Avropa idmanı Avropa
siyasətini məğlub
etdi
Qitə Oyunları ilə
əlaqədar Azərbaycana
hücum çəkənlər
əliboş qaldılar
Azərbaycan və Avropanın idman ictimaiyyəti hələ də ilk qitə Oyunlarının təəssüratları ilə yaşayır. Bakıda keçirilmiş yarışlardan mükafatla qayıdan idmançılar sevinclərini dostları, doğmaları ilə bölüşürlər. Müxtəlif ölkələrin media orqanları Oyunların təşkilini və gedişini şərh edir, atletlərin və idman mütəxəssislərinin rəylərini öyrənir. Mütəxəssislərin ümumi fikri belədir ki, Bakının evsahibliyi etdiyi I Avropa Oyunları qitənin həyatında tarixi idman hadisəsi olaraq ən yüksək səviyyədə təşkil edildi, idmançıların ədalətli mübarizəsi üçün hər cür şərait yaradıldı, möhtəşəm idman tədbirinə evsahibliyi edən Azərbaycan hər cür təqdirə layiqdir. İdmançılar Oyunların ən müasir arenalarda keçirildiyini qeyd etməklə yanaşı, qitənin müxtəlif ölkələrindən gələn həmkarları ilə bir araya gəlməkdən dolayı xoş duyğularını ifadə edir, Azərbaycan xalqının səmimiliyinə və qonaqpərvərliyinə, Bakının və bütövlükdə ölkənin sürətli inkişafına heyran qaldıqlarını bildirirlər...
Bəli, Avropanın idmanla bu və ya digər dərəcədə əlaqəli olan dairələri “Bakı-2015”dən danışır, qitə olimpiadasının baş tutmasından razılıq hissi keçirir. Qitənin idman tarixində baş vermiş əlamətdar hadisə barədə susanlar isə yalnız “Köhnə dünya”nın siyasi elitasının nümayəndələridir. Susqunluğun səbəbi də məlumdur: Avropa siyasəti “Bakı-2015”in timsalında Avropa idmanı ilə mübarizəyə girişmiş, amma məğlubiyyətə uğramışdır! Siyasət idmanı yerində oturtmağa çalışmış, ancaq idman siyasətə yerini göstərmişdir!
Doğrudur, siyasətin idmana qarışması yeni fakt deyil. İrimiqyaslı idman tədbirləri ərəfəsində Qərb siyasi elitası bəyənmədiyi ayrı-ayrı təşkilatçı ölkələrə insan hüquqlarını bəhanə gətirərək təzyiq göstərməyə cəhd edir. Pekin Yay Olimpiya Oyunları (2008) və Soçi Qış Olimpiya Oyunlarının (2014) ev sahibləri də təzyiqə məruz qalmışdılar. İlk Avropa Oyunlarına evsahibliyi edən Azərbaycana münasibətdə təzyiq kampaniyasının miqyası isə görünməmiş dərəcədə geniş idi. Elə bil ki, Avropadakı siyasi dairələrin Azərbaycanda insan hüquqları sahəsində mövcud vəziyyətdən başqa işi-gücü yox idi.
Siyasi Avropanın ölkəmizə qarşı qarayaxma “əməliyyat”ı sanki əvvəlcədən planlaşdırılmış, ölçülüb-biçilmişdi. “Əməliyyat”a KİV start verdi. Böyük Britaniyanın “www.insidethegames.biz” internet saytı belə bir “şok” xəbər yaydı ki, guya “Bakı-2015” saxtadır, “əsl Avropa Oyunları” Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları “2-ci dərəcəli” tədbirdir, Oyunlarda çox da tanınmayan atletlər iştirak edəcəklər və s. Bəzi yerli “media” orqanları ələdüşməz “sensasiyanı” dərhal tirajlamağa başladı. Amma “sensasiya” baş tutmadı. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Oyunları gözdən salmaq cəhdinə sərt reaksiya verdi: “Avropa Olimpiya Komitəsinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”. Beləliklə, qarayaxma “əməliyyat”ının startı uğursuzluqla nəticələndi və bədxahların susmaqdan başqa çarəsi qalmadı.
Ardınca “İdman və İnsan Hüquqları Alyansı” adlı yeni qurum meydana çıxdı. Tərkibinə “Amnesty International”, “Human Rights Watch” hüquq-müdafiə təşkilatları, FIFPro - “Dünya Oyunçular Birliyi” (World Players' Union), “Avropa Futbol Tərəfdarları” (Football Supporters Europe), “Supporters Direct Europe”, “Terre des Hommes” və “Transparency International” təşkilatının Almaniya bölməsinin daxil olduğu alyansın qarşısına qoyduğu məqsəd nəyin bahasına olursa-olsun Avropa Oyunlarını təşkil edən ölkəni gözdən salmaq idi. Bu məqsədə nail olmaq üçün insan hüquqlarının müdafiəsindən, ətraf mühitin mühafizəsindən və antikorrupsiya qaydalarına əməl olunmasından pərdə kimi istifadə edilirdi. Lakin alyans ölü doğulduğundan hansısa fəaliyyəti ilə yadda qalmadı.
Hadisələrin arzuolunmayan məcrada cərəyan etdiyini görən antiazərbaycançı qüvvələrin özləri vəziyyətə birbaşa müdaxilə etməyi qərarlaşdırdı. Əvvəlcə Avropa Parlamenti (AP) qaryaxma kampaniyasının gedişini dəyişdirməyə cəhd göstərdi. Oyunların başlamasından iki gün əvvəl - iyunun 10-da AP-da “İdman və insan hüquqları” mövzusunda Azərbaycanla bağlı “dinləmələr” keçirildi. “Təşəbbüs”ün müəllifləri və onların tərəfdarları Bakını insan hüquqlarını pozmaqda ittiham edib AP adından sərt mövqe nümayiş etdirmək istədilər. Ancaq daş qayaya rast gəldi. Antiazərbaycançılardan fərqli olaraq, bir sıra sağlam düşüncəli parlamentarilər Azərbaycanın evsahibliyi etdiyi Avropa Oyunlarını müsbət qiymətləndirdilər, ölkəmizə qarşı əsassız təzyiqləri rədd etdilər. Antiazərbaycançılara izah edildi ki, Azərbaycan qitə olimpiadasını təşkil etməklə heç bir günah işlətmir, əksinə, Avropanın görməli olduğu işi görür və ona görə də tənqidə yox, təşəkkürə layiqdir. Bununla da AP-ın Azərbaycana təzyiq cəhdi fiaskoya uğradı.
Antiazərbaycançı dairələrin rəsmi Bakıya növbəti “zərbə”sini Almaniya Bundestaqı endirdi. İlk Avropa Oyunlarının açılış günü - iyunun 12-də alman parlamentində keçirilmiş dinləmələr zamanı ölkəmizdə insan hüquqları sahəsində yaranmış “acınacaqlı” vəziyyətdən gen-bol danışdılar, axırda da heç kimə lazım olmayan kağız parçası - qətnamə qəbul etdilər.
Azərbaycana qarşı qarayaxma kampaniyasına Avropa Şurasının Parlament Assambleyası da öz “töhfə”sini verdi. Bakıda Avropa Oyunlarının davam etdiyi günlərdə AŞ PA-da Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladıqları “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi üzrə müzakirələr keçirildi. Gözləmək olardı ki, müzakirələr zamanı Azərbaycanın yaşadığı insanlıq faciəsi - ölkə ərazisinin 20 faizinin Ermənistanın işğalı altında qalması, 1 milyondan artıq azərbaycanlının yurd-yuvasından didərgin salınması diqqət mərkəzində olacaq, avropalı deputatlar bu problemin tənzimlənməməsindən narahatlıq ifadə edəcəklər. Amma çıxışçıların əksəriyyəti, elə bil ki, Azərbaycana qarşı hərbi təcavüzün ağır nəticələrindən xəbərdar deyildi. Hətta səsçoxluğu ilə qəbul edilmiş sənədin mətnindən “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə” ifadəsi çıxarılaraq “Dağlıq Qarabağ münaqişəsi barədə” ifadəsi ilə əvəz olundu, halbuki bir sıra deputatlar Azərbaycan ərazilərinin işğal olunması faktının BMT-nin dörd qətnaməsində və AŞ PA-nın qətnamələrində əks olunduğunu yada salmışdılar. Antiazərbaycançılar isə bu çağırışları qulaqardına vurur, ölkəmizin insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini iddia edərək fəryad qoparırdılar...
Amma bütün bu təzyiq cəhdləri daldan atılaraq topuğa dəyən daşa bənzəyir. Rəsmi Bakı əvvəlcədən bilirdi ki, ilk Avropa Oyunlarını təşkil edərkən təzyiqə məruz qalacaq və ona görə də qarayaxma kampaniyasına məhəl qoymadan bütün səylərini qitə olimpiadasının reallaşmasına yönəltmişdi. Avropa siyasi dairələrinin Azərbaycana münasibətdə qərəzli mövqe tutduğu elə avropalıların özlərinə də aydındır. Bu mənada Almaniya Olimpiya Komitəsinin baş direktoru Mixael Vesperin fikirləri diqqətəlayiqdir. Cənab Vesper qeyd edir ki, Avropa Parlamentində keçirilmiş məlum dinləmələrdə iştirak etmişdir: “Bəzi deputatlar tələb edirdilər ki, atletlərimiz Bakıda yalnız siyasi motivlərlə həbs olunmuş adamlar azadlığa buraxıldıqdan sonra cıxış etsinlər. Bu, riyakar tələbdir. Axı Avropa Komissiyası enerji sazişinin reallaşdırılmasına dair Azərbaycan kimi “strateji tərəfdaş”la danışıqlar aparır. Nəyə görə siyasi məhbusların azadlığa buraxılmasının energetika ilə uzlaşdırılmaması barədə sualıma cavab almadım”.
Beləliklə, Avropanın idman ictimaiyyəti qitənin siyasi dairələrinin idmanı siyasi alətə çevirmək cəhdini rədd etdi. Avropalı atletlərin, idman mütəxəssislərinin heç biri Oyunları boykot etmək kimi sərsəm çağırışlara məhəl qoymadı. Avropa İttifaqının üzvü olan ölkələrin siyasi liderlərinin yalnız ilk Avropa Oyunlarının açılış mərasiminə qatılmamağa gücü çatdı. Bununla özləri özlərini möhtəşəm şounu canlı izləmək imkanından məhrum etdilər. Onların mərasimdə olub-olmaması Oyunların gedişinə heç bir müsbət, yaxud mənfi təsir göstərməyəcəkdi. Gəlsəydilər, iki-üç saat Bakı Olimpiya Stadionunun tribunalarında oturub, sonra da çıxıb gedəcəkdilər, vəssalam. Bakıya gələn atletlər isə idman və gənclik bayramının sevincini yaşadılar. Bu, Oyunlarda iştirak edən avropalı idmançıların qələbəsi, avropalı siyasətçilərin məğlubiyyəti idi.
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2015.- 24 iyul.- S. 6.