnoqrafik və başqa sənədləri yaymaq yolu ilə Avropa və Amerika ictimaiyyətini Azərbaycanın vəziyyəti ilə tanış etmək idi. Başqa sözlə, vəzifə bütün üsul və vasitələrlə Azərbaycanın mənafeyini qoruyaraq, onun tam istiqlaliyyətinə nail olmaq idi. Bununla bərabər nümayəndə heyətinə qəti surətdə tapşırılmışdı ki, İrəvan quberniyasının müsəlman rayonlarında olan əhalinin fiziki varlığı ilə yanaşı, bu rayonların ərazi bütövlüyünün qorunması üçün müttəfiq dövlətlər qarşısında təcili olaraq məsələ qaldırılsın.

Bu barədə Ceyhun bəy 9 yanvar 1919-cu ildə “Azərbaycan” qəzetində “Möhtərəm qarelərimizə” müraciətində belə yazırdı: “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetəmizin müdiri sifətilə ifadəyə məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan Sülh Konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü.

Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzetə idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədigimiz yoldakı həlli hüsn-ifasından asılı olan məsul vəzifəmizin həqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməgi və möhtərəm oxucularımıza kəmali-sidq və səmimiyyət ilə xudahafiz deməgi özümə fərz bildim.

“Azərbaycan” qəzetəsinin müdiri:

Ceyhun bəy Hacıbəyli”.

 

Bundan sonra qəzet müvəqqəti də olsa, 1918-ci ilin oktyabr ayından burada əməkdaşlıq etmiş Üzeyir bəy Hacıbəyliyə həvalə olunur. Bununla da qəzetin nəşrinin ağırlığı bütünlükdə onun üzərinə düşür. Ü.Hacıbəyli 1919-cu ilin əvvəllərindən 1920-ci ilin aprel çevrilişinə qədər “Azərbaycan” qəzetində redaktor kimi fəaliyyət göstərir.

Bu arada xalqının azadlığı naminə mübarizə aparan, dəfələrlə haqsız hücumlara məruz qalan Üzeyir bəyin qəflətən səhhəti pozulur və 1919-cu ilin iyul ayının əvvəllərində o, Bakını tərk etməyə məcbur olur. Bu barədə qəzetin səhifəsində oxuyuruq: “Qəzetəmizin müvəqqəti müdiri Hacıbəyli Üzeyir bəy əfəndi səhhətini düzəltmək məqsədilə bir müddətə Bakudan gedib. Müvəqqəti müdir vəzifəsi Xəlil İbrahim əfəndi öhdəsinə vagüzar edilmişdir”.

Üzeyir bəy iki aylıq müalicədən sonra yenidən “Azərbaycan” qəzetinə başçılıq edir.

Görkəmli ədibin “Azərbaycan”dakı fəaliyyətində müxtəlif mövzulardan ibarət məqalə və felyetonu işıq üzü görmüşdür. Beləliklə, bu deyilənlər kifayət qədər əsas verir ki, “Azərbaycan” qəzetinin nəşrində Ü.Hacıbəylini müstəsna xidmətləri, rolu və iştirakı olan bir naşir hesab edək. Redaktor Ü.Hacıbəyli qəzetin daha maraqlı, məzmunlu olmasına səy göstərmiş, Azərbaycanın müstəqil respublika kimi möhkəmlənməsinə çalışmışdır.

Bəzən qəzetlər, məsələn, ruspərəst “Zarya” “Azərbaycan”nı “Müsavat” partiyasının qəzeti olduğunu istehza ilə bildirirdi. Onun kinayəli çıxışlarına cavab olaraq Üzeyir bəy yazırdı: “... bunu bəyan etməgi lazım bilirik ki, qəzetəmiz partiya qəzetəsi deyildir... Qəzetəmizin yazılarına göz yetirməkdə olanlar şübhəsiz bunu bilirlər. Ancaq burasını heç də gizlətmirik ki, mövcud partiyalarımız arasında Azərbaycan istiqlalını kəmalınca - bidun haşiyə arzu etmək və bu yol uzunu gedərkən sağa və sola dönmək, tərəddüddən azad olub da rast bir istiqamət üzrə getmək qəsdini yalnız bir “Müsavat” firqəsində müşahidə etdiyimizdən bu firqəni istiqlal xadimlərindən ən sadiqi hesab edib, onun fikir və arzularına qəzetəmizdə kəmali-məmnuniyyət yer verməyi özümüzə borc bilirik” (“Azərbaycan” qəzeti, 10.03.1919 il, ¹133).

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Üzeyir bəyi hədsiz sevindirmişdir. Məhz bu baxımdan o məqalələrinin birində böyük ruh yüksəkliyi ilə yazırdı ki, artıq “yerimiz, yurdumuz, toprağımız özümüzün, hökumətimiz, camaətimiz, qoşunumuz özümüzün, dinimiz, ayin və adətimizə edilən şəmadətdən qurtulduq-(“Azərbaycan” qəzeti, 18.11.1918, ¹ 43) - deyərək, fəxr edirdi.

Başqa bir tərəfdən də Üzeyir bəyi qara fikirlər narahat edir və “...birdən bu azadlığımızı, asudəligimizi, həyatımızı əlimizdən alarlar?!” deyə həyəcanlanır və təlaşlanırdı. O, “Azərbaycan parlamanı” məqaləsində həmin narahatlığını belə ifadə edir: “Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmiyor...

...Qəlblər var ki, bir əsirdən artıq məhkum qalan bir millətin bu gün hakim deyil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəmiyor”.

Adını çəkdiyimiz bu məqalədə Üzeyir bəy xarici və daxili düşmənlərə kəskin cavab vermək məcburiyyətində qalır: “Azərbaycan türklərini müstəqil və azad görmək istəməyənlər, ya gərək bizi zor ilə təkrar qul və əsir etsinlər, ya buna gücləri çatmazsa “tən qəzaya verib” əmr vaqe qarşusında ixtiyari-süskün etsinlər və ya buna da vicdanlarını razı edə bilməsələr, vətən deyib, Azərbaycan toprağından çıxıb getsinlər. Bu üç təklifdən hanki birini qəbul etmək istəsələr sahibi-ixtiyardılar. Ancaq bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zor ilə də, güc ilə də əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik” (“Azərbaycan” qəzeti, 5.12.1918-ci il, ¹56).

Başqa bir tərəfdən də Üzeyir bəy narahat idi. Uzun illərin əsarətindən qurtulmuş bir xalqın nə vaxtsa yenidən rus əsarətinə düşəcəyindən qorxur, ehtiyat edirdi. Bu, xalqın arzuladığı və çətinliklə nail olduğu azadlığını bir daha itirmək qorxusu idi. Üzeyir bəy məqalələrində bu hisslərini gizlətmirdi. Xalq öz azadlığının bir iliyini qeyd etməyə hazırlaşdığı zaman yazırdı: “Deməli, bir gün olacaqdır ki, Rusiyada monarxistlər və ya bolşeviklər hakimi-mütləq olmaq ixtiyarını bir kərəlik ələ alıb da, ondan sonra Rusiyadan alınmış olan “üsyançı”lar üzərinə tökülüb, onları bir itaətə məcbur etmək işinə uğraşacaqlar”.

Yenicə azadlıq qazanmış xalqa qarşı “sapı özümüzdən olan baltalar”ın, xaricdən edilən hücumların, erməni daşnakların fəallaşmasının nəticəsi idi ki, Üzeyir bəy bu qənaətə gəlirdi.

Ü.Hacıbəylinin məqalələrində Azərbaycan xalqına qarşı həmişə xəyanət edən nacins ermənilərlə və Ermənistan arasında gedən qanlı müharibələrə son qoymaq üçün 1919-cu ildə Parisdə keçiriləcək Sülh Konfransına ümidlər bəslənilən mülahizələri də maraqlıdır. Üzeyir bəyə tam aydın idi ki, ermənilər Qafqazda yaşayan millətlər arasında ən “layiqli” və ən “məzlum millət” olduqlarını göstərməklə özlərinə qarşı Amerika və Avropada rəğbət qazandırmaq istəyirdilər. Buna nail olmaq üçün illərlə vəsait toplayıb onların qaniçən, hiyləgər siyasətindən xəbərsiz xarici dövlətlərə təbliğatçılar göndərərək özlərini Qafqaz xalqları arasında ən alicənab, “etika və cayizi - həliqiyyət və şayesteyi-istiqlal bir millət” kimi göstərməyə müvəffəq olmuşdular. Buna görə də Ü.Hacıbəyli ilk növbədə xalqımızı Avropa, Amerika və başqa dövlətlərdə yaşayan işgüzar adamlarla ünsiyyət qurmağa, onlarla əməkdaşlıq etməyə çağırırdı. “Bu əməkdaşlıqda bizim tərəfdən heç bir işgüzar adam biganə qalmamalıdır” - deyirdi. Çünki “Qafqaz, baxüsus Azərbaycanın bitib-tükənməz təbii sərvəti” Avropanın, Amerikanın iş adamlarını laqeyd buraxmaz. Üzeyir bəy “bitib-tükənməz” sərvətdən səmərəli istifadə etməyi məsləhət görürdü.

Qəzetdəki fəaliyyətində Ü.Hacıbəyli özünü istedadlı, bacarıqlı, dərin düşüncəli və ideyalı bir publisist kimi göstərmişdir. Təsadüfi deyil ki, Üzeyir bəyin mətbuatda 900-ə yaxın məqalə və felyetonu çap olunmuşdur. Bunların da 100-dən çoxu 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin payına düşür.

Ümumiyyətlə, dünya mədəniyyəti tarixində elə şəxsiyyətlər olub ki, onlar əsas sənətlərindən əlavə digər peşələrdə də öz istedadlarını sınamış və bu sahələrdə özlərini yüksək səviyyədə göstərə bilmişlər.

Ü.Hacıbəyli də belə sənətkarlardandır. Böyük şəxsiyyətin bu çoxcəhətli fəaliyyətindən danışarkən, Üzeyir bəyin tələbəsi olmuş Azərbaycanın dahi bəstəkarı Qara Qarayev yazırdı: “R.Şuman, F.List, R.Vaqner, P.Çaykovski dövri mətbuatla müəyyən dərəcədə bağlı olublar. Məsələn, R.Şuman Leypsiq şəhərində “Yeni musiqi” qəzetini təsis edib, F.List musiqi tənqidinin gözəl nümunələrini yaradıb, opera janrının reformatoru R.Vaqner müxtəlif qəzetlərin əməkdaşı olub, P.Çaykovski “Russkiye vedomosti” qəzetinə Moskvanın musiqi həyatına dair məqalələr yazmışdı...” (“Ədəbiyyat və incəsənət” qəzeti, 04.09.1976).

Dahi bəstəkarın sözlərində böyük bir həqiqət var. Məsələn, Azərbaycanın xalq artisti, məşhur bəstəkar Arif Məlikov gözəl rəsm əsərlərinin müəllifidir. Azərbaycan xalq rəssamı Toğrul Nərimanbəyov dünya musiqi klassiklərinin əsərlərinin mahir ifaçısıdır.

Nəhayət, daha bir məsələni qeyd etmək istərdik. Bəstəkara “Üzeyir bəy” kimi müraciət ediləndə bəzi şəxslər bunu qəbul etmək istəmir və bizə bu deyimə görə irad tuturlar. Lakin qeyd etmək istərdik ki, Azərbaycanda “bəy” titulunu indiki kimi hər yerindən duran ala bilməzdi. Yalnız müəyyən dairələrdə bu titul bir neçə nəfərin şahidliyi ilə təsdiqlənirdi. Sankt-Peterburq Dövlət Tarix Arxivində Üzeyir bəyin “bəy” nəslindən olmasını təsdiq edən sənəddə deyilir:

“1897 avqust, Şuşa.

Bir neçə nəfərdən ibarət Qarabağ bəyləri tərəfindən imzalanmış şəhadətnamədə Üzeyir bəyin “bəy” nəslindən olduğu təsdiq edilir. Şəhadətnaməni imzalayanlardan birinci Xurşudbanu bəyim səbiyyəyi, mərhum general-mayor Mehdiqulu xandır” (fond 361, siyahi 1, iş 796, vərəq 5).

Üzeyir bəyin 1920-ci illərə qədərki ədəbi fəaliyyəti imkan verir ki, onu gözəl jurnalist, kəskin qələmli felyetonçu, misilsiz operetta liberttolarının müəllifi kimi qiymətləndirək. Lakin buna baxmayaraq bir müddət Üzeyir bəydən əsasən bəstəkar kimi bəhs olunmuşdur. Son onilliklərdə tədqiqatçılar tərəfindən dahi sənətkarın jurnalistlik fəaliyyətinə diqqət artmışdır. Üzeyir bəyin anadan olmasının 130 illik yubileyi ərəfəsində onun ədəbi yaradıcılığının, publisistikasının, mətbu fəaliyyətinin (xüsusilə “Azərbaycan” qəzetindəki fəaliyyəti) araşdırılması alimlərimiz üçün böyük şərəfdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir bəy Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir” sözləri dahi sənətkarın yaradıcılığına verilən ən böyük qiymətdir.

Üzeyir bəyin nəinki Azərbaycan milli operamızın yaradıcısı, hətta bir publisist kimi xidmətlərinin yüksək qiymətləndirilməsində və onun “Üzeyir dünyası” adlı toplusunun yüksək səviyyədə hazırlanmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Mehriban xanım Əliyeva çıxışlarının birində dahi bəstəkar haqqında demişdir: “Üzeyir irsi həqiqətən böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir”.

 

Aslan KƏNAN,

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 6.