“Il primato nazionale” portalı: Ermənistanda gərginliklərin tüğyan
etdiyi bir vaxtda Azərbaycan növbəti uğura imza atdı
Ermənistanda gərginliklərin tüğyan etdiyi bir vaxtda Azərbaycan növbəti uğuruna imza atdı: Bakıda möhtəşəm ilk Avropa Oyunları keçirildi. Bu tədbir bütün dünyanın Azərbaycanın siyasi və iqtisadi qüdrətini görməsinə imkan yaratdı.
Bu fikirlər İtaliyanın “Il primato nazionale” xəbər portalında yayılmış məqalədə yer alıb.
Məqalədə bu yaxınlarda Avropa Məhkəməsinin “Çiraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə elan etdiyi qərardan bəhs olunur. Bildirilir ki, qurumun azərbaycanlı məcburi köçkünlərin xeyrinə qərar verməsi beynəlxalq birliyin onların hüquqlarının Ermənistan tərəfindən pozulmasını təsdiq etməsi deməkdir. Həmin qərarın Ermənistan hökumətində cərəyan edən mürəkkəb siyasi proseslər ərəfəsində verilməsi bu ölkədə vəziyyəti daha da gərginləşdirib. Hazırda Yerevanda əhali elektrik enerjisinin qiymətlərinin qaldırılmasına etiraz edir. Polis nümayişçilərə qarşı zor tətbiq etməklə onları meydanlardan uzaqlaşdırmağa çalışır. Ermənistanda bütün bu gərginliklərin tüğyan etdiyi bir vaxtda Azərbaycan növbəti uğuruna imza atdı: Bakıda möhtəşəm ilk Avropa Oyunları keçirildi. Bu tədbir bütün dünyanın Azərbaycanın iqtisadi və siyasi qüdrətini görməsinə imkan yaratdı.
Məqalədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Məhkəməsinin bu qərarı ilə bağlı AZƏRTAC-a verdiyi müsahibəsindən fikirlər də yer alıb. Nazir həmin qərardan sitat gətirərək bildirib ki, “Ermənistan özünün hərbi mövcudluğu ilə, hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 16 iyul.- S. 7.