Mətbuatda milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır

 

Prezident İlham ƏLİYEV: “Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır”

 

Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı artırmaqla yanaşı, beynəlxalq konvensiyalar və digər normativ-hüquqi aktlarda təsbit edilmiş insan hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərir, ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin praktik surətdə gerçəkləşməsi XIX əsrə təsadüf edir. 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - “Əkinçi” qəzeti işıq üzü görmüşdür. Zərdabi və onun məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə də söz, mətbuat, sərbəst düşüncə azadlıqlarının inkişafı yönümündə müəyyən addımlar atıldı, “Mətbuat haqqında Nizamnamə” qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi mətbuat orqanının yaranması müstəqil dövlətin əsas atributlarından birinə çevrildi. Məhz buna görə də 1918-ci il iyulun 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”nin nəşri haqqında qərar qəbul etdi. İyulun 27-də qəbul olunmuş digər qərarla bu orqanın nəşr işləri Xalq Təhsil Nazirliyinə həvalə edildi. Həftədə iki dəfə buraxılması nəzərdə tutulan hökumət xəbərlərində əsasən höku-mətin ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.

Milli hökumət, eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı “Azərbaycan” qəzetinin ilk nömrəsinin çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Qəzet həmin dövrə qədər çap olunan bir çox nəşrlərdən fərqli olaraq tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edirdi.

1919-cu ilin əvvəllərindən 1920-ci ilin 27 aprelinədək - Xalq Cümhuriyyətinin süqutunadək qəzetə Üzeyir bəy Hacıbəyli rəhbərlik etmiş, qəzetin nüfuzunu və oxunaqlığını daha da artırmışdır. Ziyalıların ali istək və arzuları, azad, müstəqil, suveren bir dövlət qurmaq, xalqın milli şüurunu, milli mənliyini özünə qaytarmaq idi. Onlar bu ideyaları həyata keçirmək üçün fədakar mübarizə aparmış və bu mübarizədə “Azərbaycan” qəzeti onların ən ali tribunası olmuşdur. “Azərbaycan” qəzeti 1918-1920-ci illər ərzində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş əks etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikada müstəqil, demokratik mətbuatın ənənəsinə son qoyuldu, o cümlədən “Azərbaycan” qəzetinin nəşri dayandırıldı.

Ötən əsrin 70-80-ci illərində - ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə onun prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdən isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlanmışdır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. “Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər və hünər göstərilməsini tələb edən əməkdir” - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

Ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini son 12 ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Prezident İlham Əliyev 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalaması jurnalistlərin əməyinə yüksək qiymət verdiyini bir daha sübut edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları da sübut edir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli xarakter daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mət-buatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan haldır. 2010-cu ilin dekabrında tikinti üçün Bakıda torpaq sahəsi ayrıldı və iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Ölkə rəhbəri mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzaladı. Sərəncama əsasən, mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu ildə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq beş milyon, bu yaxınlarda isə əlavə olaraq daha beş milyon manat vəsait ayrıldı.

Hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarca mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkədə internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Prezident İlham Əliyevin 2 iyun 2015-ci il tarixli Azərbaycan milli mətbuatının 140 illik yubileyinin respublikada geniş qeyd olunması barədə sərəncamı və bu istiqamətdə ölkə üzrə silsilə tədbirlərin keçirilməsi dövlət başçısının mətbuata qayğısının daha bir əyani nümayişi oldu. Bayram ərəfəsində isə ölkə rəhbərinin sərəncamı ilə jurnalistlərin böyük bir qrupunun - 200-ə yaxın mətbuat işçisinin orden, medal və fəxri adlarla təltif olunması bu sahəyə göstərilən diqqəti göstərdi.

İyulun 21-də Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə bir sıra məqamlara toxundu. Dövlət başçısının həmin tədbirdə mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı fikirləri obyektiv reallığa söykənir. Bu zərurət təkcə Azərbaycanın müharibə şəraitində yaşaması, ərazilərinin 20 faizinin işğal altında olması ilə şərtlənmir. Nəzərə almalıyıq ki, hazırda bütün planeti təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə də təhdidlər doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazımi qədər diqqət yetirilməməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər.

Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib: “Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın. Digər tərəfdən, sübut etməyə çalışırlar ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyyatdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir şərait yaradılıbdır və bu, indi bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və antiazərbaycan kampaniyasının arxasında əsas tezis məhz bundan ibarətdir. Yenə də Qarabağ mövzusudur, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə biz Azərbaycanı dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim etməliyik. Bununla bərabər, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın. Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir? Yəni, bu barədə əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim üzərimizə düşür və özümüz bunu etməliyik. Xarici media resursları ilə bizim daha sıx əlaqələrimiz olmalıdır. Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər. Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra tamamilə aradan götürülür. Ona görə həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik”.

Göründüyü kimi, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, bu zaman milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə etdiyi obyektiv reallıqdır. Bir sözlə, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı, milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması tədricən Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir.

 

Elnur HACIALIYEV,

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 2.