Bolqarıstan qəzetində “Azərbaycan Nizamini fəxrlə anır” sərlövhəli məqalə
dərc edilib
Bolqarıstanın “Standart” qəzetində Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Olia Al Ahmedin “Azərbaycan Nizamini fəxrlə anır” sərlövhəli məqaləsi dərc edilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllif məqalədə Gəncəyə səfərinin təəssüratlarını bölüşüb. Azərbaycanın poeziya və neft ölkəsi olduğunu yazan jurnalist, forum çərçivəsində Gəncədə keçirilmiş Beynəlxalq üzüm və şərab festivalında iştirak etdiyini bildirib. Olia Al Ahmed yüzlərlə üzüm növündən hazırlanan şərabların Fransaya ixrac olunduğunu diqqətə çatdırıb.
Bununla yanaşı, Gəncəni incəsənət şəhəri adlandıran müəllif görkəmli şair Nizami Gəncəvinin həyat və yaradıcılığından söhbət açıb. Nizami Gəncəvinin “Xəmsə”sindəki beş poemanın Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmasından ətraflı bəhs edib. Müəllif Gəncə şəhərində anadan olmuş Məhsəti Gəncəvinin yaradıcılığından söhbət açaraq, öz əsərlərini əsasən rübai janrında yazdığından, şairənin müsəlman intibahının parlaq nümayəndəsi olduğundan, Yaxın Şərq poeziyasında bir çox ədəbi tənqidçilər tərəfindən onun Fransanın milli qəhrəmanı Janna Darkla müqayisə edilməsindən yazıb. Jurnalist məqaləsində Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edildiyini vurğulayıb.
Müəllif məqalədə Nizaminin və Məhsətinin əsərlərindən bir neçə bəndi bolqar dilinə tərcümə edərək ictimaiyyətin diqqətinə çatdırıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 23 iyul.- S. 8.