“Respublika” qəzetinin “Həsən bəy Zərdabi” adlı xüsusi buraxılışı
mətbuatımızın 140 illik yubileyinə layiqli töhfədir
Bu il iyulun 22-də milli mətbuatımızın yaranmasının 140 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu əlamətdar yubiley ölkəmizdə geniş qeyd edilir.
Milli mətbuatımızın “qaranquşu” olan “Əkinçi”nin, o cümlədən onun banisinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında rolunun, əqidə və prinsiplərinin “tarixilik və müasirlik” kontekstində təbliği işinə töhfə olaraq “Respublika” qəzeti “Həsən bəy Zərdabi” adlı xüsusi buraxılış hazırlayaraq nəşr etdirib. Kitab görkəmli alim və naşir Həsən bəy Zərdabinin həyatı, mühiti və yaradıcılığı barədə oxucuda dolğun təsəvvür yaradır.
Xüsusi buraxılış “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi” haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 2 iyun tarixli sərəncamı ilə açılır.
Kitabın tərtibçisi və ön sözün müəllifi, “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. Alimin “Ömrünü məşələ çevirən insan. Həsən bəy Zərdabi” adlı ön sözünün yer aldığı birinci hissəyə Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə və Abbasqulu ağa Bakıxanovun bir-birinə yazdıqları tarixi məktublardan nümunələr daxil edilib.
Kitabın “Əkinçi”dən səhifələr, “Xatirələr”, “Məqalələr” bölmələrindəki materiallar Azərbaycanın ilk mətbu nəşrinin, Zərdabilər ailəsinin keçdiyi həyat yolunu izləməyə imkan verir. Azərbaycanın tanınmış elm adamlarının görkəmli alim, naşir, maarifçi, publisist Həsən bəy Zərdabinin çoxşaxəli fəaliyyətinin təhlil-tədqiqinə aid seçilmiş məqalələri mətbuat tariximizlə maraqlananlar, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün faydalı mənbədir. Eyni zamanda, “Respublika” qəzetinin “Həsən bəy Zərdabi” adlı xüsusi buraxılışı milli mətbuatımızın 140 illik yubileyinə layiqli töhfədir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 iyul.- S. 8.