Yaponiyalı dostların yeni töhfələri
Bir neçə ildir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində Azərbaycanın bir sıra rayonlarında, o cümlədən dağlıq bölgələrində sosial layihələr həyata keçirilir.
Şəmkirdə və Gədəbəydə bir neçə yeni qrand layihəsinin icrasına başlanmışdır. Bu dəfə Şəmkirin İrmaşlı kəndində yeni tibb məntəqəsinin inşası və Gədəbəyin Söyüdlü kəndində su təchizatının yaxşılaşdırılması məqsədilə müqavilələr imzalanmışdır.
Bununla əlaqədar olaraq Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin iştirakı ilə Şəmkir rayonunun İrmaşlı kəndində mərasim keçirilmişdir. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sevinc Hüseynova, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev çıxış edərək dəyərli dostluq töhfələri üçün Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi çıxış edərək ölkənin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində Azərbaycanda sistemli surətdə həyata keçirilən işlərdən və dağlar qoynunda reallaşdırılacaq yeni layihələrdən danışdı. Bildirdi ki, bu layihələrin hər birinin dəyəri 90 min ABŞ dollarından çoxdur və onların uğurla həyata keçirilməsi üçün hər cür tədbirlər görüləcək.
Sonra müqavilələr imzalanmışdır. Müqaviləni Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, “Lider qadınlar” ictimai birliyinin sədri Məlahət İbrahimqızı və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev imzalamışlar.
Əhməd İSAYEV,
Azərbaycan.- 2015.- 16 iyul.- S. 7.