Mədəniyyət və turizm
naziri Oğuzda vətəndaşların müraciət
və təkliflərini
dinləyib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Oğuz şəhərindəki “AFRA” otelində Şəki, Mingəçevir şəhər, Oğuz, Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciət və təkliflərini dinləyib.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Qəbulda Zaqatala rayon Mədəniyyət Mərkəzinin istilik sisteminin quraşdırılması işlərinin tamamlanması, Balakən rayonundakı uşaq incəsənət məktəbində rəsm şöbəsi üzrə heykəltəraşlıq dərslərinin keçirilməsi məqsədilə avadanlığın və rəqs kollektivi üçün milli rəqs paltarlarının verilməsi, Qax şəhər mərkəzi kitabxana fondunun tibb, kənd təsərrüfatı ədəbiyyatı və elektron nəşrlərlə zənginləşdirilməsi, Qax rayon uşaq incəsənət məktəbinin xanəndəlik və rəqs şöbələrinin müəllimləri üçün ustad dərslərin təşkilinə kömək göstərilməsi, Şəki şəhərindəki “Gələrsən-Görərsən” qalasının konservasiyası, M.F.Axundzadə adına kinoteatrın bərpa olunması və Mədəniyyət Mərkəzinin buraya köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Qəbulda, həmçinin Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyində bərpa emalatxanasının yaradılması, Oğuz şəhərində Heydər Əliyev Mərkəzinin tikintisinin sürətləndirilməsinə kömək göstərilməsi, Oğuz rayon uşaq musiqi məktəbinin fortepiano və qarmon musiqi alətlərinə olan ehtiyacının ödənilməsi, rayonlarda mədəniyyət sahəsində çalışan işçilərin xarici ölkələrdə keçirilən təkmilləşdirilmə kurslarında iştirakı və digər məsələlərlə bağlı müraciətlər olunub.
Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləyib, onların müraciət və təkliflərinin həll olunması üçün müvafiq göstərişlər verib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, sakinlərlə bu cür birbaşa ünsiyyət bir çox aktual məsələlərin gündəmə gəlməsinə, eləcə də mövcud problemlərin operativ şəkildə həllinə kömək edir.
Azərbaycan.- 2015.- 16 iyul.- S. 7.