Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilib

 

İyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələlər daxil edilmişdir.

2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov demişdir ki, muxtar respublikada hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, istehsal və xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Cari ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artmış, tikinti sahəsində 11 min nəfərə yaxın işçi çalışmışdır. Bu dövrdə muxtar respublikada 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov demişdir ki, 2015-ci ilin ötən dövründə 439 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. Bunun nəticəsidir ki, 2015-ci ilin birinci yarımilində 491  milyon 381 min  manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə 18 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, muxtar respublikada 336 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. 2015-ci ildə sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olmuş, ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötmüşdür.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirmişdir ki, 2015-ci ilin birinci yarısında məşğulluq xidməti orqanlarına müraciət edən 1391 nəfər, Naxçıvan şəhəri və rayonlarda keçirilmiş əmək yarmarkalarında isə 332 nəfər işlə təmin olunmuşdur. Cari ilin altı ayı ərzində əmək bazarının tələbinə uyğun olaraq  Naxçıvan Regional Peşə-Tədris Mərkəzində təşkil edilmiş peşə kurslarına ümumilikdə 195 nəfər cəlb edilmişdir. Muxtar respublikada həyata keçirilən sosial siyasət əhalinin məşğulluq imkanlarının artması və aztəminatlı ailələrin sayının azalması ilə nəticələnmişdir. 2015-ci ilin birinci yarısında aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımına 1 milyon 692 min manat sərf olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 min manat azdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov qeyd etmişdir ki, cari ilin ötən dövrü ərzində ümumi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5 faiz artaraq 1 milyard 86 milyon 578 min manat təşkil etmişdir. Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialını da gücləndirməkdədir. Belə ki, ötən dövr ərzində muxtar respublikadan kənara 38 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. Yanvar-iyun aylarında 1830 yeni iş yeri açılmışdır ki, bu iş yerlərinin də 98 faizi daimidir. İqtisadiyyatın inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də şərait yaratmış, yanvar-iyun aylarında muxtar respublikada 208 milyon 291 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 5 faiz artaraq 184 milyon 420 min dollardan çox olmuş, idxalın həcmi 58,4 faiz azalmışdır. 1 iyun 2015-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4314 nəfər artaraq 441 min 381 nəfərə çatmışdır.

Sessiyanın gündəliyinə daxil edilmiş ikinci məsələ ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında məlumat verərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2014-cü ildə bütün mənbələr hesabına 66 milyon 800 min manat proqnoza qarşı 74 milyon 84 min 717 manat vəsait daxil olmuş, tapşırıq 110,9 faiz icra olunmuşdur. 2014-cü ildə büdcə daxilolmalarının 83,7 faizi  Vergilər Nazirliyi, 13,6 faizi Dövlət Gömrük Komitəsi tərəfindən, 2,6 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2014-cü ildə 350 milyon 500 min manat təyinata qarşı 349 milyon 702 min 322 manat və ya 99,8 faiz icra olunmuşdur.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.

Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı bildirilmişdir ki, “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli Qanunu ilə seçki komissiyası üzvünün səlahiyyətinə xitam verilməsi qaydasında dəyişiklik edilmişdir. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu bu dəyişikliyə uyğunlaşdırmaq məqsədilə qanun layihəsi hazırlanmışdır.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanunu  qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir. Ali Məclisin Sədri bildirmişdir ki, ulu öndər Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda hər il sosial-iqisadi inkişaf sahəsində mühüm nailiyyətlər qazanılır. Bu, öz əksini əhalinin yaxşılaşan həyat səviyyəsində, sabitlik və əmin-amanlıqda tapır. Əldə olunan sabitliyin nəticəsidir ki, bu gün Azərbaycan dünya əhəmiyyətli tədbirlərə evsahibliyi edir. Bu yaxınlarda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili və tam sabitlik şəraitində keçirilməsi Azərbaycanın iqtisadi qüdrətinin əyani ifadəsi idi. Ölkəmizin ilbəil artan iqtisadi gücünü şərtləndirən əsas amillərdən biri də regionların tarazlı inkişafının təmin edilməsidir.

Azərbaycanın digər iqtisadi rayonları kimi, Naxçıvan Muxtar Respublikası da özünün quruculuq və inkişaf dövrünü yaşayır. Hazırda sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada quruculuq tədbirləri getməsin. Sosial-iqtisadi inkişafa dair dövlət proqramlarına vaxtında əməl olunması, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, əhali məşğulluğunun yüksəldilməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. Cari ilin ilk yarısında sənaye, kənd təsərrüfatı, tikinti kimi maddi istehsal sahələrində, eləcə də xidmət sektorunda qeydə alınan göstəricilər deməyə əsas verir ki, muxtar respublikamız 2015-ci ili də yüksək nəticələrlə başa vuracaqdır.

Lakin bunlar son hədd deyil. Bizim əsas məqsədimiz iqtisadi və sosial sahədə qazanılan uğurların davamlılığını təmin etmək, əhalinin rifah halını daha da yaxşılaşdırmaqdır. Bu vəzifələrin icrası üçün isə aidiyyəti dövlət orqanları fəaliyyətlərini daha da gücləndirməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında qiymətlər üzərində nəzarət funksiyasını gücləndirməli, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri ilə birlikdə kənd təsərrüfatı və yerli istehsal məhsullarının satış yarmarkalarının təşkilini bundan sonra da davam etdirməlidir.

Aqrar sektorun inkişafını və modernləşdirilməsini sürətləndirmək, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını daha da artırmaq məqsədilə 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan edilmişdir.

Bu gün torpaqlardan səmərəli istifadə qarşıda duran əsas vəzifələrdəndir. Əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınaraq əkinçiliyin inkişafında intensiv amillərə üstünlük verilməlidir. Kənd təsərrüfatına yararlı torpaqlardan digər məqsədlər üçün istifadənin qarşısı alınmalı, onların əkin dövriyyəsinə cəlb olunması istiqamətində tədbirlər görülməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birlikdə muxtar respublikada şoranlaşmış və eroziyaya uğramış torpaqların mütəmadi monitorinqini aparmalı, şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasını təmin etməlidir.

Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları yerlərdə iri fermer təsərrüfatlarının yaradılması məqsədilə maarifləndirici tədbirlər aparmalıdırlar.

Kənd təsərrüfatının inkişafına maliyyə dəstəyi gücləndirilməli, muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları, həmçinin Sahibkarlığa Kömək Fondu kənd təsərrüfatına yönəldilən kreditlərin həcmini artırmalı və əhatə dairəsini genişləndirməlidirlər.

Muxtar respublikada əsas kapitala yönəldilən investisiyaların həcminin ildən-ilə artması tikinti-quruculuq işlərinin miqyasının və əhatə dairəsinin də genişlənməsinə səbəb olmuşdur. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi ərazinin relyefinə uyğun konstruksiyaların seçilməsinə, tikinti layihələrinin ciddi şəkildə təhlil olunmasına və keyfiyyətli materiallardan istifadəyə nəzarəti artırmalıdır.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi rabitə və poçt xidmətinin, genişzolaqlı və simsiz internetin əhatə dairəsini genişləndirməlidir. “Evədək optika” və “Elektron hökumət” layihələrinin icrası üçün aidiyyəti təşkilatlarla birlikdə bütün səylər səfərbər olunmalıdır.

Muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunması üçün məqsədyönlü tədbirlər görülür. Dövlət Energetika Agentliyi, “Naxçıvanqaz” İstehsalat Birliyi və yerli icra hakimiyyəti orqanları qaz və elektrik enerjisi itkilərinə səbəb olan nöqsanları aradan qaldırmalı, müasir tipli elektrik və qaz sayğaclarının quraşdırılması davam etdirilməlidir.

Təhsil Nazirliyi tədrisin yeni metodlar və təlimin texniki vasitələrdən istifadə əsasında qurulmasına nail olmalı, məktəblərin pedaqoji kadrlara olan tələbatının müəyyənləşdirilməsi və ixtisaslı müəllimlərlə təmin edilməsi üçün zəruri tədbirlər görməli,  distant dərslərin və muzeylərdə açıq dərslərin keçirilməsini davam etdirməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmi nailiyyətlərin təcrübəyə tətbiqini gücləndirməli, “Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildinin nəşrə hazırlanmasını başa çatdırmalı, aparılan elmi tədqiqatların aktuallığına nail olmalıdır.

 Ali təhsil müəssisələri müasir tədris texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə və məzmunun yeniləşdirilməsinə nail olmalıdır. Ali məktəblərin beynəlxalq elmi əlaqələri genişləndirilməlidir. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması diqqətdə saxlanmalı, tədris proqramlarında daim yeniləşmələr aparılmalıdır.

 Səhiyyə Nazirliyi səhiyyə müəssisələrində tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməlidir. Əczaxanaların fəaliyyətinə, satılan dərman preparatlarının keyfiyyətinə və qiymətinə nəzarət olmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında müxtəlif peşələr üzrə kadrlara olan tələbatı müəyyənləşdirməli, peşə hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmalı, şəhər və rayonlarda əmək yarmarkalarının keçirilməsini davam etdirməlidir.

Yerli icra hakimiyyəti orqanları abadlıq işlərinin keyfiyyətinə, istifadəyə verilmiş inzibati və sosial obyektlərin qorunub saxlanılmasına nəzarəti gücləndirməli, məişət tullantılarının vaxtında toplanmasını təşkil etməli, müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməli, qanunsuz tikililərin qarşısı alınmalı, salınmış yaşıllıq və güllüklər qorunmalıdır. Vətəndaşların müraciətləri yerində araşdırılmalıdır.

Biz bugünkü işimizlə, fəaliyyətimizlə müstəqil ölkəmizin gələcəyinə öz töhfəmizi veririk. Azərbaycanın gələcək inkişafının təməlinin bugündən qoyulduğunu bildirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan güclü ölkədir. Bizim yolumuz ədalət yoludur. Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik”.

Bununla da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası öz işini başa çatdırmışdır.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.- 2015.- 22 iyul.- S. 9.