“Multikulturalizm Azərbaycanda
həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbinə
start verilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsinə start verilir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, cari ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatılacağı yay məktəbi iyulun 21-dən avqustun 1-dək fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən yay məktəbinə 8 xarici və 7 yerli universitetin tələbələri ilə yanaşı, tanınmış azərbaycanlı və avropalı elm adamları da qatılacaq.
Belarus Dövlət və Linqvistik universitetləri, Çexiyanın Praqa Karlov və Masarik universitetləri, Litvanın Pedaqoji və Vytautas Maqnus universitetləri, Tiflis Dövlət Universiteti, Rusiyanın Ural Federal Universiteti və Rus Dili Dövlət İnstitutu, İtaliyanın La Sapienza və Neapol universitetləri, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Türkiyənin Ərdəhan və Sakarya universitetləri, ADA Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Ali Neft Məktəbinin bütövlükdə 70 tələbəsinin qatılacağı yay məktəbində yerli və xarici alimlərin mühazirələri dinləniləcək.
Yay məktəbinin üzvləri 21-22 iyulda Bakıda toplaşacaqlar. Proqrama paytaxtla iki günlük tanışlıq, dövlət müşaviri akademik Kamal Abdullayevlə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və Bakı Slavyan Universitetinin rəhbərliyi ilə görüşlər daxildir. Həmçinin onları xoş istirahət, maraqlı mühazirələr və intellektual görüşlər, yeni dostlar gözləyir. Tələbələr müxtəlif qruplara ayrılıblar. Bu qruplar arasında rəqs, idman və intellektual yarışmalar keçiriləcək, qaliblərə xüsusi hədiyyələr veriləcək.
Yay məktəbi ərzində Azərbaycanın multikultural durumu ilə daha yaxından tanış olmaları üçün tələbələrə Azərbaycan dili, mədəniyyəti, incəsənəti, tarixi və ölkəmizdə tarixən formalaşmış tolerant ənənələr və onların kökləri, bugünkü tarixi reallıqlar barədə geniş məlumatlar veriləcək, müxtəlif xalqların dini ocaqlarına ekskursiyalar təşkil olunacaq.
Yay məktəbinin iştirakçıları iyulun 23-də Nabran istirahət mərkəzinə yollanacaqlar. Avqustun 30-dək olan müddət ərzində tələbələr Qubaya, Qusara və Xaçmaza səfərlər edəcək, həmin rayonlarda müxtəlif tədbirlərə qatılacaqlar. Bu tədbirlərdə yerli dövlət orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, bölgə gəncləri də iştirak edəcəklər. Yay məktəbinin üzvlərinin olduqları rayonlarda gəzintilər təşkil ediləcək, onlar Azərbaycanın multikultural əhvali-ruhiyyəsi ilə əyani şəkildə tanış olacaqlar. Yay məktəbinin mühazirəçiləri arasında Almaniya, İsrail, Rusiya və Azərbaycandan mütəxəssislər var. Onlarla təmas tələbələrin dünyagörüşünə yeni çalarlar qatacaq.
Ümumiyyətlə, yay məktəbinin təşkil edilməsində məqsəd ilk dəfə Azərbaycan multikulturalizmindən dərs keçən xarici tələbələrə nəzəri olaraq öyrəndiklərini praktik formada yaşatmaqdır. Xarici universitetlərin tələbələri semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri bilikləri artıq ölkəmizi əyani şəkildə görməklə tamamlayacaqlar. Bir semestr dərs keçən bu tələbələr esse yazılarında Azərbaycan barədə daha geniş bilgilərə malik olmaq istədiklərini qeyd ediblər. Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə onların istəkləri yay məktəbinə qatılmaqla gerçəkləşəcək.
Təşkilatçılar maksimum şəkildə çalışacaqlar ki, Azərbaycana gələn xarici tələbələr ölkəmiz barədə daha çox və obyektiv bilgiyə sahib olsunlar, multikultural əhvalın azərbaycanlıların həyat tərzində rolunu gözləri ilə görsünlər.
Yay məktəbi bitəndən sonra da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həmin tələbələrlə əlaqələri davam etdirəcək, bəlkə də bu yay məktəbinin sonunda tələbələr Azərbaycan haqqında araşdırmalara başlayacaqlar. Çünki tələbələrin bir çoxlarının ixtisasları beynəlxalq əlaqələr, tarix, etnoqrafiya, coğrafiya və s. olduğundan onlar üçün Azərbaycanın multikultural mühitini, ölkəmizdəki milli azlıqların mədəniyyətini, həyat tərzini, dövlət tərəfindən təmin olunmuş hüquq və azadlıqlarını öyrənmək çox maraqlıdır. Onlar öz diplom işlərində, dissertasiya çalışmalarında ölkəmizdə şahidi olduqları və yaşadıqları, yaxud təhsil aldıqları ölkələrdə olmayan məsələlərə daha çox üstünlük verəcəklər. Tələbələrin Azərbaycanla əlaqələri və gediş-gəlişi intensivləşəcək, bu isə onların həm ölkəmizə olan marağını artıracaq, həm Azərbaycanı onlar üçün doğmalaşdıracaq, həm də bu tələbələrin Azərbaycana marağı Azərbaycana məhəbbətə çevriləcək.
Azərbaycan.- 2015.- 22 iyul.- S. 10.