Ağdamlılar işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an silaha sarılmağa hazırdırlar

 

Azərbaycanın dilbər guşələrindən olan Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov başqaları 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizinibir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə dağıdıb yandırıblar.

Çıxışlarda ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılan uğurlardan da söz açılıb. Əminlik ifadə olunub ki, Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir.

Vurğulanıb ki, respublikamızın ərazi bütövlüyünün müdafiəsində fədakarlıq göstərmiş ağdamlılar işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı hər an silaha sarılmağa hazırdırlar.

Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya ilə davam edib.

Həmin gün respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsinə ehsan verilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 24 iyul.- S. 4.