Viktor
RUBAN: Bakının xüsusi
ab-havası qələbəyə
ruhlandırırdı
Kamandan oxatma üzrə olimpiya çempionu, Bakıda I Avropa Oyunlarının qalibi ukraynalı Viktor Ruban AZƏRTAC-a məxsusi müsahibəsində vurğulayıb ki, Azərbaycanın paytaxtında olması ürəyini hələ də fərəh hissi ilə doldurur.
Xarkovun “Dinamo” klubunun idmançısı deyib: “Mən sanki əlavə müsbət enerji aldım. Oyunların fantastik açılış mərasimi məni lap heyrətləndirdi. Açılış paradında Ukrayna nümayəndə heyətinin bayraqdarı məhz məni seçdiklərinə görə qürur duyuram. Axı Ukraynada çempionlar çoxdur.
Əvvəllər Ukraynanın bayrağını dünya çempionatının açılışında aparmışdım. Amma bu Oyunlar tamamilə başqa səviyyəlidir, üstəlik, ilk dəfə keçirildiyi üçün tarixidir. Düzünə qalsa, təklif edəndə, inanmağım gəlmədi. Amma düşündüm ki, indi ailəm məni həqiqətən televizorda görəcək. Hərçənd belə bir inanc var ki, bayraqdar yüksək nəticə ilə sevindirmir. Amma bəxtim gətirdi və mən xoşagəlməz ənənəni pozdum. Komanda yoldaşlarım Markiyan İvaşko və Georgi İvanitski ilə birlikdə hədəfi düzgün nişan ala bildim, qızıl medal qazandım. Görünür, Bakı mühiti, onun şəfaverici havası qalib gəlməyimə kömək etdi.
İnanın ki, Bakıda Avropa Oyunlarına hazırlığın miqyası məni heyran qoydu. Azərbaycanın zəhmətsevər və istedadlı xalqı bu möhtəşəm idman, gənclik, sülh və qarşılıqlı anlaşma bayramını dünyaya bəxş etmək üçün Prezident İlham Əliyevin başçılığı ilə mümkün olan hər şeyi edib.
Etiraf edim ki, Bakıya vurulmuşam. Gözəl və müasir şəhərdir, müxtəlif mədəniyyətləri - Qərb və Şərq elementlərini özündə birləşdirir. İndi isə burada ultramüasir idman qurğuları cəmləşib. Şübhə etmirəm ki, perspektivdə çox idman növlərinin nümayəndələri ən mühüm yarışlarını Bakıda keçirmək üçün Xəzərin sahillərinə can atacaqlar. Odur ki, bizə göstərdiyi qonaqpərvərliyə görə Azərbaycana, Bakıya çox sağ ol demək istəyirəm. Qardaş xalqa ürəkdən firavanlıq və sülh arzu edirəm!”
Zeynal AĞAZADƏ,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2015.- 24 iyul.- S. 6.