“AZƏRBAYCAN”çılarla
qəzetin fəal müəllifləri arasında
görüş keçirildi
Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi respublikada geniş qeyd olunur. Bu tarixi gün 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - “Əkinçi” qəzetinin işıqüzü gördüyü gündən başlanır. Təsadüfi deyil ki, Azərbaycan jurnalistləri də bu günü öz peşə bayramları kimi qeyd edirlər.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.
Ölkəmizdə hər il 22 iyul günü, hətta bundan xeyli əvvəl də jurnalist kollektivlərini, ayrı-ayrı qələm sahiblərini öz oxucuları təbrik edirlər. Rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti də bu ənənəyə yeni bir çalar əlavə edib. Belə ki, qəzet özünün ən fəal müəlliflərini, onunla sıx yaradıcılıq əməkdaşlığı edən təşkilatların mətbuat xidmətində çalışan həmkarlarının bayramını təbrik edir. “Azərbaycan”çılar bu dəfə də qəzetin fəal müəllifləri ilə redaksiyanın “Mətbuat tarixi” muzeyində görüş keçirdi. Onlardan 8 nəfəri “Azərbaycan”la səmərəli, fəal və operativ əməkdaşlığa, milli mətbuatın inkişafına verdiyi töhfəyə görə qəzetin təsis etdiyi diploma layiq görüldülər.
Bu münasibətlə keçirilən tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək mətbuatımızın tarixindən söhbət açdı, “Əkinçi”nin ənənələrinin “Azərbaycan” qəzeti tərəfindən uğurla davam etdirildiyini vurğuladı:
- Əgər bu gün “Əkinçi” qəzetinin ənənələri yaşayırsa, Həsən bəy Zərdabi anılırsa, demək, mətbuatımız müasir inkişafı ilə həm “Əkinçi”ni, həm də Həsən bəy Zərdabini yaşadır. Mətbuatın 140 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyev 200 nəfərə yaxın jurnalisti mükafatlandırdı. Onların sırasında “Azərbaycan” qəzetinin də əməkdaşları var. Eyni zamanda, dövlət başçısı iyul ayının 21-də Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul etdi, çox geniş, təhlili nitq söylədi, jurnalistikanın fəaliyyətinə müsbət qiymət verdi. Mətbuatımızın qarşısında çox məsul vəzifələr qoydu. Biz də öz növbəmizdə dövlət başçısının verdiyi tövsiyələri yerinə yetirmək üçün var gücümüzlə çalışacağıq.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çox gözəl bir ənənə var: Mətbuatın 5 ildən bir yubileyi keçirilir. Prezident İlham Əliyev də bu ənənəni yaşadır. Müasir zamanda bütün sahələrdə inkişaf davam etsə də, elektron informasiya vasitələri gündən-günə çoxalsa da, çap mətbuatına hələ də ehtiyac var. Bu gün yaxşı qəzet buraxmaq çox çətindir. “Azərbaycan” qəzetinin tarixi hər kəsə bəllidir və bu gün rəsmi dövlət qəzeti olaraq nəşr olunur və günün nəbzini tutur. Qəzetimizdə tanınmış şəxsiyyətlərin, alimlərin, mütəxəssislərin yazıları, araşdırmaları işıq üzü görür və bu, maarifləndirmə işinə böyük töhfəsini verir. Ona görə də qəzetimizlə əməkdaşlıq edən şəxslər, dövlət qurumları ilə sıx dostluq münasibətimiz, yaradıcı əməkdaşlığımız mövcuddur. Keçən ildən başlayaraq yeni ənənə formalaşdırmışıq. Qəzetimizə dəstək verənləri, təəssübünü çəkənləri diplomla təltif edirik. Keçən ildən başladığımız bu ənənəni mətbuatın 140 illiyində də həyata keçirmək qərarına gəldik. Ona görə də həmin şəxsləri redaksiyamıza dəvət edərək bu tədbiri təşkil etdik.
Sonra baş redaktor tədbir iştirakçılarını təqdim etdi: “Milli Məclisin deputatı, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov səfərdə olduğu üçün görüşdə iştirak edə bilməyib. Fəttah Heydərov qəzetimizin fəal müəlliflərindən biridir. Ulu öndər Heydər Əliyevin irsi haqqında mütəmadi sanballı yazılarla çıxış edir, Milli Məclisin iclasında qəzetimiz haqqında çox yüksək fikirlər səsləndirir”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov şərəfli həyat yolu keçib, dahi şəxsiyyət Heydər Əliyevlə çiyin-çiyinə işləyib. Onun rəhbərlik etdiyi komitənin hazırladığı qanunlar ölkəmizdə aqrar sahənin inkişafına böyük təkan verib. Biz də aqrar sahə ilə bağlı təhlili yazı hazırlayanda bu komitənin üzvlərinə, komitə sədri Eldar İbrahimova müraciət edirik. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilib. Bu sahə daim diqqət mərkəzindədir.
Digər mükafatçımız başqalarından seçilir. Çünki əlində silah Xocalı şəhərinin müdafiəsində olub, düşmənlə üz-üzə dayanıb və son anadək şəhərin müdafiəsində iştirak edib. O, yeganə icra hakimiyyəti başçısı olub ki, ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasında yaşayanda dahi şəxsiyyətə baş çəkib və ondan dəyərli tövsiyələr alıb. Daim həqiqəti söyləyən, Xocalı hadisələri ilə bağlı “Azərbaycan” qəzetinin ekspertinə çevrilən bu şəxs Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədovdur. Daim dövlətçilik mövqeyində olan Elman müəllim “Azərbaycan” qəzetinin yaxın dostudur.
Növbəti qonağı təqdim edən Bəxtiyar Sadıqov diqqətə çatdırdı ki, bu şəxs mətbuatın 140 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Əməkdar jurnalist” adına layiq görülüb. Qeyri-adi xarakter sahibi olan bu şəxs “Azərbaycan” qəzetində mütəmadi olaraq çıxış edir, gözəl yazıları dərc olunur. Ərsəyə gətirdiyi hər bir yazının nəticəsi isə uğurlu olmaqla, oxucular tərəfindən sevilərək qarşılanır. Bu, Milli Məclisin deputatı İmamverdi İsmayılovdur.
Çıxışını davam etdirən baş redaktor bildirdi ki, ən xoşbəxt insan odur ki, üzündə daim təbəssüm olsun. Belə insanlardan biri isə “Azərbaycan” qəzeti ilə fəal əməkdaşlıq edən Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahovadır. Zərifə xanım daim xoş davranışı ilə insanlar arasında sülh yaradır, nikbin təəssüratlar formalaşdırır. Z.Salahova uzun müddət ümummilli lider Heydər Əliyevlə birgə çalışıb. Belə insanların bu gün “Azərbaycan” qəzetində çıxış etmələri təqdirəlayiqdir. Zərifə xanım, eyni zamanda, miniatür kitab sahəsində “Ginnesin rekordlar kitabı”na adını yazdırıb. Hazırladığı mini-kitablar dünyada geniş yayılıb. Onun fəaliyyəti dövlətimiz, xalqımız üçün qiymətlidir.
“Azərbaycan” qəzeti ilə daim əməkdaşlıq edən insanlardan biri də əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovdur. Baş redaktor diqqətə çatdırdı ki, Ç.Fərəcov qeyri-adi həyat yolu keçmiş insanlardan, böyük zəhmətkeşlərdən biridir. Ulu öndər Heydər Əliyevin köməkçisi kimi çox şərəfli və çox məsuliyyətli bir missiyanı daşıyıb. Ömürboyu qələmi əlindən yerə qoymayıb. Daim məsul vəzifələrdə işləyib və kənd təsərrüfatında gedən prosesləri yüksək peşəkarlıqla təhlil edir. Bu təhlilləri daim “Azərbaycan” qəzetinin səhifələrini bəzəyir.
Bəxtiyar Sadıqov bildirdi ki, “Azərbaycan” qəzeti dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq isə dövlət qurumlarının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbərləri vasitəsi ilə aparılır. Mətbuatla daim əməkdaşlıq edən bu şəxslər qəzetimizin işçiləri ilə müntəzəm əlaqə saxlayır, istənilən məlumatın doğru-dürüst çatdırılmasında əllərindən gələni edirlər. Əməkdaşlarımız da onlara tapşırılan yazıları tez bir zamanda hazırlayıb qəzetin növbəti nömrəsi üçün təqdim edirlər.
Qəzetimizin sıx əməkdaşlıq etdiyi dövlət qurumlarından biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bu qurumun rəhbəri təyin olunduqdan sonra komitənin mətbuat xidməti ilə “Azərbaycan” qəzeti arasında daha isti münasibət yaranıb. Bu işdə bizimlə fəal əməkdaşlıq edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadovdur. Bu qurumun da “Azərbaycan” qəzeti ilə qurduğu sıx əməkdaşlığı yüksək dəyərləndiririk.
Çıxışını davam etdirən baş redaktor vurğuladı ki, ötən ay Azərbaycanda qeyri-adi hadisə baş verdi. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları məhz ölkəmizdə reallaşdı: “Azərbaycan Avropanı utanc vəziyyətdən çıxarmış oldu. Prezidenti İlham Əliyev bu ağır missiyanı üzərinə götürdü və ən yüksək formada həyata keçirdi. Dövlət başçısı Avropa Oyunları Təşkilat Komitəsinin rəhbərliyinə UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı təyin etdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, Avropa Oyunları başlamazdan Azərbaycan dünya rekorduna imza atdı. 7 illik iş 30 aya yaxın müddətdə həyata keçirildi. Azərbaycan yeni standartlar müəyyənləşdirdi. Avropa Azərbaycana heyranlıqla tamaşa etdi. Həm təşkilatçılığa, həm də idmançılarının uğurlarına görə Azərbaycan dünyaya səs saldı. 56 medalla 2-ci yeri tutan Azərbaycan bir daha idman ölkəsi olduğunu nümayiş etdirdi. “Azərbaycan” qəzeti Avropa Oyunlarında sanki idman qəzetinə çevrilmişdi. Bütün arenalardan bütün yarışlarla bağlı yazılar, xəbərlər dərc edilirdi. Bu işdə bizə Gənclər və İdman Nazirliyi yaxından kömək göstərirdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayan kimi bizi lazım olan faktlarla təmin edirdi. Biz bu imtahandan çox uğurla çıxdıq. Ona görə də bizə bu işdə yardımçı olan Səmayə xanımın səmərəli əməkdaşlığını unuda bilmərik. Biz bu əməkdaşlığın bundan sonra da daha yüksək formada davam edəcəyinə şübhə etmirik”.
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Azərbaycan” qəzeti ilə səmərəli əməkdaşlıq edən daha bir şəxsi təqdim etdi. “Azərbaycan” qəzeti ilə uzun illərdir yaxın dostluq münasibəti quran bu şəxs “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir. “Azərbaycan” qəzeti bu qurumdan istənilən məlumatı vaxtında ala bilir və bu dostluq münasibəti getdikcə daha da möhkəmlənir.
Sonra “Azərbaycan” qəzetinin diplomu ilə təltif olunan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, rəsmi dövlət qəzetində çalışan peşəkar jurnalistlər vasitəsilə ölkə ictimaiyyəti dəqiq, obyektiv informasiyalar və analitik yazılar oxumaq imkanı əldə edirlər. Azərbaycanımızın adını daşıyan bu qəzet daim dövlətçilik mövqeyindən çıxış etməklə ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasəti təbliğ edir. Prezident İlham Əliyev də ötən 12 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradıb. Ölkə başçısının bu günlərdə milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü də bu sahəyə olan diqqətin bariz nümunəsi hesab oluna bilər. Komitə sədri “Azərbaycan” qəzeti tərəfindən Milli Mətbuat Günündə ona təqdim olunan diplomu yüksək dəyərləndirdi və qəzetlə əməkdaşlığını bundan sonra da davam etdirəcəyini bildirdi. Qəzetin rəhbərliyinə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə etdi.
Qəzetlə fəal əməkdaşlıq edən Milli Məclisin deputatı Elman Məmmədov “Azərbaycan” qəzetində Mətbuat Günü ilə bağlı müəlliflərlə görüşün keçirilməsini təqdir etdi. Qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və onun rəhbərlik etdiyi kollektiv dövlətçiliymizin inkişafı, vətənpərvərlik mövzusunda, habelə Dağlıq Qarabağ problemi ilə bağlı əsl jurnalist yazıları ilə çıxış edirlər. Xüsusilə də Qarabağ mövzusuna həsr edilmiş silsilə yazılar bu baxımdan müsbət qiymətləndirilə bilər. Qəzetin səhifələrində bütün sahələrə aid zəngin məlumatların, analitik yazıların yer alması bu kollektivin həqiqətən peşəkarlardan ibarət olmasını deməyə əsas verir. Milli Məclisin deputatı qəzetin kollektivinə tutduğu bu şərəfli yolda uğurlar arzuladı.
Milli Məclisin deputatı, əməkdar jurnalist İmamverdi İsmayılov “Azərbaycan” qəzetinin doğma kollektiv olduğunu bildirdi: “Son bir il ərzində adıçəkilən qəzetdə 20-yə yaxın məqaləmin çap olunması qəzetlə fəal əməkdaşlığıma əyani sübut ola bilər. Hesab edirəm ki, ölkə başçısı tərəfindən əməkdar jurnalist fəxri adına layiq görülməyimdə qəzetin də rolu böyükdür. “Azərbaycan” qəzeti ölkə KİV-i arasında lokomotiv rolunu oynayır və Azərbaycan dövlətçiliyinə xidmət edən peşəkar yazıların dərc edilməsi baxımından digər mətbu orqanlarına da bir örnəkdir. Qəzet, eyni zamanda inkişafımıza mane olan neqativ halları, bir sıra mətbuat orqanlarında, televiziya kanallarında olan çatışmazlıqları da cəsarətlə göstərir. “Azərbaycan” həm də insanlarla ünsiyyət qurmağı bacaran qəzetdir”.
Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov “Azərbaycan” qəzetinin tarixinə qısa ekskursiya edərək “Əkinçi” qəzetinin ideyalarının bu qəzetdə yaşadığını dilə gətirdi: “Mən birmənalı şəkildə qeyd edə bilərəm ki, bu qəzet həmişə nümunə göstərilib. I Avropa Oyunları ilə bağlı da ən operativ məlumatları və təhlili yazıları məhz bu qəzetdən izlədik. O, “Azərbaycan” qəzetinin müəlliflərlə əməkdaşlıq əlaqələri yaratmaq, öz ətrafına müxtəlif sahələrdə çalışan müəllifləri toplamaq təcrübəsini də təqdirəlayiq hesab etdi.
“Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev redaksiya ilə yüksək səviyyədə əməkdaşlıqlarını bundan sonra da davam etdirəcəklərini bildirdilər. Diploma layiq görülənlər bunu onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdilər. “Azərbaycan”ın ölkənin baş qəzeti olduğunu vurğulayaraq onunla əməkdaşlıq etməkdən qürur və məmnunluq duyduqlarını bildirdilər. “Dövlətimizin, dövlətçiliyimizin maraqlarının keşiyində dayandığı üçün bu qəzet oxucuların ruhuna çox yaxındır” - dedilər.
Sonda qonaqlara hədiyyə - “Azərbaycan” qəzetinin nəşr etdiyi kitablar dəsti təqdim edildi.
Elnur
HACALIYEV,
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 23 iyul.- S. 5.