Pavol KOPP: I Avropa Oyunları
unudulmazdır
İyun ayında Bakıda keçirilən I Avropa Oyunlarının gümüş medalçısı, slovakiyalı atıcı Pavol Kopp bu Oyunları “unudulmaz” adlandırıb.
Sevincini bölüşən atıcı deyib: “Sevincimin həddi-hüdudu yoxdur. Mən Bakıya olimpiada üçün təsnifat keçməyə gəlmişdim. Yarışa uğursuz başladım, amma sonra pillə-pillə yüksəldim. Artıq üçüncü olanda mənim üçün əsas məsələ medalçılar arasında qalmaq idi. Daha birinci və ikinci olmağımın elə bir əhəmiyyəti yox idi. Əsas məsələ Rio de-Janeyro Olimpiadasına vəsiqə qazanmaq idi”.
Onun sözlərinə görə, “tarixdə ilk dəfə keçirilən kontinental yarışlarda iştirak etmək və hətta medal qazanmaq böyük şərəfdir”. Oyunların təşkilatçılıq səviyyəsindən, idman obyektlərindən, Atletlər kəndində yaşayış şəraitindən çox razı qaldığını bildirən idmançı deyib: “Hər şey yüksək səviyyədə idi. Dadlı yeməklər, rahat mənzillər, qüsursuz transfer”. Azərbaycan idmançılarına öz ölkəsini yeni uğurlarla sevindirməkdə davam etməyi arzu edən P.Kopp Bakının gözəlliyindən doya-doya zövq almaq üçün yenidən bura qayıdacağını da vəd edib.
Pərvanə QARAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Azərbaycan.- 2015.- 24 iyul.- S. 6.