Bakıda “Elm və media: multidisiplinar
istiqamətlər və
perspektivlər” mövzusunda
konfrans keçirilib
İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyinə həsr olunan “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi yeniliklərin, elmin inkişafı istiqamətində aparılan islahatlarla bağlı məlumatların geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolundan, ölkədə mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb. “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı istiqamətində görülən işlərdən söz açan akademik milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda güclü media formalaşıb. Milli mətbuatımizin 140 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın mətbuatın inkışafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
AMEA-da son illər həyata keçirilən tədbirlər və onların elmin inkişafına əhəmiyyətli təsirindən danışan A.Əlizadə bildirib ki, akademiyanın yeni Nizamnaməsinin, “AMEA- 2020” Konsepsiyasının qəbul edilməsi əldə olunan ən böyük uğurlardandır. Azərbaycan elminin təhsillə inteqrasiyasının hazırda ən vacib məsələlərdən olduğunu söyləyən akademik bu il ilk dəfə AMEA-da yeddi ixtisas üzrə magistraturaya qəbul aparıldığını, gələcəkdə bu ixtisasların sayının artacağını bildirib. Qeyd olunub ki, bunda məqsəd AMEA üçün yeni kadrlar, dünya elminə inteqrasiya oluna biləcək savadlı alimlər hazırlamaqdır.
Akademik A.Əlizadə AMEA ilə media qurumları arasında əlaqələrin əhəmiyyətini qeyd edib, bu əlaqələrin daha da güclənməsi istiqamətində fəaliyyətin genişləndiriləcəyinə əminliyini bildirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyini söyləyib. O, ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanların yaradıldığını bildirib. Ə.Amaşov ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, jurnalistləri bayram münasibətilə təbrik edib.
Sonda bəzi media qurumları, o cümlədən AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının diplomları ilə mükafatlandırılıblar.
Azərbaycan.- 2015.- 16 iyul.- S. 7.