Ramazan bayramı başlayır

 

Bu gün mübarək orucluq ayı başa çatır. Sabahdan etibarən dünya müsəlmanları Ramazan bayramını qeyd edəcəklər. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan bir neçə gün davam edən bu bayram orucluğun qurtarması ilə əlamətdardır. Ramazan bayramı Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.

Müsəlmanların iki dini bayramından biri olan Ramazan bayramında oruc tutmaq haramdır. Hamı bayram günü çimib təmizlənir, təzə ya təmiz paltar geyir, bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Tanrıya dua edir.

Bir ay boyunca oruc tutmaq müsəlman üçün fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsindən tələb olunan fitrə verilməyənədək Ramazan ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.

Qeyd etmək lazımdır ki, fitrəni yalnız imkanlı müsəlmanlar çıxarmalıdırlar. Varlı adam hər bir ailə üzvünün adından fitrə verməlidir. Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş, qarğıdalı s. ərzaq məhsullarından adambaşına təxminən 3 kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə kasıblara ehtiyacı olanlara münasibətdə göstərilən bu xeyirxahlıq başqa formalar da almışdır. İndi fitrəni pul şəklində verirlər. Əslində bu daha münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək imkanı əldə edir. Özü fitrə yalnız halal maldan verilməlidir. Fitrə bayramdan bir-iki gün qabaq ya bayram namazı başlamazdan əvvəl çıxarılmalıdır. Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sədəqə sayılır.

Fitrə ilk növbədə ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə digər insanlara verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir. Qeyd etmək lazımdır ki, bir şəxsin fitrəsi bir kasıba da verilə bilər, bir neçə kasıb arasında da bölünə bilər.

Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində müsəlman ailələrində şənlik əhval-ruhiyyəsi hökm sürür. Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram sovqatları aparırlar. Qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edirlər. İncikliklər aradan qaldırılır, küsülülər barışırlar.

Bayram namazı qılındıqdan sonra müsəlmanlar həyatdan köçmüş yaxınlarının ruhuna Qurani-kərimdən ayələr oxutdurur, xatirələrini anırlar. Xalqımız bayram günü torpaqlarımızın müdafiəsi naminə canlarından keçmiş şəhidləri ehtiramla yad edir, onların rəşadətlərini xatırlayır.

Ramazan bayramı həm müsəlmanların həmrəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaşmanı möhkəmlədən mühüm hadisədir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.

Bütün müsəlman dünyasında olduğu kimi, Azərbaycanda da Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. Hərçənd sovet dönəmində xalqımız belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din münasibətləri nizama salındı, xalqın etiqad azadlığı təmin edildi. Sovet rejiminin inanclı insanlara dözümsüz münasibətini, cəmiyyətə aşıladığı mənəviyyatsızlığı müasir sivil tələblərə cavab verən dövlət siyasəti əvəz etdi.

Bu siyasətin əsas istiqamətlərindən biri yeni məscidlərin inşası, mövcud məscidlərin təmir bərpa olunub möminlərin ixtiyarına verilməsidir. Sovet dövründə ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi. Milli müstəqilliyin bərpasından bəri isə 2 mindən çox məscid inşa olunmuşdur. Müsəlman aləmində ən qədim məscidlərdən biri - 743-cü ildə tikilmiş Şamaxı cümə məscidi əsaslı şəkildə yenidən quruldu. Keçən ilin axırlarında Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi. Həmçinin kilsə sinaqoqlar təmir olunmuş, yeniləri tikilmişdir. Bu istiqamətdə tədbirlər davam edir.

Eyni zamanda dövlət rəhbərliyi müntəzəm olaraq dini mərasimlərdə iştirak edir, inanclı vətəndaşların qayğıları ilə müntəzəm olaraq maraqlanır. Prezident İlham Əliyevin orucluq ayında Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasimində iştirakı artıq ənənəvi hal almışdır. Dövlət başçısı artıq on ikinci dəfə həmin mərasimdə möminlərlə bir araya gəlmişdir. Prezident sonuncu dəfə cari ayın 11-də müqəddəs Ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilmiş iftar mərasimində iştirak etmişdir. Dövlət başçısı mərasimdə çıxış edərkən növbəti dəfə bəyan etdi ki, xalqımız üçün milli, dini dəyərləri hər şeydən üstündür: “Biz çalışmalıyıq çalışırıq ki, bizim gənclərimiz milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax bu ruhda tərbiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. qədər gücüm varsa, mən bu kənar təsirin qarşısında duracağam heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana diktə etsin”.

Dövlət başçısı nəzərə çarpdırdı ki, bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri baş alıb gedir. O qeyd etdi ki, bu təzahürlərə qarşı ən gözəl sığorta, ən gözəl sədd təhsildir: “Bilikli, savadlı insan çox nadir hallarda yolunu aza bilər. Savadsız insanların beynini zəhərləmək asandır. Ona görə bizim gənclər savadlı, biliklidirlər. Biz bunu təqdirlə qeyd edirik bizim siyasətimiz bundan sonra bu istiqamətdə davam etdiriləcək. Burada həm dövlət qurumları, həm dini qurumlar yenə bir yerdə olmalıdır. Azərbaycanda həm ali, həm orta məktəblərdə, eyni zamanda dini təhsil yüksək səviyyədə olmalıdır. Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi tədbirləri görür görəcəkdir”.

Bayramınız mübarək! Allah çıxardığınız fitrənin əvəzini versin!

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. S. 8.