Milli Məclisdə Mətbuat
Günü münasibətilə
jurnalistlərlə görüş
keçirilib
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Milli Məclidə jurnalistlərlə görüş keçirilib. Görüşdə Azərbaycan milli mətbuatının yaranması, tarixi və müstəqillik dövründəki inkişaf yolu barədə müxtəlif fikirlər səsləndirilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov milli mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistləri təbrik edib. Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu xatırladıb. Qeyd edib ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi qiymətləndirilir. 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb.
Bildirilib ki, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır, bununla bağlı mühüm addımlar atılır. N.Cəfərov Milli Məclis ilə mətbuat arasındakı sıx münasibətlərdən də danışıb. Vurğulayıb ki, bu yaxınlarda Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd parlamentin fəaliyyətinin daha dərindən öyrənilməsi, media orqanları tərəfindən işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Yubiley münasibətilə jurnalistləri təbrik edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolundan danışıb.
Görüşdə çıxış edən mətbuat nümayəndələri əməklərinə verdiyi yüksək dəyərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar milli mətbuatımızın bundan sonrakı inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının silinməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi və mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
KİV nümayəndələri Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündən danışaraq həmin görüşdə qarşıya qoyulan vəzifələrdən də bəhs ediblər.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2015.- 23 iyul.- S. 6.