SOCAR-da jurnalistlərlə görüş olub
İyulun 22-də Dövlət Neft Şirkətində (SOCAR) Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə jurnalistlərlə görüş olub.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan jurnalistlərini peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Qeyd edib ki, zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçib. Mətbuatımız həmişə mütərəqqi ideyaların və həqiqətin carçısı olub, sağlam, işıqlı fikirlərin təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində, xalqın maariflənməsində, düzgün, obyektiv informasiya ilə müntəzəm təmin edilməsində əvəzsiz rol oynayıb.
SOCAR-ın prezidenti bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına daim xüsusi diqqət yetirib. Ulu öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, jurnalistlərin səmərəli, obyektiv fəaliyyətinin təmin olunması, sosial rifah halının yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən böyük bir qrup mətbuat işçisinin yüksək dövlət mükafatlarına layiq görülməsi, dövlət başçısının jurnalistlərin ən yaxın dostu olduğunu bir daha təsdiq edib.
R.Abdullayev vurğulayıb ki, tarixən jurnalistlərlə neftçiləri sıx tellər bağlayıb. Bu əlamətdar gündə tarixi ənənələrimizin davamı olaraq SOCAR-ın rəhbərliyi də neftçilər adından onların çətin əməyini işıqlandıran mətbuat işçilərini təbrik etməyi özünə borc bilib. Bununla əlaqədar beş jurnalist şirkətin fəxri fərmanı ilə təltif olunub, bir qrup isə pul mükafatlarına layiq görülüb. Bundan başqa SOCAR-ın mətbuat xidmətinin, habelə “İki sahil” qəzeti redaksiyasının bütün əməkdaşları da mükafatlandırılıblar.
Sonda KİV nümayəndələrinə fəxri fərmanlar, SOCAR-ın hədiyyələri və pul mükafatları təqdim olunub. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşı da olub.
Azərbaycan.- 2015.- 23 iyul.- S. 6.