Milli mətbuatın 140 illik yubileyi ilə bağlı konfrans keçirilib
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın görkəmli maarifçi-pedaqoqu və təbiətşünas alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən 140 illik inkişaf yolunun hər birimizdə qürur hissi doğurduğunu vurğulayıb. Nazir Azərbaycan mətbuatının həmişə ictimai həyatın güzgüsü və mütərəqqi ideyaların, ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu, informasiya təminatında, xalqın maariflənməsində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, cəmiyyətin həyatında KİV-in rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev milli mətbuatın inkişafını daim diqqətdə saxlayıb. Ulu öndərin 1998-ci il 16 avqust tarixli fərmanı ilə ölkəmizdə KİV üzərində senzuranın aradan qaldırılması isə Azərbaycanda ümumən demokratik islahatlar prosesində mühüm addımlardan biridir.
Ölkəmizdə sürətli və hərtərəfli tərəqqini uğurla təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin də ölkə KİV-inə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan S.Müslümov milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalanmasını bu diqqət və qayğının növbəti ifadəsi kimi dəyərləndirdi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın ümumi inkişaf proseslərində fəal iştirakından bəhs etdi. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan uğurlu islahatların mətbuatın gündəmindəki əsas mövzulardan biri olduğunu qeyd edən Ə.Amaşov jurnalistlərin nazirliyin fəaliyyət sahələrinə dair məlumatlar əldə etmələrində, müvafiq sorğularına cavab almalarında hər hansı çətinliklə üzləşmədiklərini, nazirliyin rəsmi saytında məlumatların gündəlik yenilənməsinin təqdirəlayiq olduğunu qeyd etdi, nazirliyin KİV-lə qarşılıqlı əməkdaşlığını yüksək dəyərləndirdi.
Sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalist mükafatlandırıldı. Mükafatçılar sırasında “Azərbaycan” qəzetinin əməkdaşı Elçin Cəfərov da var.
Azərbaycan.- 2015.- 16 iyul.- S. 6.